«Azərbaycan hakimiyyətinin Qərb, xüsusilə Amerika üçün əvəzolunmazlığı ilə bağlı deyilən fikirlər absurddur»
Son günlər Azərbaycan hakimiyyəti Qərb institutlarına, hətta bəzi dövlətlərə qarşı növbəti kampaniyaya başlayıb. ABŞ səfiri Riçard Morninqstarın məlum müsahibəsindən sonra ABŞ-ın və səfirin hədəfə alınması, Xarici İşlər Nazirliyinin Böyük Britaniyaya qarşı bəyanat verməsi, bu ölkənin Oxfam təşkilatının fəaliyyəti barədə müxtəlif məlumatların yayılması, Almaniyada siyasi məhbuslarla bağlı təşkil olunan tədbiri antiAzərbaycan kampaniyası kimi qiymətləndirməsi buna misaldır. Eyni zamanda Qərb təşkilatları ilə əməkdaşlıq edən şəxslərin, o cümlədən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun hədəfə alınması bu kampaniyanın tərkib hissəsidir.
Qərblə qarşıdurmaya getmək şübhəsiz ki, Azərbaycana yaxşı heç nə vəd etmir. Çünki ölkəmiz beynəlxalq aləmlə üz-üzə gələn Rusiya təhlükəsindən sığortalanmayıb.
Bu arada Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Orta Asiya və Qafqazın araşdırılması mərkəzinin koordinatoru, politoloq Aleksandr Skakov «Bizim yol» qəzetinə müsahibəsində bir növ Azərbaycan hakimiyyətini arxayın etməyə çalışıb.
Rusiyalı ekspert bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin korlanması birdəfəlik uçurum xarakteri daşımır və indiki situasiyada Ağ Ev Kreml sərhədlərinin yaxınlığında heç bir post-sovet ölkəsi ilə konfliktə girməyəcək. Skakov Morninqstarın müsahibəsini oyunun imitasiyası adlandırıb. Onun sözlərinə görə, burada “qəddar müstəntiq” rolunda Bakıdakı ABŞ səfiri, “mehriban müstəntiq” rolunda isə, işğal edilmiş torpaqlardan danışarkən rəsmi Bakı tərəfə nisbətən yumşaq mövqe nümayiş etdirən Minsk Qrupunun amerikalı həmsədri çıxış edir. Bu oyundur və Vaşinqton Bakının ondan uzaqlaşmasından narahatdır, eyni zamanda özünü bir qədər kənarda da tutmağa çalışır. Əslində, ABŞ gözəl bilir ki, Rusiyanın qonşusu olan Azərbaycan ona hava-su kimi lazımdır. Görünür, Ağ Ev özünə lazım olan müəyyən bir günün yetişəcəyini gözləyir ki, həmin gün Azərbaycan ona lazım olacaq. Odur ki, müəyyən balans saxlayır.
Bununla rusiyalı ekspert Azərbaycan hakimiyyətini arxayın etməyə çalışır ki, Qərbə qarşı istənilən kampaniya rəsmi Bakıya ziyan gətirməyəcək.
Lakin ekspertlər bu fikirdədir ki, Azərbaycan hökumətinin antiQərb siyasəti və kampaniyası hökumətin daxili siyasi mahiyyətindən irəli gəlir. Əsas prioritet odur ki, hökumət Rusiya ilə iqtisadi zonada, bir çətir altında olmaq istəyir. Amma bu mümkün olmadığına görə Qərblə də müəyyən bir məsafə saxlayır. Azərbaycan hakimiyyətinin Qərb üçün, xüsusilə Amerika üçün əvəzolunmazlığı ilə bağlı deyilən fikirlər isə absurddur. Çünki Rusiyanın özü hətta bir müddətdən sonra Qərblə əməkdaşlıq etməyə çalışacaq. İqtisadi imkanlar Rusiyaya və onun peyki olan xırda dövlətlərə uzun müddət Qərblə məsafə saxlamağa, düşmən münasibətdə olmağa imkan vermir. O cümlədən Azərbaycan hökumətinin də belə bir şansı və imkanı yoxdur. Ona görə də az müddətdən sonra Azərbaycan hakimiyyəti Qərb iqtisadi-siyasi sisteminə bütünlükdə inteqrasiyaya razı olmalıdır. Əks halda Ukrayna nümunəsi ortadadır. Azərbaycan da demokratik dəyişikliklərinə nail olacaq.
Ekspertlərin sözlərinə görə, hazırkı vəziyyətin şərhi onu deməyə imkan verir ki, artıq Şərq və Qərb qarşıdurması deyilən bir anlayış yoxdur. Uzun müddət müsəlman-xristian qarşıdurmasından danışırdılar. Sonra rus politoloqları Qərb təbliğatı, Şərq müdafiəsi kimi fikirləri ortaya atdılar. Amma indi ağ və qaranın, demokratik və avtoritar meyllərin mübarizəsi gedir. Məsələ bu qədər aydındır.
Fizzə