Uzun illərdir ki, ölkədə ağacların kəsilməsi ilə bağlı populist çağırışlar və yazılar gündəmi tərk etmir. Ilham Əliyev Ağdaş rayonunda olarkən nəqliyyat naziri Ziya Məmmədov ora çəkiləcək dördzolaqlı yolun sxemini təqdim etdi. Məlum oldu ki, əgər mövcud yol genişləndirilərək dördzolaqlı olacaqsa, onda yolun kənarındakı ağaclar kəsilməlidir. Bunu görən Ilham Əliyev bildirdi ki, ağacların kəsilməsinə razı ola bilməz, ona görə də dördzolaqlı yola ehtiyac yoxdur. O ensiz olmalıdır. Əsl populizmdir. Ölkəmiz dünya ilə bərabər inkişaf edir.
Çağdaş inkişafın ən vacib şərtlərindən biri yol infrastrukturudur. Çağdaş yollar enli, çoxzolaqli, hamar və kəsişmələrsiz olmalıdır. Üstündən bir az keçəcək Ağdaşdakı həmin yolu da, həmçinin digər yolları da genişləndirmək lazım gələcək. Onu indidən etmək lazım deyildimi? Ağacları insana mane olduqda, vacib layihələri həyata keçirmək lazım gədikdə kəsmək olar. Niyə olmaz ki? Kəsdiyinin əvəzinə onunu əkməklə vəziyyəti təmamilə kompensasiya etmək olar. Ağacları kəsmək olmaz deyəndə, başqa məqam nəzərdə tutulmalıdır. Həyətdəki ağacları doğrayıb yerinə qaraj, yol kənarındakı ağacları doğrayıb yerinə restoran, parkdakı ağacları doğrayıb yerinə şadlıq evi, villa tikmək olmaz. Yoxsa ağaca görə yolu genişləndirməyə qoymamaq təmamilə absurddur. Bunun nəticəsi o olacaq ki, vətəndaşlarımız yolun dar olması səbəbindən idarə etdikləri avtomobili yolun kənarındakı ağaclara çırpıb həyatlarını itirəcəklər. Istər Heydər Əliyev, istərsə də Ilham Əliyev dəfələrlə ağac kəsilməsinə son qoyulmasını tələb edirlər. Özü də çox qəti və sərt şəkildə. O Bakı, o da siz. Baxın, görün, vəziyyət necədir. Zeytunluqdakı ağacların kəsilməsini lentə alan “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin başına bu iqtidar nələr gətirdi? Yazıq canını götürüb ölkədən qaçmağa məcbur oldu. 4-5 il bundan qabaq Ilham Əliyev bir toplantıda Bakıda ağacların kəsilməsi haqda çox qəzəbli danışdı və bunu edənlərin çox ciddi cəzalandırılacaqlarını dedi. Həmin çıxışdan 5 gün sonra “Izmir” kinoteatrı ilə üzbəüz, “Neftçi” idman bazasının qabağındakı ağacları doğrayıb yerində şərab dükanı tikdilər. Həmin dükanın deputat mandatı verilmiş Adil Əliyevə aid olduğu deyilir. Təkcə ANS-in “Iç xəbər” verilişində Bakının bu və ya digər yerlərində istirahət yerlərindəki ağacların kəsilib yerində tikinti aparılmasına qarşı sakinlərin etirazı haqqında saysız-hesabsız sujetlər veriblər. Kamera qarşısına keçən çarəsiz sakinlər, oradan ölkə başçısına səslənərək, ondan yardım istəyiblər. Ancaq heç bir xeyri olmayıb, ağaclar kəsilib, yerində hansısa məmur özünə obyekt tikib. Ağdaşda isə Ilham Əliyev yolun genişləndirilməsinə icazə vermir, ağaclar kəsiləcəkmiş….