Türkel Azərtürk
Bir necə gün əvvəl “azerbaycansaatı.com” saytı üçün kicik bir yazı yazdım. Yazının mövzusu vətənə olan sevgidəndir. Bu gün istəyirəm o yazını daha da geniş şəkildə blogumda paylaşam. Açığı tərəddüd edirəm. Çünki vətənə olan sevgimi qələmə alsam, saf hisslərimi yazsam bir çoxları oxuyub “Əşşi, pafoslu yazıdır daa yazıb.” deyib keçəcəklər. Olsun. Yenə də yazıram.
Azərbaycan – Vətənim. Gör vəziyyət necədir ki, sənin övladın sənin haqqında sənə olan hisslərini yazmağa cətinlik cəkir, səmimiyyətimə inanmayacaqlar deyir. Bilirsənmi niyə? Çünki illərdir sənə “ana” deyib səni hər gün zorlayan nankorlar da sənin haqqında yüksək fikirlər deyiblər. Bəlkə də bu gün mənim yazacaqlarımdan daha yüksək fikirlər səsləndiriblər haqqında. Haqqında “vətən qeyrətdir!” deyib, səni vəzifəyə qurban veriblər. Yazıma ilk olaraq “Bu gün vətənimin 20% torpağı işğal altındadır. Amma biz Azərbaycan gəncləri səni azad edəcəyik,Azərbaycan!” cümləsi ilə başlamaq istədim. Amma utandım. Dedim bəlkə sən də səmimiyyətimə inanmazsan. İnanmasan haqqın var, nə deyim. Çünki hər 5 ildən bir yenidən deputat seçilmək üçün can atan nadanlar bu cümləni dillərində ucuzlaşdırıblar. Çünki səni qorumaqdan imtina edib 2000 manata hərbi bilet alanlar çayxanalarda, kafelərdə, kef məclislərində badə qaldırıb bu cümlədən tost kimi istifadə edib, bu ifadəni ucuzlaşdırıblar. “Hər qarışın mənə candan əzizdir, mənimdir, hec kimə vermərəm. Səni canımdan da çox sevirəm”mi deyim, Vətən? Yox, bu da yalandır. İncimə. Dənizindəki, meşəndəki, dağındakı ən səfalı yerlər bu gün sənə qənim kəsilənlərin şəxsi istirahət mərkəzləridir və o gözəllikləri görmək hələ ki, nəsibim olmayıb. Yalandan necə deyim ki, “Mən sənin Göygölünü sevirəm.” Axı oranı mənim prezidentim hasarlatdırıb ogluna villa tikdirir. Axı mən oranı görməmişəm. Yox, görmüşəm. Orada fəhlə işləyən bir dostum orada tikilən villanı, o villanın Göygölə açılan panomarasının şəkilini göstərib mənə. De, indi o gözəlliyi sevimmi? Şahdağınımı sevim? Orada 1 günlük gəzintinin qiyməti 100 manatdan bahadır. Mənim isə atam sadəcə 150 manat maaş alır. Anlayacağın, oranı da görmək, gəzmək, sevmək çox baha başa gəlir. Buna isə gücüm çatmır. Amma sənə görə sevməyə məhkum olduğum yerlər də var. Məsələn, Binəqədi təcridxanası, Kürdəxanı təcridxanası və.s. Çünki orada uğrunda mübarizə apardığım azadlığı daha yaxşı dərk edirəm. Çünki orada azadlıq günəşi daha da şövq ilə parlayır. Çünki bu ölkədə ən işıqlı adamlar məhz o təcridxanadadırlar. Və mən əminəm ki, bu gün qolunda qandal olanlar sabah səni bu talançılardan azad edəcəklər. Amma sən onların eşq dolu qəlblərində daima dustaq qalacaqsan!
Yazı müəllifin bloqundan götürülüb.