Georgi Mirski, tarixçi, RF-nin əməkdar elm xadimi
Stalin Finlandiyaya qarşı müharibəyə başlayanda mənim 13 yaşım vardı. Qırmızı Ordu sərhədi keçəndən bir gün sonra bizim radio ilə elan edildi ki, “Terioki şəhərində ayağa qalxmış fəhlə və əsgərlər Finlandiya demokratik respublikasının Müvəqqəti xalq hökumətini qurublar”. Atam dedi: “Bax, görürsən, heç bir dövlət bizimlə döyüşə bilməz, dərhal inqilab baş verir”.
Tənbəllik etmədim, götürüb xəritəni baxdım və atama dedim: “Ata, axı Terioki bizimlə sərhəddə yerləşir. Belə çıxır ki, bizim qoşunlar oraya elə ilk gündən daxil olublar. Bunun harası üsyan və xalq hökuməti oldu ki?”. Tezliklə, mənim tam haqlı olduğum üzə çıxdı. Sinif yoldaşımın böyük qardaşı həmin vaxt DIXK (NKVD) qoşunlarında xidmət edirdi. Bu hadisədən bir neçə ay sonra balaca qardaşına gizli saxlamaq şərtilə danışmışdı ki, o, Qırımızı Ordunun Finlandiyaya soxulmasından dərhal sonra, fin kommunist partiyasının rəhbəri Otto Kuusineni gizlincə Teriokiyə aparan qrupun tərkibində olub. Bir qədər də keçdi və hər şeyin üstü açıldı. Hələ o zaman, mən siyasət barədə uşaq anlayışımla təəccüb etmişdim ki, “bizim hökumət nədən bu qədər yalançıdır?”.
Iki il sonra, Hitler hücuma başlayanda mənim 15 yaşım vardı, “Bauman” metro stansiyasının yaxınlığında, Razqulyay küçəsində yerləşən evakuasiya hospitalında sanitar işləyirdim. Rjov döyüşlərindən gətirilən yaralılarla çox söhbətlərim oldu. Onlardan heç biri ön döyüş xəttində beş gündən artıq olmamışdı, heç biri. Onların döyüşlər barədə danışdıqları bizə radio və qəzetlərlə verilən məlumatlara qətiyyən uyğun deyildi. Həqiqətlər o qədər kəskin idi ki, onlardan xəbər tutan adamın hökumətə heç bir inamı qala bilməzdi. Üstündən onilliklər keçdikdən sonra mənə məlum oldu ki, müharibənin ilk aylarında səfərbər edilib ön cəbhəyə göndərilmiş 1921, 1922 və 1923-cü il təvəllüdlü gənclərin yalnız 3 faizi müharibədən sağ-salamat evlərinə qayıda bilib. Yeri gəlmişkən, bizim tarixçilər və generallar itkilərin nədən bu qədər çox olması barədə bizə hələ də yalan danışmaqda davam edirlər.
20 il sonra Karib böhranı başladı. Böhranın ən kəskin günlərində mən, faktiki olaraq, institut direktoru A.A.Arzumanyanın köməkçisi idim. Arzumanyan isə Mikoyanın qaynı idi. Xruşşov Kuba məsələsi ilə məşğul olmağı Mikoyana həvalə etmişdi. Buna görə mən hadisələrin mərkəzində idim və direktorun danışığından anlayırdım ki, bizim raketlər həqiqətən Kubadadır. Hərçənd, adətən sakit olan nazir Qromıko elə hay-həşir salmışdı ki, guya Kubada heç bir sovet raketi yoxdur, amerikalılar gözlərinin içinə kimi yalan danışırlar.
Həmin vaxt bizim Vaşinqtonda olan səfir Dobrıninə raketlər barədə suallar verilərkən, elə cavablar verirdi, sanki adam raket deyilən şeyin nə olduğundan xəbərsizdi. Sovet jurnalistləri, şərhçilər xalqın önündə dəridən-qabıqdan çıxırdılar: “Sovet hökumətinin sülhsevər siyasətindən xəbəri olan hansı adam inanar ki, biz Kubaya raket aparmışıq?”. Və çox keçmədi ki, prezident Kennedi bizim Kubadakı raketlərin kəşfiyyat təyyarələrindən çəkilmiş fotolarını bütün dünyaya təqdim etdi. Beləcə, sovet hökuməti geri çəkilməli oldu. Mikoyana Kubaya uçub Fidel Kastro ilə danışmaq həvalə olundu ki, onu raketlərin rüsvayçılıqla geri daşınmasına razı salsın. Bu barədə məlumat verəndə Arzumanyanın sifətinin nə hala düşdüyü heç yadımdan çıxmaz. Amma nə oldu, kim etiraf etdi, kim üzr istədi? Heç kim. Sanki belə də olmalı imiş.
Bir neçə il sonra bizim tanklar Praqaya girdilər. Moskvanın hər yerində partiya komitələrini yığıb bütün təbliğatçı, təşviqatçı və mühazirəçilərə tapşırıq verilmişdi ki, yalan ruporunu var gücüylə işə salsınlar, guya, bizim qoşunlar Çexoslovakiyaya daxil olmaqla NATO qoşunlarını iki saat(!) qabaqlayıblar. Yeri gəlmişkən, daha sonralar eyni şeyi Əfqanıstan barədə də deyəcəkdilər. Bir neçə ay öncə, Əfqanıstanda döyüşlərdə olmuş bir veteranla söhbətim oldu. Adam hələ də əmindir ki, sovet qoşunları ora daxil olmazdısa, cəmi bir neçə gün sonra amerikalılar Əfqanıstanı işğal edəcəkdilər.
Cənubi Koreyanın sərnişin təyyarəsinin vurulmasını yada salaq. Yüzlərlə adam ölmüşdü. Bizdə səslənən rəsmi versiya belə idi ki, təyyarə nasazlıq üzündən dənizə düşüb. Ölkədən xaricə gedib-gələn hər kəsə ciddi tapşırıq verilirdi ki, həmin təyyarə qəzası ilə bağlı sualla üzləşdikdə məhz belə cavab versinlər.
Çernobıl qəzası da həmçinin. Bütün Qərb mətbuatı bəşəriyyət üçün yaranmış təhlükədən haray salmışdı. Bizim “Pravda” isə yazırdı, əşi, nə təhlükə, hər şey qaydasındadır, Qərb mətbuatı bizə böhtan atır. Hələ bir it şəkli də yerləşdirib altından yazmışdılar ki, “baxın, bu, Çernobılda bir evdir, ev sahibləri istirahətə gediblər, it isə evin keşiyini çəkir”.
Düz 65 il mən yalan-palan səltənətində yaşamışam. Özüm də hərdən yalan danışmaq məcburiyyətində qalırdım, necə bəs… Amma mənim bəxtim qismən gətirmişdi, şərqşünas idim, Qərbin “yalanlarını ifşa etmək” vəzifəsi ilə üz-üzə deyildim. Indi isə, hərdən tələbələrim soruşanda ki, “həqiqətənmi sovet sistemi ən zalım, ən qanlı sistem olmuşdur?” – mən belə cavab verirəm: “Yox, tarixdə Çingiz xan, Teymurləng, Hitler kimi daha zalımlar olub. Amma bizim sistem qədər yalançı sistem bəşər tarixində heç vaxt olmayıb”. Niyə indi bunları xatırladım? Heç özüm də bilmirəm. Bəlkə ona görə ki, yenə də hardasa tanınma nişanları olmayan hərbçilər barədə məlumatlar üzə çıxır…
Tərcümə etdi: Ruslan Köçərli (Mənbə: “http://ukraine.d3.ru/comments/537591/”)