Səadət Cahangir
Gözü yaşlılarınÿhalınÿnə bilsinÿmərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.
(Füzuli)
Bəli, bu ölkədə ölmək üçün min bəhanə var. Elə evin içindəki dərdlərinizlə baş-başa qalsanız yetər. Kiminin on illərdir təmir görməyən tavanı başına uçur, kiminin ödəniş vaxtı çoxdan keçmiş qazı, işığı kəsilir, kiminin boş qab-qazanı dil açıb ağlayır az qala. Nağıl danışmıram, inanın, əhalinin xeyli hissəsinin durumu belədir. Hələ kirayələrdə zor-güc həyat mücadiləsi verənlərin, banka borclu olanların, biznesdə bəxti gətirməyənlərin dərdi bir başqadır. Azərbaycan kimi ölkələrdə həyat şərtləri kirayədə yaşamağın, banka borc ödəməyin, biznesdə müflisləşməyin nə demək olduğunu anladır sizə hər halda.
Təbii, “heç bir yükün, problemin ağırlığı həyatdan əl üzmək üçün əsas vermir” düşüncəsinin tərəfdarıyam. Amma bir anlıq o insanların yerində olub, onların ağrısını yaşayıb, eyni sözləri söyləmək belə asan olardımı, bilmirəm. Əgər insanın düşdüyü çuxurda əlini atdığı hər şey boşa çıxırsa, onun adından asanlıqla söz söyləmək kimsəyə düşməz, şübhəsiz.
Əslində, insan olan yerdə mütləq mənada hər zaman problem var və bu anlaşılandır. Lakin çıxılmazlıq məsələnin başqa tərəfindədir. Dərd ondadır ki, bu ölkədə insanlar düşdükləri kiçik bir çuxurdan belə qurtulmağa ümidli deyillər. Hər kəs büdrəyib yıxıldığı həmin yeri həyatın dibi kimi görür. Haradansa bir işıq düşəcəyinə, əl uzanacağına, xilas yolu tapılacağına inamı yoxdur kimsənin. Elə bütün intihar qərarlarının, ölümü çıxış yolu olaraq görməyin səbəbi də bundan irəli gəlir.
Gerçəkdən də, Azərbaycan ümidlərin öldüyü yerdir. Havanın, suyun, torpağın üstünə belə kədər qonub bu ölkədə. Insanların özündən çox dərdi danışır üz-üzə gələndə. Bəzən təsəlli edəcək bir söz belə tapmırsan deməyə, başını çarəsiz-çarəsiz bulayıb durursan eləcə. O qəpik-quruş maaşa, küncə sıxan yoxsulluq kabusuna, çarəsizliyə əyilən insana deyiləcək təsəlli sözümü qalır? Bir də, söylənəcək sözün arxasınca azacıq ümid işığı yandıracaq gücünüz yoxsa, bəlkə, susmanız daha yaxşıdır.
Bəli, nə yazıq ki, yaşadığımız bu ölkədə yaşamaqdan çox ölmək üçün bəhanə var. Milyonlara başa gələn körpülər, göydələnlər qatilinə çevrilir günbəgün borcu boğaza yığılan insanların. Bir ölkə üçün canından keçmiş vətən qazilərinin yaşayacaq bir mənzili belə yoxdur bu ölkədə. Bu torpaq üçün qanını axıtmış o insanlar paytaxtın mərkəzində, ali hökumət binalarının qarşısındaca od vurub yandırırlar özlərini. Ölüm ipinin çəkdiyi yerə alıb aparır çarəsizlik onları. Kimsə görməzliyə vurur özünü, kimsə qulağına pambıq tıxayır, kiminsə vecinə deyil onların şərəf statusu-filan…
Gerçək halımız budur. Dəsmal götürüb ağlayan gərək. Zatən, göz yaşımız alıb aparır özümüzü. Dünən o körpüyə çıxan adam atlanıb özünü öldürsəydi, nə dəyişəcəkdi guya? Hansı səbəbkarın canı yanacaqdı, kimə cəza kəsiləcəkdi ki? Əvvəlki təcrübələrdən, bilirsiniz axı, heç kimə. Bu gedişlə, hələ çox canlar yanacaq, çox ürəklər dağlanacaq, çox göz yaşı axacaq. Zülmün qarşısında dayanmaq, dərdin üstünə yerimək, haqsızlığın yolunu kəsmək tək-tək insanların işi deyil. Bu işin çarəsi yalnız və yalnız milyonların BIR olmasından keçir. Heç zülmdən qurtulmaq üçün BIR olmağı düşündünüzmü?