Türkiyə Böyük Millət Məclisində keçirilən mətbuat konfransında millət vəkili İdris Bal AKP iqtidarını Azərbaycan hakimiyyətini ermənilərlə şantaj etməkdə günahlandırıb. Millət vəkili iddia edir ki, Ərdoğan hökuməti Azərbaycandakı F.Gülən məktəblərini qapatmaq üçün rəsmi Bakını təhdid edib. Bal iddia edir ki, AKP rəsmi Bakıya “məktəblər qapanmasa, ermənilərlə sərhədlər, Alican sınır qapısı açılacaq və onlarla münasibətlər normallaşdırılacaq” xəbərdarlığı edib.
Türkiyəli deputatın bu iddiası nə dərəcədə əsaslıdır?
Elxan Şahinoğlu: «Məktəblər Azərbaycan hakimiyyətinin özündə suallar yaradıb»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə hökumətinin Azərbaycan hakimiyətini şantaj etməsini inandırıcı hesab etmir. Çünki Azərbaycan hakimiyyəti şantajı qəbul etmədiyini dəfələrlə göstərib. Hətta Avropa qurumlarından səsləndirilən təkliflər iqtidar tərəfindən nəzərə alınmır.
Ekspertin sözlərinə görə, görünür bu məktəblər Azərbaycan hakimiyyətinin özündə suallar yaradıb və bundan sonra Ərdoğanın istəyi nəzərə alınıb: «Bəli, Azərbaycan hakimiyyəti istəmir ki, indiki halda Türkiyə-Ermənistan münasibətləri normallaşsın, diplomatik münasibətlər qurulsun, sərhəd açılsın. Arqument bundan ibarətdir ki, münaqişə həll olunmayana qədər bu işlər həyata keçirilməməlir».
Ekspertin fikrincə, əgər Türkiyə hökumətinin belə bir istəyi olubsa, bu istək qarşılıqlı ola bilər. Amma bunu şantaj adlandırmaq olmaz: «Məncə, Azərbaycan hakimiyyəti özü qərar verib ki, əgər Ərdoğanın belə bir istəyi varsa, o istək həyata keçirilməlidir. Amma inanmıram Ərdoğan Bakıya gəlib desin ki, əgər siz bunu etməsəniz, mən Ermənistanla sərhəddi açacam. Bu, strateji müttəfiqlər üçün uyğun olmayan bir siyasət olardı».
İlham İsmayıl: «Məktəbləri bağlamaq üçün xahiş yetərli ola bilərdi»
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da Türkiyə rəhbərliyinin Azərbaycan dövlət başçısını bu formada təhdid etməsini inandırıcı saymır. Çünki məktəbləri bağlamaq üçün xahiş də yetərli ola bilərdi. Müxalifətdən olan millət vəkilinin belə açıqlaması ilə hökuməti tənqid etmək niyyətindən irəli gəlir: «Qardaş münasibətdə olan heç bir ölkənin dövlət başçısı digər dövlət başçısına deməz ki, sən bunu eləməsən mən belə eləyəcəm. Əksinə, deyə bilər ki, burda ortaq xeyirlərimiz, məqsədlərimiz var. Hansısa formada inandıra bilər. Əgər Azərbaycan xahişi yerinə yetirməsə, tədricən Ermənistanla münasibətlərin isti olmasının işartılarını verə bilər. Amma diplomatiyada iki dövlət başçısının arasında belə şantaj xarakterli söhbətin olması mümkün deyil».
Fizzə