Fuad Qəhrəmanlı: «Hakimiyyətin artıq demokratik düşərgəyə qarşı repressiv siyasət yürütməklə bağlı bəhanəsi əlindən alınır»
ABŞ-ın Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) – dini sui-istifadələrin monitorinqi üçün yaradılmış müstəqil federal orqanın məruzəsi maraq doğurur. Təşkilat Azərbaycanda 51 dini məhbus olduğunu üzə çıxarıb. Azərbaycan dini azadlıqlar məsələsində Əfqanıstan, Kuba, Qazaxıstan və s. kimi ölkələrlə birlikdə “2-ci səviyyə”də yer alıb. Sənəddə diqqət çəkən daha bir məqam isə odan ibarətdir ki, USCIRF-in baş analitiki Ketron Kozman bildirib ki, hakimiyyət xarici dini təbliğatçılarının radikal qruplar yaratmağa çalışdığını, onların qarşısının alınmalı olduğunu iddia edir.
Lakin müstəqil analitiklər hesab edirlər ki, hakimiyyət Qərbə yalançı təhlükə nümayiş etdirərək, hər şeyi böyüdür.
Əslində sənədin bu ruhda hazırlanması hakimiyyətin uzun müddət apardığı təbliğatın üzərindən xətt çəkmiş olur. Çünki hakimiyyət bir qayda olaraq Qərbdən gələn demokratiya tələblərindən yayınmaq üçün Azərbaycana dini təhlükənin olduğu görüntüsünü yaratmağa çalışırdı. Sənəddə bu məqama xüsusi diqqətin göstərilməsi isə ondan xəbər verir ki, ABŞ hakimiyyətin bu şantajından xəbərdardır və gələcəkdə hakimiyyətin bu istiqamətdəki blefləri işə yaramaya bilər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycanda bütün sahələrdə olduğu dini azadlıqlar sahəsində də insanların hüquqları pozulur. F.Qəhrəmanlının sözlərinə görə, ən maraqlı nüans ondan ibarətdir ki, hesabatı hakimiyyətin Islam təhlükəsi ilə qorxutmağa çalışdığı ABŞ hazırlayıb: “Hakimiyyət ABŞ-ı Islam təhlükəsi ilə qorxudaraq ölkədəki avtoritarizmə haqq qazandırmağa çalışırdı. ABŞ Azərbaycanda Islam təhlükəsinin olmadığını bəyan edirsə, dindarlara qarşı aparılan repressiyaların narahatlıq doğurduğunu dilə gətirirsə, bu həm də o deməkdir ki, hakimiyyətin artıq demokratik düşərgəyə qarşı repressiv siyasət yürütməklə bağlı bəhanəsi əlindən alınır. Bu o deməkdir ki, hakimiyyətin bundan sonrakı cəhdləri qəbul edilməyəcək. Bu, əslində Azərbaycan hakimiyyətinə yönələn bir ideoloji mesajdır. Bu hesabat hakimiyyəti demokratiyaya qarşı uydurma bəhanələrdən məhrum edir”.
F.Qəhrəmanlı hesab edir ki, hesabat hakimiyyətin demokratiyaya qarşı dini əsas gətirəcək bütün bəhanələrini əlindən alır.
Xəyal