Müzəffər Baxışov: «Qanunvericiliyə görə həm gömrük xidmətinin, həm də DSX-nın əməkdaşları ölkə ərazisindən aparılan narkotiki aşkarlamaq üçün tədbirlər görməlidir və bunun üçün bütün texniki imkanlar var»
Xəbər verdiyimiz kimi iyulun 11-də Azərbaycandan Gürcüstana daxil olmuş yük maşınında 2.79 ton maye şəklində heroin aşkarlanıb. Bu haqda Gürcüstanın Daxili Işlər Nazirliyi məlumat yayıb. Daxili Işlər Nazirliyi bildirir ki, bu, Gürcüstan tarixində aşkar olunmuş ən böyük miqdarda narkotikdir. Bununla bağlı iki Gürcüstan vətəndaşı həbs edilib.
Gürcüstanın Daxili Işlər Nazirliyinin məlumatında deyilir ki, narkotik vasitə yük maşınında içi xüsusi maye ilə dolu 93 ədəd 30 litrlik plastik qablarda daşınırmış. Bu mayenin tərkibinin 80 faizi heroin olub.
Aşkar olunmuş narkotik maddə 100 milyonlarla ABŞ dolları dəyərində qiymətləndirilir. Təyinat ölkəsi olaraq Türkiyəyə, oradan beynəlxalq bazara çıxarılmalıymış.
Artıq bu hadisə barədə Çindən tutmuş Namibiyaya qədər bütün dünya mətbuatı xəbər yayıb. Azərbaycanın aidiyyatı orqanları isə, hələ də susur.
Verilən suallara DIN, MTN, Sərhəd Xidməti və Gömrük Xidməti cavab vermir. Bu qurumlar cavabdehliyi bir-birinin üstünə atırlar, ya da məlumatı təkzib edirlər. Maraqlı məqam ondan ibarətdir ki, hansısa vətəndaşın evindən 5-10 qram narkotik çıxanda ölkəyə səs salan hüquq mühafizə orqanları, bu məsələdə susmağı vəzifə borcu bilirlər.
Bəs, qanunvericiliyə görə bu kimi hallara kim cavabdehlik daşımalıdır və Cinayyət Məcəlləsi hansı məsuliyyəti nəzərdə tutur?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, baş verənlərlə bağlı prokurorluq araşdırma aparmalı və təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır: “Həm ölkə qanunvericiliyinə, həm də Azərbaycanın imzaladığı beynəlxalq Konvensiyanın tələblərinə görə gömrük və sərhəd xidmətinin əməkdaşları, ölkə ərazisindən aparılan narkotiki aşkarlamaq üçün müəyyən tədbirlər görməlidir. Bunun üçün bütün texniki imkanlar da var. Əgər bu narkotik vasitə aşkar edilməyibsə, ya həmin vaxt növbədə olan şəxslər narkotik daşıyıcıları ilə əlaqədə olublar, ya da hansısa yüksək vəzifəli şəxsin tapşırığı əsasında nəqliyyat vasitəsinə baxış keçirilməyib. Bununla bağlı hüquq mühafizə orqanları araşdırma aparmalıdır və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Ekspert onu da əlavə etdi ki, belə bir cinayət hadisəsinə yol vermiş şəxslər uyğun olaraq CM-nin 234.4.1, 234.4.3 və 314.1 maddələrinə görə məsuliyyət daşıyır: “Bu hadisə hər hansı vəzifəli şəxsin iradəsilə həyata keçirilibsə, həmin şəxs də məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan reallığında isə hər hansı vəzifəli şəxsin bu məsələyə görə məsuliyyətə cəlb olunması inandırıcı deyil. Əksinə, belə bir fakt ortaya çıxsa, məsələ ört basdır ediləcək. Baş verənlərlə bağlı həm prokurorluq, həm DIN, həm də DSX və Gömrük komitəsi araşdırma apara bilər. Yəni, bu faktı hansı orqan aşkar edibsə, istintaq apara bilər. Istənilən halda Baş prokurorluq araşdırma aparmalıdır”.
Akif