Rahim Hacıyev: «Azərbaycan hakimyyətinin heç bir lobbiçilik fəaliyyəti bu prosesdə dönüş yarada bilməyəcək»
Iyulun 13-də ölkə başçısı Ilham Əliyevin Italiya Respublikasına rəsmi səfəri başlayıb. Ilham Əliyev iyulun 14-ü Romada italiyalı həmkarı Corco Napolitano ilə geniş tərkibdə bir araya gəlib. Italiya prezidentinin sarayında keçirilən görüşdə Azərbaycanla Italiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib.
Iki ölkə arasında əlaqələrin Avropa Birliyi-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb, Azərbaycanın Avropa Şurasında, Italiyanın Avropa Birliyində sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd olunub. Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişaf etdiyi, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.
Rəsmi məlumatda bildirilir ki, 2014-cü ilin ilk üç ayının nəticələri də əlavə olunmaqla artıq 7 ildir Italiya Azərbaycanın birinci iqtisadi tərəfdaşıdır. 2013-cü ildə bu ikitərəfli mübadilənin gəliri 7,4 milyard avronu keçib. 2014-cü ilin ilk beş ayında Italiya mallarının Azərbaycana idxalı 4,4% azalaraq $87,8 milyon təşkil edib. Azərbaycandan Italiyaya ixrac isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq $2 milyard 361,6 milyona çatıb. Italiya 18,8% göstərici ilə Azərbaycanın xarici ticarət əməliyyatlarında birinci yeri tutur.ÿ
Göründüyü kimi, Italiya Azərbaycanla iqtisadi tərəfdaşdır və Ilham Əliyevin bu ölkəyə səfəri də təsadüfi deyil. Belə ki, Italiya hazırda Avropa Birliyinin sədridir, Azərbaycanla Avropa arasında isə münasibətlər bir qədər soyuqdur. Əliyev məhz münasibətlərin normallaşdırılması üçün Italiyanın vasitəçiliyindən yararlanmağa çalışır.
Belə ki, regionda mürəkkəb geosiyasi vəziyyət yaranıb və bu vəziyyət Azərbaycanın demokratikləşməsini tələb edir. Indiki şəraitdə isə əsas prioritet Azərbaycanın Avropa Birliyi ilə Assosasiya Sazişini imzalamasından ibarətdir. Borrozonun Bakı səfərində də Azərbaycan hakimiyyətinə mesaj verildi ki, bu sazişin imzalanması zəruridir. Təbii ki, Azərbaycandakı mövcud hakimiyyət demokratik islahatları özü üçün təhlükə sayır və mümkün vasitələrlə bu prosesi uzatmaq istəyir. Ukraynada baş verənlərdən sonra Rusiyanın Qərblə qarşıdurması da Azərbaycanın Qərb üçün önəmini artırdı. Belə ki, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün Azərbaycan mühüm faktora çevrildi. Azərbaycan hakimiyyəti də elə zənn etdi ki, Qərb yaranmış vəziyyətə görə demokratiya çağırışlarını tormozlayacaq. Ancaq AŞ PA-nın sessiyasında və ATƏT PA-nın Bakı tədbirində məlum oldu ki, hakimiyyətin “kozur”u uğurlu deyil.
Indiki mərəhələdə isə hakimiyyət təzyiqləri neytrallaşdırmaq üçün Italiya faktorundan istifadə edir. Belə ki, Italiyaya daha cazibədar vədlər verilir və bunun əvəzində Italiyanın beynəlxalq tribunadan Azərbaycana dəstək verməsi tələb olunur. Yəni, iqtisadi əməkdaşlığı gücləndirərək, siyasi məğlubiyyəti aradan qaldırmaq istəyirlər.
Bəs, Italiya ilə əməkdaşlıq demokratiya tələblərini ləngidə bilərmi. Ümumiyyətlə, Italiya faktoru Avropa Birliyi nə qədər güclüdür?
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, bu mərhələdən sonra heç bir lobbiçilik, siyasi manevr demokratikləşmə ilə bağlı qərarı dəyişməyəcək: “Avropa Birliyində sədrlik müəyyən mənada formal xarakter daşıyır. Yəni Avropa Birliyinə sədrlik edən ölkə Avropa Birliyinin qərarlarına tabedir. Bütün qərarlar Brüsseldə qəbul olunur və qərarların icrasına da Brüsseldə baxılır. Ona görə də Italiya ilə əməkdaşlıq bu məsələdə önəmli rol oynamayacaq”.
Ekspert onu da əlavə etdi ki, Avropa Birliyinin rəhbərliyində olan şəxslər dəfələrlə Azərbaycanın demokratikləşməsinin mühümlüyünü vurğulayıblar: “Cənubi Qafqazın 3 ölkəsindən biri Gürcüstan artıq avrointeqrasiya yolunu tutub. Ancaq Gürcüstanın bu istiqamətdə sürətli addımlaması üçün Azərbaycanın demokratikləşməsi və Avropa ilə sıx əməkdaşlığı olduqca önəmli faktdır. Qərbdə də bunu başa düşürlər. Eyni zamanda enerji təhlükəsizliyi baxımından da Azərbayanın avrointeqrasiyası zəruri amildir. Tarixi təcrübə göstərir ki, qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması, ölkələrin demokratik prinsiplərə bağlılığından asılıdır. Çünki, avtoritar ölkələrlə sabit və uzun müddətli əməkdaşlıq mümkün deyil. Ona görə də Azərbaycan hakimiyyətinin heç bir lobbiçilik fəaliyyəti bu prosesdə dönüş yarada bilməyəcək və Azərbaycanla bağlı qərar artıq verilib”.
Akif