Turqut Ər: “AXCP qeyri-bərabər şərtlər daxilində mübarizə aparıb, güclü bir təşkilat qurmağın nümunəsini yaradıb”
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, ölkəmizdə hələ də yaxşı xatırlanan təqaüdçü diplomat, “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ər Xalq Cəbhəsinin 25 illik yubileyini təbrik edib. Türkiyəli diplomatın “Azadlıq” qəzetinə göndərdiyi təbriki təqdim edirik:
***
1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycanda bərqərar olub. Çoxpartiyalı sictemin yaradılması, qadınlara səs hüququnun verilməsi də Azərbaycan türkünün öncüllüyü ilə baş vermişdi. Yəni, Azərbaycanın tarixində qürür duyulacaq, tarixə qızıl hərflərlə yazılacaq səhifələr var.
Ancaq kommunizm və indiki totalitar rejim Azərbaycan türkünü çağdaşlıqdan, insan kimi yaşamaqdan məhrum etdi.
Azərbaycanda Xalq hərəkatının təməli ötən əsrin 70-ci illərində Elçibəyin zindanlara atılması ilə qoyulmuşdu. Elçibəyin başlatdığı siyasi hərəkatın məqsədi müstəqil, demokratik Azərbaycanı yenidən qurmaq idi.
Azərbaycan Xalq Cəbhəsi hərəkatı 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində torpaqlarını rus imperialistlərindən təmizlədi, müstəqil dövlət qurdu və demokratik sistemi bərpa etdi. Bir il içində AXC hakimiyyəti xalqla birlikdə sağlam təməllər üzərində şəffaf bir dövlət qurdu. Başda Elçibəy olmaqla, AXC liderləri Azərbaycanın ən vətənsevər, demokrat və ziyalı övladları idi. Bu liderlərin çoxu hələ də yaşayır və demokratik mübarizəni davam etdirir. Hələ də Azərbaycanda azadlıq və demokratiya mübarizəsi davam etməkdədir. Bu gün Azərbaycandakı demokratik kəsim təzyiqlər, təqiblər altındadır.
Təəssüflər olsun ki, hazırkı qeyri-milli, totalitar rejim Rusiyanın dəstəyilə AXC hakimiyyətini qiyam yolu ilə devirdi. Və bununla da Azərbaycana mənəviyyatsızlıq, quldurluq, talançılıq, yaltaqlıq gətirdilər.
Mən həmin illəri anbaan yaşamışam və baş verənləri gözlərimlə görmüşəm. Xalq Cəbhəsinin liderləri, jurnalistlər, ziyalılar zindana salınırdı, işgəncəyə məruz qalırdı. Xalq Cəbhəsinin qərargahı qondarma ittihamlar, bəhanələrlə boşaldıldı və bu hərəkatın yetkililəri hücumlara məruz qaldı.
AXC-nin qərargahı Türkiyə səfirliyi ilə yanaşı idi və bütün olaylar tərəfimizdən müşahidə olunurdu.
Xalq Cəbhəsi illərlə qərargahsız qaldı və Əliyev hakimiyyəti bütün vasitələrlə bu təşkilatı yox etməyə çalışdı. Əbülfəz Elçibəy öz kəndində məhbus kimi yaşadı və hakimiyyət hər gün onun ölümünə şərait yaratdı. Elçibəyə sui-qəsd edilməməsi üçün Türkiyə dövləti əlindən gələni etdi və Naxçıvanda vəziyyəti nəzarətdə saxladı. Elçibəyə qarşı hücumlara son verilməsi üçün Heydər Əliyevi dəfələrlə xəbərdar etdik. Ancaq Əliyev hakimiyyəti bütün qeyri-qanuni və qeyri-insani yollara əl ataraq, demokratik qüvvələri sıradan çıxarırdı.
1995-ci ildə AXC partiyaya çevrildi və AXCP oldu. Bundan sonra mübarizəni AXCP davam etdirdi, ləyaqətli vətəndaş mövqeyini qoruyub saxladı. Bu gün də AXCP-nin qərargahı, partiya lideri Əli Kərimlinin pasportu yoxdur. Ancaq Əliyev hakimiyyəti bununla kifayətlənmir, AXCP üzvləri qondarma ittihamlarla həbs olunur, partiya liderinin yaxınları təzyiq və təqiblərə məruz qalır, hakimiyyət bütün komandası ilə bu partiyanın fəaliyyətinə son qoymaq istəyir.
Partiya üzvləri isə uzun illərin çətinliklərinə sinə gərir və totalitar hakimiyyətə qarşı mübarizəni davam etdirir. AXCP qeyri-bərabər şərtlər daxilində mübarizə aparıb, güclü bir təşkilat qurmağın nümunəsini yaradıb.
Mən inanıram ki, 40 ildən çox müddətdə hakimiyyətdə olan qeyri-milli Əliyev rejimi məğlub olacaq, xalqın yanında olan, ləyaqətli demokratlar qalib gələcək və bu qələbənin önündə AXCP dayanacaq. İnanıram ki, AXCP xalqın iqtidarı olmağın əyani nümunəsini bir daha dünyaya göstərəcək. Əminəm ki, Azərbaycan xalqı səfalətdən, yad qapılarında işləməkdən qurtulacaq.
Hazırkı anti-milli rejim heç vaxt AXCP-ni məhv etməyə, sındırmağa, qorxutmağa nail olmayacaq.
Mən bu ləyaqət və demokratiya savaşında AXCP-yə və onun liderinə uğurlar arzulayır və 25 yaş münasibətilə təbrik edirəm! Bu mübarizədə AXCP-yə dəstək olan mediaya, qəzetçilərə, gənclərə təşəkkür edir və onlarla qürur duyuram!
AXCP-nin növbəti illərdə daha böyük uğurlara imza atacağına şübhə etmirəm və bu partiyanın fəaliyyətini qəhrəmanlıq nümunəsi kimi qiymətləndirirəm…