İlham Əliyev Azərbaycanı hətta Heydər Əliyevin vaxtında olduğundan da geriyə aparıb
İlham Əliyev Azərbaycanı siyasi baxımdan hətta Heydər Əliyevin vaxtında olduğundan da geriyə aparıb, daha əlverişsiz geopolitik duruma salıb. Xüsusi olaraq, “mən siyasətə qarışmıram” deyənlərin nəzərinə: 10-15 il bundan əvvəl bizimlə eyni və ya daha pis vəziyyətdə olan Gürcüstan, Ukrayna və Moldovanın vətəndaşları siyasətə qarışdılar və indi AB-yə üzvlüyün astanasındadırlar. 6 aydan sonra onlar üçün Avropada işləmək, oxumaq, müalicə olunmaq, sadəcə gəzmək heç bir problem olmayacaq. Üstəlik, bir neçə ildən sonra həmin Avropa yaşam standartları bu ölkələrdə də bərqərar olacaq.
Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyi ilə Assosiasiya Sazişini imzaladı. Bu ölkələrin vətəndaşları 2015-ci il yanvarın 1-dən AB üzvü olan ölkələrə vizasız gedib-gələcəklər. Siyasi, iqtisadi islahatlar, həyatın bütün sahələrinin Avropa standartlarına uyğunlaşması da öz yerində. Üfüqdə bu ölkələr üçün AB üzvlüyü də görünür. GUAM ölkələrindən yalnız Azərbaycan Avrointeqrasiyadan kənarda qaldı. Hansı ki, 1997-ci ildə GUAM demokratiya və iqtisadi İnkişaf naminə təşkilat olaraq Azərbaycanın da aktiv iştirakı ilə Strasburqda yaradılıb. GUAM-ın 1999-cu ildə qəbul edilmiş Vaşinqton Bəyannaməsində deyilirdi ki, onun əsas məqsədi Avropa və Avroatlantik məkana inteqrasiyadır.
Görün haradan hara gəldik. Digər dövlətlər strateji seçimlərinə doğru addım-addım gedib, ciddi uğur qazandılar. Bizi isə İlham Əliyev bəh-bəhlə müasir dünyada heç bir mənası və yeri olmayan Qoşulmayanlar Hərəkatına aparır (yeri gəlmişkən, bu qoşulmayanlar əsasən Afrika, Cənubi Amerika və Karib hövzəsinə aid dövlətlərdən ibarətdir. Avropadan bizdən başqa, güman etdiyiniz kimi, yalnız Belarus təmsil olunur bu qurumda). Yenə Belarusla bir sırada qaldıq, siz siyasətə qarişmayın…