Dünya Azərbaycan hakimiyyətindən vətəndaşa hörmət tələb edir
Azərbaycan hakimiyyəti cılız, ikrah hissi doğuran əməllərdən əl çəkmir və “nadinc uşaq” kimi danlanmağa vərdiş edib. Bildiyiniz kimi sentyabrın 4-də ABŞ vətəndaşı Səid Nurinin ölkədən çıxışına qadağa qoyulmuşdu və bu, Səid Nurinin ikili vətəndaşlığı ilə əsaslandırılmışdı. Ancaq sonradan məlum oldu ki, Səid Nurinin ikili vətəndaşlığı yoxdur, o yalnız ABŞ vətəndaşıdır.
Daha sonra Baş Prokurorluq məlumat yaydı ki, Sədi Nurinin ölkədən çıxışına qadağa qoyulması istintaq edilən cinayət işi ilə bağlıdır. Guya Səid Nuri cinayət işi üzrə şahid qismində didirilməliymiş. Daha sonra Səid Nurinin şəxsi həyatını əks etdirən intim görüntülər yayımlandı. Sanki hakimiyyət Səid Nuridən qisas almaq üçün fürsət tapmışdı. Qeyd edək ki, Səid Nuri ABŞ-a köçənə qədər Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olub və hakimiyyətin siyasətini tənqid edib.
Baş verənlərə ABŞ səfirliyi kəskin etirazını bildirdi və Səid Nurinin ölkədən çıxışına qadağa qoyulmasının qanunsuz olduğunu ifadə etdi. Bundan sonra hökumət dərhal geriyə addım atdı və Səid Nuri ölkədən çıxarıldı.
Səid Nuri ölkədən necə çıxarılması barədə fikirlərini sosial şəbəkədə paylaşıb. Səid Nuri yazıb: “Saat 5-də zəng edib dedilər, bir də buralara gəlməmək şərtilə ölkədən çıxmalısan. Təyyarənin salonuna kimi müşayiət etdilər. Hazırda Tbilisidəyəm, Bu, son deyil, bu başlanğıcdır, bunun cavabı mütləq olacaq. Hələlik onu demək istəyirəm ki, miqyası çox böyük olan qurama bir cinayət işində aparıcı bir fiqur kimi dindirilməmdən sonra çoxlarının, hətta vəkillərin də ”böyük ehtimalla həbs olunacaqsan” deməsinə baxmayaraq, indi azadlıqda olmağımın və girovluqdan çıxmağımın əsas səbəkarı, şübhəsiz ki, Amerika dövləti oldu və çoxlarının dediyinin əksinə olaraq, məni sona qədər və ən yüksək səviyyədə müdafiə etdi…”
Bu da Azərbaycan hökumətinin növbəti özünüifşası və biabırçılığı. Sonda bu absurd ittihamlardan geri çəkilib, Səidin ölkədən çıxmasına icazə verəcəkdinizsə, bu həngamə nəyə lazım idi?
Bu qədər danlanmağa, tənqidlər eşitməyə nə ehtiyac var idi?
Onsuz da bütün dünya ölkədəki repressiyalara görə hakimiyyəti sərt şəkildə ittiham edir və Azərbaycan hakimiyyətinə sanksiyaların tətbiq edilməsi təşəbbüsləri də var.
Biabırçılıq, utancverici hərəkət Səid Nurinin hotel görüntüləri deyil. Ən böyük utanc odur ki, bütün dünya hakimiyyətdən vətəndaşına hörmət tələb edir.
Görəsən, hakimiyyət bu qədər öyüd-nəsihətlərdən, danlaqlardan utanmır?
Bir neçə gün öncə Azərbaycana səfər edən Avropa Birliyinin komissarı Ştefan Füle insan haqları və demokratiyanın vəziyyətini müzakirə etdi və hakimiyyəti bu istiqamətdə addımlar atmağa çağırdı.
Daha sonra Avstriya xarici işlər naziri Sebastyan Kurtsun Azərbaycana səfəri zamanı insan haqları sahəsindəki problemlər müzakirə edildi və bu sahədə vəziyyətin ürəkaçan olmadığı bildirildi. Hətta Avstriya mətbuatı da hökumətin dissidentlərə qarşı sərt davrandığını, siyasi məhbusların sayının artdığını yazdı.
Son repressiyalarla bağlı Avropa Birliyinin, müxtəlif beynəlxalq təşkilatların, ABŞ Dövlət Departamentinin, Fransa, Polşa, Britaniya kimi ölkələrin də kəskin bəyanatları oldu.
Yəni bütün dünya Azərbaycan hakimiyyətinə “vətəndaşına hörmət et”, “insan hüquqlarını tapdama”, “vətəndaşı şərləyib tutma” kimi çağırışlar edir.
Bir hakimiyyət üçün bundan böyük utanc ola bilərmi? Dini, dili, mədəniyyəti fərqli olan adamlar, Azərbaycan hakimiyyətinə başa salmağa çalışır ki, vətəndaşa bu qədər zülm etmək olmaz.
Sədi Nuri ilə bağlı baş verənlər bu qəbildəndir və ABŞ hökuməti də hakimiyyəti bu biabırçılığa son qoymağa çağırdı.
Artıq bütün dünya bilir ki, vətəndaşı şərləmək, şantaj etmək, qondarma ittihamlarla həbsə atmaq Azərbaycan hakimiyyəti üçün adi haldır. Ona görə də tənqid olunmaq, danlanmaq bu hakimiyyəti utandırmır.
Akif