Rusiyanın Ukraynaya qarşı aqressiv addımları, Krımın ilhaqı beynəlxalq aləmdə mənfi qiymətləndirildi və bu ölkəyə qarşı sanksiyaların tətbiq olunmasına gətirib çıxardı. 100-dən artıq ölkə baş verənləri müstəqil dövlətin ərazi bütövlüyünə qarşı təcavüz kimi qiymətləndirdi.
Azərbaycan da BMT-dəki səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Təbii ki, Rusiyanın qəzəbinə düçar olmamaq üçün, bu ölkəyə də müəyyən jestlər etdi. Yəni Azərbaycanın Ukraynanın lehinə münasibət bildirməsi, hakimiyyətin demokratik mahiyyəti ilə bağlı deyildi. Sadəcə, bu məqamda başqa bir addımın atılması tamanilə özünüifşa olardı. Əslində, Azərbaycan hakimiyyəti bütün bu müddət ərzində Ukraynada baş verənləri cəmiyyətə mənfi tərəfdən çatdırmağa çalışdı və göstərmək istədi ki, Avropaya inteqrasiyanın belə çətin nəticələri ola bilər. Ukrayna xalqı faktiki olaraq Avropa Birliyi ilə Assosasiya Sazişinin imzalanmasını tələb edirdi. Azərbaycan isə faktiki olaraq bu sazişi imzalamaqdan imtina edib və “Strateji əməkdaşlıq” təklif etməklə vəziyyətdən çıxış yolu tapmaq istəyir. Bütün bunları xatırlamaqda məqsədimiz, Ukraynadakı seçkilərdən sonra Azərbaycan hakimiyyətinin sərgilədiyi münasibətlə bağlıdır.
Başqa vaxt Ukrayna ilə qardaş ölkə olduğumuzu, bu ölkə ilə sıx əməkdaşlığa maraq göstərdiyimizi və Ukrayna xalqının seçiminə hörmət etdiyimizi dilə gətirsələr də, Ukraynadakı son seçkilərə rəsmi şəkildə münasibət bildirilmədi.
Qeyd edək ki, Azərbaycan Ukraynaya seçki müşahidəçisi də göndərmədi. Hətta Azərbaycan-Ukrayna Parlamnetlərarası qrumundan da müşahidəçi təyin edilmədi. Seçkilərdən sonra isə, Ilham Əliyev yeni prezidenti operativ olaraq təbrik etmədi.
Diqqət çəkən məqam ondan ibarətdir ki, istər Türkiyədə, istər Rusiyada, istərsə də digər ölkələrdə seçkinin nəticələri tam elan edilməmiş, Ilham Əliyev yeni prezidentləri rəsmi şəkildə təbrik edirdi.
Ukrayna ilə bağlı eyni münasibətin göstərilməməsi nədən xəbər verir?
Yaranmış mənzərə onu sübut edir ki, Azərbaycan hakimiyyəti Ukraynada baş verənlərin yekunlarından narazı qalıb. Çünki Ukrayna xalqı avrointeqrasiya tələbində qalib gəldi, xalqın iradəsinin əleyhinə çıxan prezident devrildi və xalq demokratik şəkildə öz prezidentini seçdi. Hazırda Azərbaycanda da eyni proseslər baş verir. Yəni Azərbycan cəmiyyəti də Avropaya Inteqrasiyanı tələb edir, hakimiyyət şəxsi maraqlarına görə xalqın iradəsinin əleyhinə siyasət yürüdür və bu vəziyyətdən əksəriyyət narazıdır. Məntiqlə yanaşsaq görərik ki, Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlanması üçün real şərait yaranıb.
Yəni Ukraynada bu gün əldə olunan nəticə, Əliyev hakimiyyətinin mahiyyətinə ziddir. Ona görə də Ilham Əliyev Ukrayna xalqını və yeni prezidenti təbrik etməkdə həvəsli görünmür. Indiki məqamda Ukraynada baş verənlər Azərbaycan hakimiyyəti üçün “qorxulu yuxu” kimi görünür. Bu yuxunun dəqiq yozumu isə, yalnız xalq üçün önəmlidir.
Ola bilər ki, sonradan müəyyən təbriklər səsləndirilsin. Amma bu addım səmimi xarakter daşımayacaq.
Görünür, xalq iradəsinin üstün olduğu ölkələrin nümunəsi, Azərbaycan hakimiyyəti üçün pis nümunədir. Çünki bu hakimiyyətin öz “yol”u, öz “nümunə”si var.
İlham