Moldova, Ukrayna, Gürcüstan bu cəsarəti hardan alıb?
Dünyada gedən siyasi proseslər və Azərbaycanın bu proseslərdəki iştirakçılığı xeyli maraqlı “sürpriz”lərin olacağından xəbər verir və siyasi hərarətin artacağını vəd edir. Yeni dünyanın demokratiya “kərpic”i ilə hörülməsi planı, avtoritar rejimlərin “taxta koma”larını gözdən salmaqdadır. Deməli, “yeni şəhər”in görüntüsünü pozmaq olmaz və hər kəs seçim etmək haqqında düşünməlidir.
Hakimiyyətin “layihə”si nədən ibarətdir?
Yuxarıda qeyd etdik ki, hakimiyyətlər yeni layihələr üzərində işləməlidir və dövlətin maraqları hakimiyyətin arzularına qurban verilməməlidir. Azərbaycandakı hakim komanda uzun illərdi bu “layihə”ni alsa da, standarta uyğun “tikili”ni ərsəyə gətirə bilmir. Daha doğrusu, həm tikməyə həvəsli olduğunu bildirir, həm də köhnə “taxta koma”dan əl çəkmir. Bildiyiniz kimi, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramına qoşulub və Avropa Birliyi ilə əməkdaşlığa könülsüz də olsa razılıq verib. Yəni Assosasiya Sazişinin əvəzinə, “Strateji əməkdaşlıq” təklif edib. Ancaq son günlər hakimiyyətin alovlu müdafiəçiləri, yenidən “tikinti”ni dayandırmağa start veriblər. Belə ki, rejim mirzələri “Şərq Tərəfdaşlığı” proqramının iflasa uğradığını və öz hədəfinə çatmadığını dilə gətirirlər. Bu məqamda sual meydana çıxır. Bu proqram iflasa uğrayıbsa, Strateji Əməkdaşlıq niyə təklif edirsiniz? Həm “Şərq Tərəfdaşlığı” çərçivəsində uğurlu faəliyyətdən danışıb, həm də bu qurumun iflasa uğramasını iddia etmək, hansı məntiqin məhsuludur?
Göründüyü kimi, Azərbaycan hakimiyyəti sözü ilə əməli arasında balans yarada bilməyib. Və yeni “layihə” əsasında deyil, öz “çertyoj”u ilə tikməkdə maraqlıdır. Hiss olunur ki, “tikinti materialları” Rusiyadan alınır.
Çətin günlərin həyəcanı
Iyunun 23-27-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda yay sessiyası keçiriləcək. Artıq sessiyanın gündəliyi bəlli olub və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla, ölkə başçısı Ilham Əliyevin tədbirdə çıxışı olacaq. Eyni zamanda Elmar Məmmədyarov AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan səfiri kimi xeyli sualara cavab verməli olacaq. Siyasi məhbusların olduğu, azad sözün boğulduğu, seçkilərin saxtalaşdırıldığı, korrupsiyanın tüğyan etdiyi bir ölkəni təmsil etməyin çətinliyi başadüşüləndir. Ancaq “özü yıxılan ağlamaz” deyiblər. Yıxıldığı üçün utanc hissi keçirən adam isə, ən azı yenidən qalxmağa cəhd etməlidir. Indiki şəraitdə hakimiyyətin gətirdiyi arqumentlər, səsləndiyi andan ifşa olmağa məhkumdur.
Qorxu ilə arzunun üst-üstə düşməsi
Hər dəfə Qərbə inteqrasiyadan, demokratik islahatlardan söhbət düşəndə “bizim Qarabağ kimi dərdimiz var” və “Rusiya təhlükəsi realdır” şüarı cəmiyyətə yeridilir. Biz razıyıq ki, Qarabağ ağır dərddi və Rusiya təhlükəli qonşudur. Ancaq hakimiyyətin bioqrafiyasına nəzər salanda, demokratiyadan qaçışın bu amillərlə bağlı olmadığı üzə çıxır. Bu gün Avropa Birliyi ilə “Assosasiya Sazişi” imzalamağa tam hazır olan Moldova, Gürcüstan və Ukraynanın dərdi yoxdurmu? Gürcüstan- Abxaziya və Asetiya, Moldova-Dnestryanı, Ukrayna-Krım problemini yaşamırmı? Niyə bu ölkələr cinayətlərini dərdlərinin arxasında gizlətmək yolu tutmur? Bəlkə, Gürcüstanın və Moldovanın hərbi gücü Azərbaycandan qat-qat çoxdur ki, onlar Rusiya qorxusuna qalib gəliblər?
Moldova, Gürcüstan, Ukrayna nümunəsi sübut edir ki, istənilən qorxunu dəf etmək olar və dövlətin mənafeyi üçün bütün risklər düzgün seçimdir.
Digər tərəfdən, indiyə qədər yürüdülən siyasət Qarabağ məsələsini həll etməyibsə, bu dərddən sipər kimi istifadə etmək riyakarlıq deyilmi?
Ümumi mənzərə onu göstərir ki, hakimiyyətin demokratik islahatlardan imtina etməsi, yalnız Rusiya qorxusuna görə deyil. Mövcud siyasət hakimiyyətin şəxsi maraqlarını təmin edir və bu siyasətin nəticəsində ölkənin başında duranlar milyardlara sahib olublar. Yəni hakimiyyət kürsüsünü qorumaq üçün, vətəndaşları keyfiyyətli təhsil və səhiyyədən, müstəqil məhkəmədən, sosial rifahdan, qanunun aliliyindən, bir sözlə normal yaşamdan məhrum edib.
Deməli, Rusiya qorxusu, hakimiyyətin arzularına xidmət edir və bu qorxunun kürsüyə ziyanı yoxdur. Daha dəqiq desək, hakimiyyət ən çox qazandıqlarını itirməkdən qorxur.
Istənilən etiraf, ifşa deməkdir
Müstəqil dövlət olmaq üçün, bayraq, himn, prezident və digər atributlar kifayət deyil. Müstəqil dövlət o dövlətə deyilir ki, başqa dövlətlərin təsirindən çəkinmədən, müstəqil qərar verə biləsən.
Indi, Azərbaycan hakimiyyəti üçün seçim anıdır və etiraf mərhələsidir. Əliyev hakimiyyəti etiraf etməlidir ki, demokratik islahatlar və Qərbə inteqrasiyanın qarşısında duran əngəl Rusiyadır. Bu həm də onun etirafı olacaq ki, “bizim öz yolumuz var”, “heç kim bizim daxili işimizə qarışa bilməz”, “biz müstəqil siyasət yürüdürük” fikirləri, fiksiyadır.
Ya da etiraf edilməlidir ki, dövlətin və xalqın iradəsinə zidd addımların atılması, hakimiyyətin tələbatıdır və daha çox qazanmaq istəyi bunu tələb edir. Bu həm də onun etirafı olacaq ki, “gənclərə qayğı”, “vətənpərvərlik”, “iqtisadi inkişaf”, “Qarabağın azadlığı” kimi bəlağətli çıxışlar xalqı aldatmağa xidmət edirmiş.
Bir sözlə, indiki reallıqda hər iki etiraf hakimiyyətin ifşası deməkdir. Xilas yolu isə, qətiyyətli addım ataraq, demokratik dünyanın bir hissəsinə çevrilməkdir.
İlham Hüseyn