Gənclik yaşın mübarək, XALQIN CƏBHƏSİ!
Milli Şuranın liderləri – fəxri sədri, tanınmış yazıçı və dramaturq Rüstəm İbrahimbəyov və sədri, professor Cəmil Həsənli AXC-nin 25 illik yubileyini təbrik ediblər. Onların təbriklərini təqdim edirik:
Rüstəm İbrahimbəyov: Hakimiyyət AXCP-ni ən ciddi rəqib görməkdə səvh etmir
Azərbaycan Xalq Cəbhəsi ölkəmizin taxininin dönüş nöqtəsində yaranıb, ağır yol keçib. Bu gün onun varisi olan partiya öz sıralarında Azərbaycanda demokratik dəyişikliklər uğrunda mübarizə aparan şəxsləri birləşdirib.
Öz 25 illiyini AXCP ağır ictimai-siyasi şəraitdə qarşılayır: müxalfət hakmiyyətin qızışdırdığı ziddiyyətlərlə parçalanır; ziyalalır ölkədə vətəndaş cəmiyyətinin yaradılmasına çalışan hər kəsin üzləşdiyi ağır represiyalara məruz qalır (Ziyalılar Forumunun fəaliyyətini yada salmaq kifayətdir); əhaliyə bütövlükdə kütləvi şəkildə insan haqları və vətəndaş azadlıqlarının kobud şəkildə pozulması ilə təzyiq edilir.
Qərərgahında partlayış, sərt polis nəzarəti və partiyanın normal fəaliyyətinə maneələr onu göstərir ki, AXCP hakimiyyət tərəfindən ən ciddi siyasi opponent kimi qəbul edilir və hakimiyyət səhv etmir. AXCP-nin son illərdə ilk dəfə olaraq ölkənin bütün real müxalifətini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasına dəstəyini yada sadmaq kifayətdir. Prezident seçkilərinin nəticələri (saxtalaşdırılmış nəticələr yox, faktiki nəticələr) göstərdi ki, Azərbaycan əhalisi sərt siyasi təzyiq altında səs çoxluğu ilə Cəmil Həsənlinin namizədliyini dəstəklədi və bununla da rəsmi təbliğatın Azərbycanda xalqın dəstəklədiyi müxalifətin olmaması ilə bağlı yalan iddialarını təkzib etdi. Bu gün Azərbaycan hakimiyyətini ölkədə hüquq və azadları pozduğuna görə qınayan beynəlxalq demokratik ictimaiyyətin nəzərə çarpacaq dərəcədə fəallaşması bir çox halda 2013-cü ilin sonunda AXCP-nin dəstəyi ilə baş verən hadisələrin nəticəsidir.
Xalq Cəbhəsi Partiyasının yubiley günlərində mən öz adımdan və hakimiyyətin təzyiqlərindən ehtiyatlanan Azərbaycanın yaradıcı ziyalıları adından onun bütün üzvlərinə və nüfuzlu lideri Əli Kərimliyə demokratik ideyalara sadiqliyi qorumağı arzulayıram. Hakimiyyət tərəfindən daimi təqib şəraitində bu, həqiqətən də qəhrəmanlıq tələb edir.
Cəmil Həsənli: Ən çətin zamanlarda da cəbhəçilər siyasi proseslərini ən qaynar yerində oldular
Azərbaycan taleyində və tarixində müstəsna rolu olan Xalq Cəbhəsinin yaranmasının 25 ili tamam oldu. 25 il tarix üçün elə də böyük zaman məsafəsi deyil. Lakin hadisələrin dramatikliyi, nəticələrin möhtəşəmliyi, millətin taleyində bir təşkilatın buraxdığı iz baxımından, əlbəttə, 25 il tarixdir, unudulmaz tarixdir, yaddaqalan tarixdir və ən nəhayət şərəfli tarixdir. Azərbaycan Xalq Cəbhəsi xalqın içindən çıxdı, millətin arzu və istəklərinin ifadəçisinə çevrildi, ölkənin müstəqillik tarixini yazdı. Meydanlara sığmayan mitinqlər dalğası, kükrəyən insan kütləsi, millətin coşqun mübarizə əzmi ötən əsrin 80-ci illərinin sonunda bilavasitə Xalq Cəbhəsinin adı, tarixin yaddaşına həkk olunmuş əməlləri ilə bağlı idi. Müəyyən zaman fasiləsindən sonra müstəqilliyin bərpasına sahib duranların sayı çoxaldı, sırası genişləndi, lakin müstəqilliyin bərpası prosesinin başlıca qüvvəsi xalq, onu müstəqillik amallarına yönəldən yeganə təşkilat Xalq Cəbhəsi idi. Məhz, Xalq Cəbhəsinin liderliyində millət çoxdan bəri arzuladığı, 70 il əvvəl itirdiyi müstəqillik amallarına qovuşdu, tarixin sınağından şərəflə, zamanın sınağından ləyaqətlə çıxdı.
Ötən əsrin 80-ci illərində başlamış xalq hərəkatının şəksiz və şəriksiz lideri Əbülfəz Elçibəy idi. Xalq Cəbhəsinin yaranması, təşkilatlanması və meydanlara ayaq açmasında Əbülfəz bəyin müstəsna xidmətləri var idi. Əbülfəz bəy hələ 60-cı illərin sonu, 70-ci illərdən azadlıq ideyalarına könül vermişdi, sözün tam mənasında milli düşüncə odunu yandırmış, gənclərin qəlbində azadlıq atəşini yandırmışdı. Bu atəş bir gün alovlanmalı idi və 80-ci illərin sonunda Azərbaycanın azadlıq məşəli meydanlarda alovlanmağa başladı. Bu, Əbülfəz bəyin tarixi xidməti idi və kükrəyən meydanlarda öncüllük edənlərin çoxu məhz, onun tələbələri idi. Xalq hərəkatı başlayanda ona liderlik etmək arzusunda olanların sayı da az deyildi. Lakin tarix öz səhnəsinə Əbülfəz Elçibəyi çıxardı və liderlik missiyasını onun üzərinə qoydu. Xalq Cəbhəsinin rəhbəri olaraq Əbülfəz bəy bu missiyanı şərəf və ləyaqətlə yerinə yetirdi. Adını və əməllərini tarixin yaddaşına həkk etdi, müstəqillik tarixi ilə yaşıd olmaq haqqını qazandı. Onun öncüllüyündə Azərbaycan xalqı 1989-cu ildə dünyanın ən mübariz xalqı adına layiq görüldü, millət azadlığını və müstəqilliyini canı və qanı bahasına əldə etdi.
Azadlıq və müstəqillik uğrunda mübarizədə seyrçi mövqe tutanlar, tarixin arxa pəncərəsindən proseslərə yanaşanlar Xalq Cəbhəsinin xidmətlərini kiçiltmək üçün çox vaxt müstəqilliyi “əta olunmuş azadlıq” kimi təfsir etməyə uğursuz cəhdlər göstərirlər. Unudurlar ki, bugünkü müstəqilliyi əldə etmək üçün xalq on minlərlə can verməli, dəryalarca qan axıtmalı oldu. Hadisələrin ilkin mərhələsində təkcə Qarabağ döyüşlərində həlak olan cəbhəçilərin sayı 5 mindən çoxdur. Azərbaycan xalqı azadlığını qanı bahasına əldə etdi və bunun ən aydın təzahürü 1990-cı ilin 20 yanvar hadisəlridir. Yaddaşına dən düşməyənlər çox yaxşı xatırlayırlar ki, bütün dünyada qorxunc kabusa çevrilmiş Sovet ordusu Bakıya məhz Xalq Cəbhəsinin strukturlarını dağıtmaq üçün girmişdi və həmin vaxt “Bakı əməliyyatına” komandanlıq edən marşal Yazov bunu çox açıq şəkildə ifadə etmişdi. Yeri gəlmişkən analoji hadisələr Tbilisi və Vilnyusda baş versə də, “Bakı qələbəsi“ Sovet ordusunun pırr qələbəsi oldu. Bundan sonra Sovet imperiyası bir daha özünə gələ bilmədi və XX əsrin şər imperiyası sürətlə dağılma mərhələsinə qədəm qoydu. 20 yanvar Sovet İttifaqının dağılmasına fərman verən ən böyük tarixi hadisə, SSRİ-də alovlanan azadlıq hərəkatının ən yüksək nöqtəsi idi. Mübaliğəsiz demək olar ki, Azərbaycanda həmin dövrdə baş verənlər inqilab idi. Xarakterinə görə milli, məzmununa görə demokratik olan bu inqilabın mərkəzi orqanı Xalq Cəbhəsi idi.
Xalq Cəbhəsi çox yox, cəmisi bir il hakimiyyətdə oldu. Azərbaycanın cəlb olunduğu Qarabağ müharibəsinin qanlı-qadalı bu bir ilində ordumuz Xankəndinin ətəyinə gedib çıxa bildi. Torpaqların xeyli hissəsi separatçılardan təmizləndi, İrəvandan sülh çağırışları eşidilməyə başladı. Xalq Cəbhəsinin bu bir ilində xarici qoşunlar Azərbaycandan çıxarıldı, ölkə özünün pul vahidini dövriyyəyə buraxdı, təhsil test imtahanları relsinə keçirildi, xarici kompaniyalarla əlverişli neft müqavilələri hazırlandı. İyunun 27-də prezident Elçibəyin müqavilələri imzalama vaxtı təyin edilmişdi. Lakin xarici qüvvələrlə əlaqəli şəkildə hazırlanın 4 iyun qiyamı hər şeyi yarmçılıq qoydu. Sonra təqiblər, tuta-tut dövrü başlandı. Kiçik istisnalarla Xalq Cəbhəsi ötən 20 ili təqib və repressiya şəraitində yaşamışdır. Lakin ən çətin zamanlarda da cəbhəçilər siyasi proseslərdən kənarda dayanmadılar, həmişə hadisələrin ən qaynar yerlərində oldular, 1995-ci ildə partiyalaşmaqla özlərinin siyasi səhnədəki yerlərinə hüquqi məzmun verdilər.
2000-ci ilin avqustunda Əbülfəz bəyin vaxtsız vəfatı bütün Azərbaycan cəmiyyəti ilə yanaşı Xalq Cəbhəsi üçün daha ağır, əvəzsiz itki idi. Müxtəlif bölünmələr, parçalanmalar olsa da, Cəbhə öz varlığını, siyasi həyatdakı yerini qoruyub saxlaya bildi, öz içindən yeni lider formalaşdırdı. Əli Kərimli gənc olsa da, yetkin bir siyasətçi kimi meydana girdi, AXCP-ni ölkənin aparıcı partiyalarından birinə çevirdi. Hazırda partiyalı cəbhəçilər siyasi proseslərin önündədir desək, səhv etmərik. Bu gün 25 illik zaman fasiləsindən baxanda fəal həyat mövqeyi, siyasi bioqrafiyası olan adamların aşağı-yuxarı demək olar ki, hamısının cəbhəçiliyi olmuşdur. Ona görə bu yubileydə, ona haqq edib etməməsindən asılı olmayaraq hər kəsin payı vardır. 25 il əvvəl bu hərəkat Xalq Cəbhəsi kimi yarandı, lakin hadisələrin axarı onu xalqın cəbhəsinə çevirdi.
25 illik gənclik yaşın mübarək, XALQIN CƏBHƏSİ!