Qubad İbadoğlu: «Hökumətin təqdim etdiyi rəqəmlərlə, səslənən fikirlər arasında böyük ziddiyyət var»
Gizli məşğulluğun leqallaşdırılması Azərbaycanda aparılan sosial siyasətin prioritetlərindən biridir. “Trend”in məlumatına görə, bunu cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək müqavilələri haqqında bildirişlərin elektron informasiya sisteminin təqdimatında deyib.
Onun sözlərinə görə, işçilərin hüquqlarının qorunması həmişə dövlət strukturlarının diqqət mərkəzindədir və bu, ölkədə aparılan dövlət siyasətinin ən vacib məqsədlərindən biridir.
S.Müslümov qeyd edib ki, Azərbaycan son illər ciddi iqtisadi uğurlara nail olub: “Yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizədək azaldılıb. Işsizliyin səviyyəsi də təqribən 5 faizə çatdırılıb. Özəl sektorun məşğulluqda payı 68 faizdən 74 faizədək artıb”.
Nazir əlavə edib ki, bu sistemin tətbiqi qeyri-leqal məşğulluqla mübarizədə öz töhfəsini verəcək: “Bundan başqa, layihənin reallaşdırılması dövlət büdcəsinə daxilolmaların həcmini artırmağa, işçilərin hüquqlarının qorunmasını daha yaxşı təmin etməyə imkan verəcək, icbari dövlət sosial sığortası üzrə yığımlar artacaq, bu sistemin elektron hökumət portalına inteqrasiyası isə ondan istifadəni asanlaşdıracaq”.
Bir qayda olaraq rəsmi şəxslərin və statistika komitəsinin açıqlamasında müxtəlif sahələrdəki vəziyyət müsbət qiymətləndirilir və müəyyən rəqəmlərlə ifadə olunur. Real həyatda isə bu inkişaf hiss olunmur və eyni təbəqənin daha da varlanması müşahidə olunur.
Iqtisadçı ekspert Qubad Ibadoğlu hesab edir ki, Azərbaycanda alternativ hesablama aparmaq üçün imkan olmadığından hökumət istədiyi rəqəmi səsləndirə bilir: “Əgər gizli məşğulluğun səviyyəsi yüksəkdirsə, deməli işsizliyin səviyyəsi də yüksəkdir. Çünki gizli məşğulluqla məşğul olanlar işləməyənlərin siyahısına daxildilər. Belə olan halda səslənən rəqəmlər arasında ziddiyyət yaranır. Yəni bir tərəfdən işsizliyin səviyyəsinin aşağı düşməsindən, digər tərəfdən gizli məşğulluğun səviyyəsindən danışırlar”.
Ekspert onu da bildirdi ki, rəsmi rəqəmlər gerçəkliyi təhrif edir: “Yaxşı olardı ki, alternativ hesablama aparılsın və real vəziyyət şəffaf göstərilsin. Bunun üçün isə, hesabatların ayrıca müayinəsi aparılmalıdır və əmək fəaliyyəti öyrənilməlidir. O zaman işsizliyin də, yoxsulluğun da səviyyəsi dəqiq bilinər. Təəssüf olsun ki, hökumətin açıqladığı rəqəmlərin alternativ hesablanması Azərbaycanda həyata keçirilmir. Sadəcə olaraq müəyyən müşahidələr və tədqiqatlar əsasında fikir söyləyə bilirik”.
Akif