AXCP sədri Əli Kərimli Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, oruc tutan bütün insanlarımızın ibadət və dualarının qəbul olunmasını Allahdan arzu edirəm!
Xalqımız daha bir Ramazan bayramının ehtişamını yaşayır. Bu bayramın hər şeydən əvvəl millətimizə, İslam aləminə və bütün insanlığa xeyirlər nəsib etməsini diləyirəm!
Ramazan ayı hər şeydən əvvəl insanlığa səbr etməyi aşılayır. Səbr doğru bildiyimiz yolda qələbənin mütləq qazanılacağı ardıcıl mübarizə strategiyasıdır. Oruc tutan bacı və qardaşlarımız yayın bu qızmar və uzun günlərində özlərinə bu keyfiyyəti aşılamaq əzmi ilə yaşadılar. Orucluq insanlarda mətinliyin artmasına, mübarizliyin formalaşmasına yardımçı olur. Orucluğun ehtişamını yaşayan insanlar bu ibadətin mükafatını yalnız Allahdan gözləyirlər. Bu gözəl ibadət insanlarda Allahdan başqasına qul olmamaq xüsusiyyətini aşılayır.
Ramazan ayının özəlliklərindən biri də küskünlüklərin aradan qalxması, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsidir. Xalqımızın bu duyğuları özünə aşılayıb zülmə qarşı birgə mübarizə aparmaq vərdişlərini qazanmaq baxımından Ramazan ayının müstəsna əhəmiyyəti var. Bu gün xalqımızın ən çox ehtiyac duyduğu zülmdən xilas olub, azad yaşamaq haqqıdır. Bu azadlığı bütövlükdə Azərbaycan xalqına arzu edirəm!
Bir daha Ramazan Bayramı münasibətilə sizləri təbrik edir, ibadət və dualarınızın Allah qatında qəbul olunmasını diləyirəm!
Varlığı əbədi olan, mərhəmət sahibi, ədalətli Uca Rəbbimiz Ona dua edənlərin əllərini naümid geri çevirməz. Dualarınızın Rəbbimizin uca mərtəbəsinə yetişməsinə vəsilə olan Ramazan bayramınız mübarək olsun!
Allah mübarək Ramazan günlərində edilən dualar sırasında torpaqlarımızın və millətimizin azadlığı, dövlətimizin həqiqi demokratiyaya qovuşması üçün edilən duaları da qəbul etsin!
Amin!”.