Hakimiyyət təmsilçisi Karl Bildin açıqlamasına diplomatik etikadan kənar cavab verdi
İsveçin xarici işlər naziri Karl Bild Vaşinqtonda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan dövlətlər haqda çıxış edərkən Azərbaycan hökumətinə qarşı ciddi bəyanatlar səsləndirib. O, Azərbaycanda avtoritar rejimin hökm sürməsi səbəbindən bu ölkənin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirakının səmimiliyinə ciddi şübhələri olduğunu bildirib.
“Azərbaycan xüsusi hadisədir. Bu ölkədə hökumət neft və avtoritar idarəetmə üzərində bərqərar olub və bizə problemlər yaradır”, – deyə cənab Bild ötən həftə Vaşinqtonda çıxış edərkən deyib.
Atlantik Şuranın iclasında çıxış edən isveçli nazir qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramı 2008-ci ildə qəbul olunduğu vaxtla müqayisədə indi daha çox problemlə üzləşir. “Eyni zamanda, üç ölkə – Gürcüstan, Moldova və Ukrayna bu istiqamətdə fəal şəkildə irəliləyir. Ermənistan Gömrük Ittifaqına qoşulmaq qərarı verdi. Əslində, Yerevanın xüsusi bir seçimi də olmayıb. Moskvaya çağırıb, seçim qarşısında qoyublar. Onları məcbur ediblər”, – deyə Karl Bild qeyd edib.
Maraqlıdır ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonu postunda əvəz edən Lüksemburqun keçmiş meri, ardıcıl avrointeqrasiyaçı Jan-Klod Yunkerin son bəyanatları maraq doğurur. Avropa Birliyi ətrafında avrointeqrasiya prosesinin sürətlənməsi və dərinləşməsinin tərəfdarı olan Yunker bu istiqamətdə keçmiş sovet respublikalarına xüsusi diqqət ayırır.
Novruz Məmmədov: «Tutuquşu kimi bir neçə ifadəni və sözü əzbərləyib, onlardan təzyiq vasitəsi kimi istifadə edirlər»
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsveçin xarici işlər naziri Karl Bildtin Vaşinqtonda, Atlantik Şurada Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. “Newtimes.az” saytı xəbər verir ki, Novruz Məmmədov belə bir açıqlamanın verilməsinə təəssüflənib: “Çox təəssüflər olsun ki, müasir beynəlxalq aləmdə belə siyasətçilər az deyil. Onlar elə düşünürlər ki, nə desələr hamı qəbul etməli və itaət etməlidir. Amma hələ də başa düşmürlər ki, belə məsuliyyətsiz və səviyyəsiz fikirlərlə dünyanı indiki vəziyyətə onlar salıblar. Bu gün dünyanın müxtəlif ölkələrində baş verən mənfi proseslər, münaqişələr, qeyri-sabitlik və gərginliklər belə siyasətçilərin fikirlərinin və fəaliyyətinin nəticəsidir. Çünki onlar dünyada gedən proseslərin mahiyyətini anlamaqdan uzaqdırlar. Onlar sadəcə olaraq tutuquşu kimi bir neçə ifadəni və sözü əzbərləyib, onlardan təzyiq vasitəsi kimi istifadə edərək təkrar etməklə vəzifələrini bitmiş hesab edirlər. Karl Bildt də belələrindəndir. O da Füle (Avropa Birliyinin genişlənmə, qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle – red.) kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməsini əsaslandırılmış addım hesab edir. Amma özünə sual vermir, bəs niyə bu ölkəni Şərq tərəfdaşlığı ölkələri arasında 3-cü sıraya yerləşdirmişdi?».
Fikirlərinə İsveçin xarici işlər nazirinin ünvanına sərt bəyanatlar səsləndirməklə davam edən N.Məmmədov vurğulayıb ki, Azərbaycanla bağlı səslənən fikirlər təsadüfi deyil: «Azərbaycanla bağlı isə Karl Bildtin belə ifadə işlətməsinin bir yox, bir neçə səbəbi ola bilər. Birincisi qeyd edək ki, o bu sözləri Vaşinqtonda işlədib. Yəqin ki, bu da təsadüfi deyil. Çünki onun hələ 1973-cü ildən Vaşinqtonda müəyyən qurumlarla sıx əlaqəsi, hətta informatorluq etməsi haqqında məlumatları “Wikileaks”in materiallarına girmək imkanı olan “Ekspressen” qəzeti bir neçə il əvvəl yaymışdı. Qəzet yazırdı: “Bildtin İsveç qanunlarına zidd olaraq Amerika administrasiyası ilə əməkdaşlıq etməsini ifşa edən gizli sənəd var”.
İkincisi, Karl Bildt bir neçə il əvvəl Bakıda olanda da görüşü zamanı özünü mentor kimi aparmağa cəhd göstərsə də tez cavabını alıb, yerinə oturduldu. Ona izah edildi ki, onun Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq sözlə desək primitivdir, həqiqətdən uzaqdır.
Üçüncüsü, Karl Bildt özündən çox razı olduğu üçün iddialıdır. Canfəşanlıq edirdi ki, Avropa Komissiyasında yüksək post tutsun. Deyəsən, bu da alınmır. İddialı siyasətçilərə isə belə şeylər güclü təsir göstərir. Yəqin stress keçirir».
Qeyd edək ki, İsveçin xarici işlər nazirinin çıxışına Azərbaycan XİN-dən də reaksiya gəlib. XİN-in mövqeyi N.Məmmədovun səsləndiryi fikirlərlə demək olar ki, eynidir.
Rahim Hacıyev: «Hakimiyyət Novruz Məmmədovun diliylə demək istəyir ki, demokratiyanın önünü aça biləcək tələblərə qarşı müqavimətini davam etdirəcək»
Siyasi şərhçi Rahim Hacıyev bildirdi ki, İsveçin xarici işlər naziri Avropanın xarici siyasət konsepsiyasının işlənib hazırlanmasında və həyata keçməsində çox böyük rolu olan şəxslərdəndir. Onun sözlərinə görə, Ukrayna hadisələri baş verən dövrdə onun AB-nın mövqeyini əks etdirən bəyanatlarının şahidi olmuşuq. Xarici işlər nazirinin Azərbaycanla bağlı çıxışına gəldikdə isə R.Hacıyev hesab edir ki, Bild AB-nın Azərbaycandakı proseslərlə bağlı narahatçılığını ifadə edir: «Bu narahatçılıq nədən ibarətdir? Azərbaycan vaxtı ilə «Şərq Tərəfdaşlığı» proqramına qoşulub. Amma bu istiqamətdə heç bir ciddi addım atmayıb. Eyni zamanda Azərbaycan hakimiyyəti 2011-ci ilin sentyabrın 30-da Varşava sammitində Lissabon müqaviləsinin 49-cu maddəsinin tətbiqinə hüquqi əsas yaradan sənəd imzalayıb. Bu sənəıdə əsasən artıq biz Şərqi avropa hesab olunuruq. Azərbaycan hakimiyyətinin Avrointeqrasiyadan faktiki imtina etməsi və digər beynəlxalq öhdəliklərindən irəli gələn o cümlədən insan hüquq və azadlıqları ilə bağlı üzərinə düşən işləri görməməsi Qərbdə çox ciddi narahatlıq yaradıb».
R.Hacıyevin sözlərinə görə, Bildin açıqlaması ilə bağlı N.Məmmədovun mövqeyi hakimiyyətin bu tipli çağrışlara bundan sonra da səprt münasibət göstərmək niyyətində olduğunu göstərir: «Bildin açıqlaması və Novruz Məmmədovun sərt reaksiyası göstərir ki, Qərb Azərbaycan hakimiyyətinin özbaşnalıqlarına bundan sonra dözmək fikrində deyil. Hakimiyyət Novruz Məmmədovun diliylə demək istəyir ki, bundan sonra Azərbaycanda demokratiyanın önünü aça biləcək tələblərə qarşı müqavimətini davam etdirəcək».
Xəyal