Poroşenko Ankara səfərini təxirə salıb təcili toplantı çağırdı; dünya ayağa qalxdı
“Reuters”in verdiyi məlumata görə, Rusiyanın Ukraynaya qeyri-rəsmi şəkildə qoşun yeritməsi Almaniya parlamentində müzakirə olunub. Deputatlar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıblar.
***
ATƏT-ə sədrlik edən İsveçrə təşkilatın Daimi Şurasının təcili iclasını çağırıb. İclas bu gün keçirilməlisdir və orada 57 üzv ölkənin iştirakı gözlənilir.
Bu arada NATO nümayəndələrindən biri bəyan edib ki, hazırda Ukrayna ərazisində döyüşlərdə Rusiyanın 1000-dən artıq hərbçisi iştirak edir.
***
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov bəyan edib ki, Putin Ukraynaya qoşun göndərməklə Rusiya konstitusiyasını pozub. Bu isə onun hakimiyyətdən uzaqlaşdırılmasına əsas verir.
***
Rusiyalı biznesmen, keçmiş siyasi məhbus Mixail Xodorkovski həmvətənlərini Kremlin Ukraynaya qarşı elan olunmamış müharibə aparmasına etiraz etmək üçün küçələrə çıxmağa çağırıb.
Xodorkovski öz saytında yerləşdirdiyi çağırışda yazır: “Biz Ukrayna ilə müharibə aparırıq. Əməlli-başlı. Ora əsgər və texnika göndəririk. Ukraynalılar yaxşı döyüşür, amma geri çəkilir. Qüvvələr, əlbəttə ki, bərabər deyil.
Belə şəraitdə bizim hakimiyyət aramsız olaraq yalan danışır. 80-lərdə Əfqanıstan, 90-larda Çeçenistan haqqında danışdıqları kimi, indi də Ukrayna haqqında yalan danışırlar.
Biz isə hər iki tərəfdən dünənki hərbçi yoldaşlarımızı, dostlarımızı və yaxınlarımızı dəfn edirik. Onlar bir-birlərini ona görə öldürmürlər ki, belə istəyirlər. Ona görə öldürürlər ki, qocalmış hakimiyyətə qan lazımdır”.
Xodorkovski hesab edir ki, Rusiya vətəndaşları müharibəni dayandıra bilərlər: “Sadəcə küçələrə çıxmaq və tətillə hədələmək kifayətdir. Hakimiyyət dərhal geri çəkiləcək, o qorxaqdır.
Amma yox, biz özümüzü inanmış kimi göstərəcəyik və dəfn mərasimlərində ağlayacağıq. Mən daha susmaq istəmirəm və susmayacam!”.
***
Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətində vəziyyətin gərginləşməsi səbəbindən Türkiyəyə səfərini təxirə salıb. Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
“Mən Türkiyəyə səfəri təxirə salmaq qərarına gəldim. Buna səbəb Donetsk vilayətində vəziyyətin gərginləşməsi, konkret olaraq Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasıdır”, – deyə Poroşenko qeyd edib.
Poroşenko onu da bildirib ki, Ukrayna Avropa Birliyinin növbədənkənar iclasının çağırılması üçün avropalı tərəfdaşlarına müraciət edir: “Dünya ictimaiyyəti Ukraynadakı durumun qəfil gərginləşməsinə qiymət verməlidir”.
Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda həmçinin bildirilir ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
***
Qondarma Donetsk xalq respublikasının meri Aleksandır Zaxarçenko Rusiyadan kömək aldıqlarını etiraf edib. O, jurnalistin sualına cavab olaraq deyib ki, Rusiyadan Donetskə, Luqanska buradakı qardaşlarına kömək olmaq üçün könüllü insanlar gəlir: “Onlar burada olan insanlara kömək etmək istəyirlər bizim və onların niyyəti özünü müdafiədir. O, insanların içərisində hər cür sənəd sahibi olanlar var. Burada müəllimlərə, həkimlərə, profesional hərbiçilərə rast gəlmək olar.Həmin şəxslər könüllü formada gələrək bizim orduya yazılır. Mən etiraf edərim ki, əgər rus könüllüləri olmasaydı, bizə çox çətin olardı”. Zaxarçenki bildirib ki, hazırda dörd minə yaxın rusiyalı könüllü müharibələrdə iştirak edir.
***
ABŞ Rusiya əsgərlərinin Ukraynada bilavasitə döyüşdüyünü bəyan edib.
“Rusiya öz əsgərlərini və onların ailələrini aldadaraq, Ukraynada birbaşa hərbi əməliyyatlar həyata keçirir”, – deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki avqustun 27-də keçirdiyi brifinqdə bildirib.
Departament rəsmisi deyib ki, bütün məlumatlar indi Donetsk və Luqanskda Rusiya hərbçilərinin əks-hücuma keçdiyini göstərir.
“Biz narahatıq ki, Rusiya hökuməti, hərbçiləri Ukraynanın içərisinə doğru 40 km. irəliləsə də, həqiqəti söyləmək istəmir”, – deyə Psaki qeyd edib.
Bu arada Almaniya kansleri Angela Merkel də rus hərbçilərinin Ukrayna ərazisinə keçməsinə görə Rusiya prezidenti Vladimir Putindən izahat istəyib.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, Merkelin mövqeyini onun rəsmi təmsilçisi Şteffan Zayberq açıqlayıb. Merkel şərqi Ukraynada ələ keçən Rusiya desantlarına görə Kremlin cavab verməsini vacib sayır.
Fransa prezidenti Fransua Olland da bəyəan edib ki, Rusiya hərbçilərinin şərqi Ukraynadakı döyüşlərdə iştirakı təsdiqlənsə, Moskvaya qarşı yeni sanksiyalar qaçılmazıdr.
***
Avqustun 28-nə keçən gecə Rusiyanın iki tank dəstəsi Donetsk vilayətində Novoazovsk şəhərinə hücum edib və şəhəri Ukrayna ordusundan geri alıb, ətrafdakı bir neçə yaşayış məntəqəsini tutub.