Əli Kərimli məhkəməyə qatıldı: “Bu gəncləri tezliklə azadlıqda görəcəyik”
“NIDA” Vətəndaş Hərəkatının 8 fəalı – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Ilkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun işi üzrə məhkəmə prosesində vəkillərin müdafiə çıxışları dünən tamamlandı. Yalnız gənc fəalların özlərinin məhkəməyə son sözü qaldı ki, bu da növbəti məhkəmə iclasına saxlanıldı.
Polis nəzarəti altında məhkəmə
“NIDA”çıların işi üzrə son üç məhkəmə iclası keçirilən vaxt nəinki prosesin keçirildiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının ətrafı, hətta ora yaxın küçələrə polislərdən ibarət sədd çəkilir. Məhkəməyə getmək istəyənlərin qarşısı kəsilir. Həm də təkcə məhkəməyə gedənlərin yox, ümumiyyətlə, bu prosesdən bixəbər olan, öz iş-gücünün ardınca gedən adamların da hərəkətinə imkan verilmir.
NIDA-çılar aclığı dayandırmamaqda israrlıdır
Ötən məhkəmə iclasında olduğu kimi, dünən də gənc fəallar məhkəmə zalına gətiriləndən sonra valideynləri hakimlər gələnə qədər fürsətdən istifadə edərək, onlardan aclığı dayandırmalarını istədilər. Eyni zamanda, məhkəmə iclasında iştirak edən AXCP sədri Əli Kərimli də Azərbaycanın onlar kimi işıqlı gənclərə ehtiyacı olduğunu vurğulayaraq, onları aksiyanı dayandırmağa çağırdı. Çünki aprelin 17-dən bəri aclıq aksiyası keçirən NIDA-çıların zəiflədiyi açıq-aşkar hiss olunurdu.
Zaur Qurbanlının anası Səkinə Qurbanova gənclərə müraciət edərək bildirdi ki, əgər aksiyanı dayandırmasalar, valideynlər də yenidən aclığa başlayacaqlar.
Amma bütün bu çağırışlar, xahişlər gənclərin aksiyanı davam etdirmək qərarını dəyişmədi. Gənclər də öz növbələrində yaxınlarını sakitləşməyə, onların mübarizəsinə, etirazına hörmətlə yanaşmağa çağırdı.
***
Dünənki məhkəmə iclasında iki vəkil çıxış etdi. Müdafiəçi Elçin Sadıqov NIDA-çılara qarşı cinayət işinin saxta və qurama olduğunu vurğulayaraq, Avropa Məhkəməsinin qərarlarından nümunələr gətirdi. Bu işin təzyiq altında alınmış ifadələrə əsaslandığını deyən vəkil qeyd etdi ki, bu yolla əldə olunan ifadələr əsasında kiminsə məhkum olunması yolverilməzdir, istər yerli qanunvericiliyə, istərsə də Avropa Konvensiyasına ziddir.
Hakimiyyətin “facebook”dakı aktiv tənqidçilərə hücumu
Digər vəkil Xalid Bağırov bu prosesi Ismayıllı hadisələri üzrə keçirilən məhkəmə ilə müqayisə etdi, ötən il martın 10-da keçirilən və gənclərə verilən ittihamın əsasında dayanan “Əsgər ölümlərinə son!” aksiyasından danışdı: “Bu cinayət işində hər şey ondan başladı ki, dinc dövrdə az qala, hər gün əsgər ölümləri xəbərləri gəlir. Ən dəhşətlisi isə budur ki, bu ölümlər düşmən gülləsindən yox, öz silahlarımızdan açılan atəşlər, müəmmalı xəstəliklər, çoxsaylı intiharlar nəticəsində baş verir. Kiminsə buna ”dur” deməsi lazım idi. Internetdə və həyatda aktiv olmağa başlayan gənclik bu gedişata öz reaksiyasını dinc xarakterli “Əsgər ölümlərinə son!” aksiyası ilə göstərdi. Lakin görünən odur ki, dövlət gənclərin bu aksiyasından düzgün nəticə çıxara bilmədi. Əsgər ölümlərinin qarşısını almaq əvəzinə, ölümlərə etiraz edən, bu dövlətin gələcəyi ola biləcək gənclərin qarşısını aldı. Bəxtiyar Quliyev, Məmməd Əzizov “NIDA”ya üzvlük üçün müraciətindən heç on gün keçməmiş Şahin Novruzlu barəsində qərarlar qəbul olundu. Çünki Bəxtiyar və Məmməd hakimiyyəti qəzəbləndirən, əsl həqiqətdə isə müasir satiranın gözəl nümunəsi olan “Heydər Əliyev adına səhifə”nin adminləri idilər. Bundan sonra hakimiyyətin “facebook”da aktiv olan gənclərə və tənqidçi səhifələrə qarşı hücumları daha artdı. “Yaltaqlara dur deyək” səhifəsinin admini Əbdül Əbilov, “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov həbs olundu”.
Çaydanda, bankada təhlükə axtarışı
Gənclərin evlərində MTN əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar barədə danışan vəkil bildirdi ki, bu hərəkət baxış kimi qələmə verilsə də, faktiki mənzillərdə axtarış aparılıb: “Şahin Novruzlugilin evində onun atasına məxsus seyf açılır, içindəki əşyalar çıxarılır, mətbəxdə çaydanların içinə belə baxılırsa, Bəxtiyar Quliyevgilin mənzilində bankaların içi axtarılırsa, bu artıq baxış yox, axtarışdır. Axtarış isə istintaq hərəkətidir və mütləq müstəntiq həyata keçirməlidir. Özü də bu, məhkəmənin qərarı əsasında olmalıdır. Təkcə bu faktın özü həmin əməliyyatların qanunsuz hesab olunması üçün kifayətdir. Sən demə, təhlükəsizlik orqanları Şahin Novruzgilin evində çaydanın, Bəxtiyargildə bankanın içində təhlükə axtarırmış…”
Vəkilin sözlərinə görə, evlərdə aparılan axtarışların videosuna məhkəmədə baxılarkən açıq-aşkar görünür ki, “Molotov” butılkaları və narkotik maddə mənzillərə MTN əməkdaşları tərəfindən yerləşdirilib: “Ittiham tərəfi 28 fevralda Venesiya kafesində görüşün olması və bu görüşdə 10 mart aksiyasına qərar verilməsi barədə qənaətində iki sübuta istinad edir – Məmməd Əzizovun həbsinin ilk günlərində istintaqa verdiyi ifadələrə və Anar Abbasovun ifadələrinə. Məmməd elə istintaq dövründə bu ifadələrdən imtina edib, bildirib ki, onu təzyiq altında verib. O ki qaldı Anar Abbasova, o, məhkəməyə ifadə verərkən Rəşad Həsənovun əvəzinə Şahin Novruzlunu göstərdi. Məlum oldu ki, bu şahid heç barəsində danışdığı ”NIDA”nın mənasını qavramır, onun sayt olduğunu deyir”.
“İlkin Rüstəmzadənin həbsi müstəsna həyasızlıq idi”
Xalid Bağırov hakimlərin məhkəmə prosesi boyunca ittiham və müdafiə tərəfinə bərabər imkan yaratmamağa görə qınadı: “Bizə ittiham tərəfi qədər imkan yaratmadınız, müdafiə tərəfinin sübutlarını araşdırmadınız. Məsələn, ötən il fevralın 28-də ümumiyyətlə, ”Venesiya” kafesində olmadığını sübut edən məlumatları, fotoşəkilləri təqdim etsək də, qəbul etmədiniz. Bizim şahidlərimizi dindirmədiniz”.
Ilkin Rüstəmzadəyə qarşı irəli sürülən xuliqanlıq ittihamını isə Xalid Bağırov “müstəsna həyasızlıq” kimi qiymətləndirib: “Ilkin Rüstəmzadə ilə bağlı məsələ Rəşadət Axundov demişkən, müstəsna həyasızlıq idi. Belə çıxır ki, ”youtube” şəbəkəsinə video yerləşdirmək xuliqanlıq sayılır? Üstəlik, həmin “Harlem-Shake” videosunu çəkən, sayta yerləşdirən Mehman Hüseynov məhkəməyə ifadəsində də bildirdi ki, bunu mən eləmişəm. Hətta ironiya ilə əlavə etdi ki, o dəmir barmaqlıqlar arasında Ilkinin yerinə ştativ oturmalı idi. Çünki Ilkin ancaq ştativi tutub. Siz hakimlərə, prokurora bu cür ironiya xoşdurmu? Xuliqanlıq varsa, ortada zor tətbiq etmə də olmalıdır. Kim zor tətbiq etmənin qurbanıdır? Ilkin Rüstəmzadəni “NIDA”nın işinə calamaq istəsələr də, ortada heç nə yoxdur. Müstəntiq bunu hansı ağılla, hansı məntiqlə edib?”
Bu yerdə Rəşad Həsənov yerindən belə bir replika verdi: “Xalid bəy, olan budur, Fransadan müstəntiq gətirəsi deyilik ki…”
Xalid Bağırov sonda hakimlərdən ədalətli hökm çıxarmalarını istədi, “Mən bilmirəm, siz nə hökm çıxaracaqsınız. Bir neçə gün əvvəl prokuror artıq öz mövqeyini ortaya qoydu. Mən bilmirəm ki, bu addımını o, məhkəmədən kənarda necə əsaslandıracaq. Amma yəqin ki, ”Ağabala, mənlik olmadı…” şəklində özünə haqq qazandırmağa çalışacaq. Yox, Ağabala, məhz sənlikdir. “Yox” deyə bilməsəniz, sizin özünüzü bezdirəcəklər…”.
Vəkillərdən Rəşid Hacılı ölkədə olmadığından NIDA-çılar məhkəmə prosesi uzanmasın deyə, onun müdafiəsindən imtina etdilər. Bu barədə yazılı ərizə məhkəməyə təqdim olundu.
Rəşadət Axundov məhkəməyə məlumat verdi ki, onlar son söz olaraq, səkkizinin də adından bir mətn hazırlayıb imzalayacaqlar. Onlardan biri həmin mətni növbəti məhkəmə iclasında səsləndirəcək.
Növbəti məhkəmə iclası isə mayın 1-nə təyin olundu.
***
AXCP sədri Əli Kərimli məhkəmə prosesindən sonra “Azadlıq” radiosuna bildirib ki, o, məhkəmədən ədalətli qərar gözləmir. Onun ehtimalına görə, hakimiyyət gəncləri həbs edəcək, amma onları həbsdə uzun müddət saxlaya bilməyəcək: «Artıq Azərbaycan Avropada ən çox siyasi məhbusu olan ölkəyə çevrilir. Mayda Avropa Şurasında Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycanda 130-dan çox siyasi məhbus olması elə Avropanın özünə başıaşağılıq gətirən bir haldır. Belə bir ölkə başqalarını insan haqlarına hörmətə neçə çağıracaq? Ona görə də düşünürəm ki, həm beynəlxalq, həm də cəmiyyətimizin səsi eşidiləcək və biz bu gəncləri tezliklə azadlıqda görəcəyik».
AXCP sədri Facebook səhifəsində isə gənclərin aclıq aksiyasını davam etdirməkdə israrlı olmalarından yazıb: “Bu gün də NİDA-çıların məhkəməsinə getmişdim. Çalışdım onları inandırım ki, Azərbaycan hakimiyyəti humanizmdən uzaq olduğu üçün bu ölkədə aclıq aksiyası çox vaxt gözlənilən nəticəni vermir. Aclığı dayandırmalarını təklif etdim. Valideynləri də çox təkid etdilər ki, aclığı dayandırsınlar. Amma gənclər aksiyanı davam etdirməkdə qərarlı görünürlər. Gənclərin nə mübarizə əhval-ruhiyyəsi, nə də optimizmi aşağı düşüb. Onu da dedilər ki, Azərbaycanın xilası üçün bu əziyyətləri çəkməyinə dəyər! Belə gənclərlə necə fəxr etməyəsən?”.
Aytən Məmmədova