Tvitter savaşı və snayper güllələri arasındakı əlaqənin yorumu
Cəbhə xəttində bir gecədə 11 nəfərin (əvvəlcə 8 nəfər haqqında xəbər yayılmışdı amma) şəhid olması barədə məlumat, təbii ki, çox böyük itkidir. Buna uyğun da reaksiya doğurmaqdadır. Amma bütün reaksiyaları adekvat saymaq olmaz. Xüsusilə də, bu faktın Müdafiə Nazirliyinin hissələrinin səhlənkarlığının ört-basdır edilməsi ilə bağlı hissəsini.
Hər şeydən əvvəl səhlənkarlıq və arxayınçılıq göz önündədir. İlham Əliyevin vərdiş halını almış «hücum» ritorikasını nəzərə alsaq, ikiqat səhlənkarlıq. İlham Əliyevi ali baş komandan hesab edən ordu üçün ikiqat səhlənkarlıqdır. Hərbiyyun ritorikanı yerli ictimai rəydə özünüreklam arqumentinə çevirmiş ali baş komandanın ordusu təmas xəttini (sərhədlərimizi demirik, çünki bu barədə danışmağa dəyməz) dördgözlə qorumalı olduğu ilk vəzifədir. Belə çıxır ki, hətta orduda da İlham Əliyevin «lazım gəlsə» ritorikası qeyri-ciddi qarşılanır və bu ritorikaya uyğun döyüş hazırlığı yoxdur.
Yeni Müdafiə nazirinin isə peşəkarlıqdan daha çox populizmlə məşğul olduğu da ortalıqdadır. Daha çox şəkil çəkdirməklə və daha çox populist ifadələr işlətməklə ordu quruculuğunun əlaqəsi olmamalıdır.
Qayıdaq, faktla bağlı manipulyasiyalarla.
Birincisi, diqqəti çəkən məsələ budur ki, haradansa «rus snayperləri» amilini ortalığa tulladılar. Bəri ba.dan demək olar ki, rus snayperləri söhbəti əlacsızlıqdan ortalığa atılıb. Müdafiə nazirinin və ali baş komandanın asıb-kəsən bəyanatlarından belə çıxmalı idi ki, ermənilər bizə heş zad eləyə bilməzlər və onlar bizdən qorxurlar. Buna görə də, bizdən qorxmayan rus obrazını təmas xəttinə sürümək və onların əlinə snayper tüfəngləri vermək lazım gəlir. Rsular indi Qarabağla bağlı böyük intriqalarla məşğuldurlar, Azərbaycan hökumətinin başını birtəhər aldadıb, Dağlıq Qarabağın ermənilərlə, həm də snayper yolu ilə deyil, siyasi yolla verilməsu üzərində düşünürlər. Bu söhbət, həm də onunla qeyri-ciddidir ki, guya erməni snayperləri güllə ata bilmirlər. Ruslar Ukraynada haqq etdikləri qalaq-qalaq meyit daşımaqla məşğuldurlar və onları ermənilərin gecə hücumuna hansısa səbəblər üzündən soxduqlarını ərz etdim.
Başqa bir xəbər qaynağı belə bir tvitter versiyası atdı ki, guya gecə hücumunda 51 nəfər erməni əsgəri öldürülüb. Bu tvitxəbər də təkzib edildi və bəlli oldu ki, bu tvitter istifadəçisi uydurmadır, «made in Baku»dur.
Amma hətta təkzib olunmasa belə, bu iki xəbər arasında bir əlaqə tapmaq mümkün deyil. Yaxşı, ötən gecə ermənilər hücum edərək 11 nəfəri öldürüb 51 nəfər itki veriblərmi, yoxsa hansısa rus snayperləri (və ya slavyangörünüşlü erməni snayperləri) bizizm əsgərləri öldürüb? Bu iki versiyadan birini seçmək lazım gələrdi. Əgər bizim əsgərləri snayperlər vurublarsa, o zaman bermənilərin bu gecə hücumunu təşkil edərək 51 nəfəri güdaza verməklərinin nə anlamı vardı& Ermənilər axmaqdır, yoxsa bizim xəbər qaynaqları dezinformasiya yayırlar? Deyəsən, ikinci variantın əleyhinə arqument tapmaq çətindir.
Müdafiə nazirliyi ilk rəsmi reaksiyası ilə bildirdi ki, ötən gecə bir qrup erməni diversantı təmas xəttinə hücum edərək bizim mövqelərimizi ələ keçirmək istəyiblər. Müdafiə nazirliyinin bu rəsmi açıqlaması da rus snayperləri və 51 erməni ölüsü barədə versiyaları da istisna edir. Nazirliyin aşıqlamasının açması çox sadədir. Ermənilər hücum ediblər, bizim təmas xəttində müdafiənin düzgün təşkil edilməməsi nəticəsində 11 nəfər itirmişik. Müdafiə olunan tərəf olaraq bu qədər itkinin verilməsi o deməkdir ki, ermənilər dəqiq kəşfiyyat məlumatları ilə müəyən etdikləri koordinatlar üzrə hərəkət ediblər. Bu o deməkdir ki, bir neçə gün əvvəl həmin koordinatlarda nə baş verdiyini erməni kəşfiyyatçıları müəyyənləşdiriblər və sağ-salamat da geri dönüblər. Bu nəticə də onu sübut edir ki, Azərbaycan ordusu təmas xəttinə ciddi əhəmiyyət vermir. Polkovnik İsa Sadıqov bu barədə arqumentlərini aşkarlayıb. Bu, peşəkar yanaşmadır və bu mülahizəyə heş nə əlavə etmək mümkün deyil.
Sadəcə bir məsələni əlavə etmək lazımdır ki, indi bizim rəsmi hərb ekspertlərimiz və ordudakı strateqlərimiz özlərini daha ağıllı aparmalıdırlar. Onu qiymətləndirmək lazımdır ki, indi Qarabağ münaqişəsi ətrafında olduqca kövrək və təhlükəli siyasi şərait yaranıb. Ən böyük təhlükə mənbəyi isə Rusiyadır. İndi bütün dünyada sıxışdırılan və siyasi mövqelərinin ardınca hərbi strateji mövqelərindən qovulmaq ərəfəsini yaşayan Rusiya qafqazda böyük bir intiriqa yarada bilər. Daha doğrusu, bərpa edə bilər. Qarabağ müharibəsinin Azərbaycanın təşəbbüsü olmadan başlanması bizim əleyhimizədir. Gerçək hərbi durum bunu təsdiq edir. Bizim təşəbbüsümü (eyni zamanda sübut olunur ki, uyğun hazırlığımız) olmadan başlaya biləcək hərbi əməliyyatlar qarşısında nə Müdafiə nazirinin səngər şəkilləri, nə də İlham Əliyevin vaxtsız gələn lazımı bir şey edə bilər.
Boş və yalan bəyanatlar verməkdənsə ordunu hazırlaşdırmaq, əsgərə təlim vermək lazımdır. Zəruri təlim görməyən əsgərlərin təmas xəttinə doldurulması axmaq taktikadır və bundan imtina etmək lazımdır.
Azad Akifoğlu