Uşaqlıq illərimin ən işıqlı xatirələri sırasına kəndin taxıl biçini mövsümü də daxildir. Görməyənlər bilməz, o mövsümdə, həqiqətən, xüsusi özəlliklər və gözəlliklər yaşanır. Bu prosesi mənim üçün xüsusilə unudulmaz edən başqa bir səbəb də vardı- kolxoza məxsus taxıl anbarının evimizlə yanaşı yerləşməsi. Yəni ucsuz-bucaqsız çöllərdən biçilən bütün taxıl maşınlarla bura daşınır, göyün üzünə qədər qalaq vurulub sonra elavatorla anbara yığılırdı. O prosesə bizim qatqımız yalnız yandırıcı havada çalışan kənd qadınlarına sərin su daşımaqdan ibarət olsa da, xatirimizə həmişəlik yazılacaq əyləncələr sonsuz idi. Amma sözümün canı başqadır, əslində. Bu biçin prosesi tamamlanıb başa çatdıqdan sonra hər kəsin evində taxıl aşıb-daşırdı. Əmək haqqına görə bölünən bu taxıl bir il kəndlinin çörək təminatına yetirdi. Həm də, dəyirmanda üyüdülmüş o undan ocaqda bişirilən çörəyin ətri hardadır indi?..
Yaşadığımız illər boyunca həyatın özü kimi, çörəyin də dadı tamam qaçdı. Yavaş-yavaş bitkilərin, meyvələrin, tərəvəzlərin, taxılın belə geni dəyişdirildi. Naşükürlük olmasın, indi yediyimiz çörəyin keyfiyyəti nə, dadı nə… Amma dərd dadla bitmir axı. Azərbaycan əhalisinin ərzaq səbətində xüsusi yer tutan çörəyin qiymətinə də zaman-zaman əl gəzdirməyi unutmurlar. Başqa ərzaq məhsulları öz yerində. Lakin çörəyin bahalaşması, minimum əmək haqqı qəpik-quruş olan bir ölkənin əhalisi üçün gerçəkdən faciədir. Görünür, heç bu kimsənin vecinə də deyil. Artıq bir həftədir yenidən Azərbaycan bazarında unun qiyməti bahalaşıb.
Indi yerlərdə taxıl əkən yoxdur. Bu da o demək olur ki, kəndlinin taxılı və çörəyi də yoxdur. Hamı gözünü dikib uzaq ölkələrdən alınan una. Asılılıq vəziyyəti də qiymətin vaxtaşırı ləngər vurmasını şərtləndirən amillərdən biridir. Iqtisadçı ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bahalaşma bir müddət əvvəl dünya bazarında ərzaq buğdasının qiymətinin qalxması ilə bağlıdır. Yəni ölkəmizə taxıl əsasən xarici ölkələrdən idxal olunduğuna görə qiymət artımı da qaçılmazdır. Onsuz da, son 3-4 ildə inanılmaz dərəcədə sürətlə baş verən gedən ərzaq bahalaşmasından sadə əhali yetərincə əziyyət çəkir. Lakin çörəyin və un məhsullarının qiymət artımı bir az fərqlidir, bilirsiniz. Hələ bu gedişlə, kim bilir, yaxın illərdə gözünü aldığı qəpik-quruş əməkhaqqına dikən insanları hansı acı sürprizlər gözləyir!
Sadə Azərbaycan insanının ərzaq səbətindəki payının nə qədər qıt olduğunu söyləməyə, onsuz da ehtiyac yoxdur. Yaxın günlərdə beynəlxalq hesabatda açıqlanan göstərici bunu bir daha sübuta yetirdi. Hesabatda əksini tapan rəqəmlərə görə, bizim əhali xərclərinin yarısını ərzaq alınmasına sərf edir. Bu da hesabat üzrə ən pis göstəricilərdən sayılır və ölkə əhalisinin gəlirlərinin aşağı olması ilə bağlıdır.
Əhalinin yaşam səviyyəsinin yüksəlməsi, ərzaq səbətinin ağırlaşması və zənginləşməsi kənd təsərrüfatının inkişaf etdirilməsindən çox asılıdır. Normal şərtlərdə torpağı əkib-becərmək imkanı olan kənd əhalisi, ən azı, il boyunca özü-özünü təmin edə bilər. Və nəinki təkcə özünə, bazara çıxardığı artıq məhsulla başqalarını da böyük xeyir vermiş olar. Bunda ölkə hökuməti hamıdan çox maraqlı olmalıdır. Onlara ucuz kreditlər və təsərrüfat avadanlıqları almaq üçün şərait yaratmaqla bu məsələni xeyli asanlaşdırmaq mümkündür. Amma görünən odur ki, nə işsizlikdən baş götürüb kənddən qaçan insanların taleyi, nə səmərəsiz ağzı günə yanan torpaqların aqibəti, nə də bu bahalaşma kabusunun nəticələri yuxarıdakıların tükünü də tərpətmir…
P.S: Sovet dövründə indi hamımızın ironiya ilə qarşıladığımız bir şüar vardı: “Çörək bol olarsa, basılmaz vətən”. Vətənə olan olub. Amma çörək qıt olarsa, baxaq, nələr olacaq…