İlham Hüseyn
Dünyanın əksər ölkələrində heyvanların hüquqları ilə məşğul olan cəmiyyətlər fəaliyyət göstərir. Mən də hesab edirəm ki, heyvanlara işgəncə verilməsi vəhşilikdir və bu əməli törədənlər cəzalandırılmalıdır. Ancaq insanların üzləşdiyi işgəncələrə susub, heyvanlara verilən işgəncələrlə bağlı təəssüfünü bildirən adamları qeyri-ciddi hesab edirəm.
Bir neçə gün öncə sosial şəbəkələrdə itin vəhşicəsinə öldürülməsini əks etdirən görüntülər paylaşıldı və bunu edənlər qınaq obyektinə çevrildi. Daha sonra bu məsələyə millət vəkilləri də münasibət bildirdi.
Milli Məclisin hüquq siyasəti komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, heyvanlara qarşı işgəncəyə görə cərimələr sərtləşdirilməlidir və bu hal kütləviləşərsə, başqa addımlar da atmaq olar. Digər millət vəkili Rəfael Cəbrayılov da hesab edir ki, itin belə amansızlıqla öldürülməsi qəbuledilməz haldır və bununla bağlı nəzərdə tutulmuş cərimələrin artırılması məsələsinə baxıla bilər.
Həqiqətən də analoqu olmayan ölkədə yaşayırıq. Bir neçə gün öncə hüquq müdafiəçisi Ilqar Nəsibov Naxçıvanda vəhşicəsinə döyüldü və yayılan şəkillər insanları şoka saldı. Hətta, beynəlxalq mətbuat da bu hadisədən yazdı. Nə hikmətdirsə, heyvanların öldürülməsinə təəssüflənən deputatlarımızdan səs çıxmadı. Bundan öncə jurnalistin öldürülməsi, Qarabağ qazisinin məmur özbaşınalığına görə özünü yandırması, polisin vətəndaşa əl qaldırması kimi hallar da baş verib. Amma bütün bu olanlara daşdan səs çıxsa da, millətimizə vəkillik etmək iddiasında olanlardan səs çıxmadı. Görəsən, itin öldürülməsinə təəssüf edən Çingiz müəllim, həmkarının döyülməsinə niyə təəssüfünü ifadə etmədi? Yaxud niyə Rəfael Cəbrayılov bu əməli törədənlərə qarşı sərt cəza tətbiq olunmasını tələb etmir?
Əslində çoxdandır ki, bu ölkədə insanların dəyəri ucuzlaşıb. Əgər bu insan ictimai-siyasi fəaldırsa, heyvandan da dəyərsizdir.
Belə ölkələrdə millət vəkillərinin “təəssüf”ü də, rejimin mahiyyətinə uyğun olur. Bura, heyvanların öldürülməsinə təəssüflənib, insanların öldürülməsinə haqq qazandırılan yerdir.
Bu ölkədə itləri öldürməsəydilər, deputatların “təəssüf” hissindən bixəbər olardıq.
Görəsən, ölən itin sahibi müxalifətçi olsaydı, yenə də təəssüflənərdilər, yoxsa iti yiyəsinə görə tanıyardılar?
Getmə gözümdən, gedərəm özümdən
Bəzən düşünürəm ki, hökumətimiz bizi çox sevir. Cibimizə narkotika atılması da, evimizdən silah çıxamsı da, şərlənərk həbs olunmağımız da, sevgidəndir. Son günlər bu sevgini daha çox hiss edirəm. Bəli, müxalifətçilərin ölkədən çıxışını yasaqlamaq da sevgidən doğur, bizi görməyəndə darıxırlar.
Bir neçə gün öncə Amerika vətəndaşı Səid Nurini ölkədən buraxmadılar. Yəqin uzun illərin həsrətindən sonra vüsalın dadını çıxartmaq istəyirlər. Daha sonra “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun ölkədən ayrılmasına ürəkləri dözmədi və onun posportunu dondurdular. Ötən gün isə, Milli Şuranın üzvü, kino-dramaturq Eldəniz Quliyevin qarşısını kəsdilər və hökumətimizi atıb getməsinə imkan vermədilər.
Bu gün 6-8 il həbslə cəzalandırılmış “NIDA”-çı gənclər də, hüquq müdafiəçiləri, jurnalistlər də bu sevginin qurbanıdır. Hakimiyyət bizi qarşılıqsız sevir və gözündən kənara buraxmaq istəmir.
Dünyanın heç bir yerində iqtidar, müxalifəti belə dəlicəsinə sevmir. Sevginin miqyası o qədər böyükdür ki, telefonlarımızın dinlənilməsi, evimizin izlənilməsi də adi hala çevrilib.
Bura qədər yazdıqlarım hamınızı məst etdi, eləmi? Fikirləşdiniz ki, kaş, bizi bu qədər sevən hökumətimiz olaydı.
Müxalifətə qarşı aşırı nifrəti, aşırı sevgi ilə müqayisə etmək istədim. Çünki, hökumətimiz belə dəyərləndirməni sevir.
Açığı, hökumətin nifrət etdiyi adamlara ölkədən çıxış qadağası qoyması, adama qəribə gəlir. Əslində, belə adamların ölkədən çıxmasına şərait yaratmalı idilər.
Bəs, sevgili hökumətimiz niyə yeni “ənənə” yaradır? Tənqidçilərini niyə kənara buraxmaq istəmir?
Əvvəla, qeyd etmək lazımdır ki, yalnız ölkədən çıxışa yox, həm də ölkəyə girişə qadağa qoyulub. Bəli, azadlığın, demokratiyanın, hüququn, ədalətin də ölkəyə girişi yasaqlanıb. Məhz buna görə də hökumətimiz çıxışına və girişinə qadağa qoyduqlarının “neytral” zonada görüşünə şərait yaratmaq istəmir. Yəni demokratları gözünün önündə, demokratiyanı isə gözündən kənarda saxlayır.
Bir sözlə, hakimiyyət fərqli fikrin daşıyıcılarını ölkə daxilində də, ölkə xaricində də təhlükə hesab edir. Yalnız bu şəxslər həbs olunduqdan sonra rahatlıq tapırlar. Ona görə də “getmə gözümdən, gedərəm özümdən” prinsipi aktualdır.