Telekanal Gənclər və İdman Nazirliyindəki korrupsiya faktlarını açıqladı
ANS televiziyası bir neçə gün qabaq Hesablama Palatasının hesabatında Gənclər və İdman Nazirliyinfə korrupsiya əməllərinə dair faktların yer aldığı haqda məlumat vermişdi. Məlumat yayılandan dərhal sonra həm nazirlik (şəxsən nazir Azad Rəhimov), həm də Hesablama Palatası telekanalı təkzib etdi. Nazirlik bundan əlavə ANS-i məhkəməyə verəcəyi ilə hədələdi. Telekanal 24 aprel tarixli informasiya proqramında yenidən mövzuya qayıdaraq xüsusi reportaj verib. Kanalın əməkdaşı Ləman Ələşrəfqızının hazırladığı reportajı təqdim edirik:
***
Hesablama Palatasının Gənclər və İdman Nazirliyində aşkar etdiyi nöqsanlarla bağlı mətbuatda açıqlanan hesabat cinayət məsuliyyətindən xəbər verirdi. Baxmayaraq ki, Palatanın hesabatındakı aşkar edilən nöqsanları sonradan təkzib etməsi 5-6 nəfərin tənbeh və xəbərdalıq alması ilə nəticələndi. Bizi mövzuya yenidən qayıtmağa vadar edən tək bu fərq deyil.
Hesablama Palatasının “ach.gov.az” saytını az qala qovub tutdum desəm, mübaliğə etmərəm. Saytın adı ingiliscə olduğundan belə deyirəm, amma saytda palatanın 2013-cü il fəailyyəti haqqında hesabatını bir ömür boyu qovsan da tuta bilməyəcəksən. Çünki Hesablama Palatasının rəsmi saytında yerləşdirilən ən son hesabat 2011-ci ilin 15 aprelinə aiddir, yəni, düz üç il əvvələ. Onda Hesablama Palatasının ötən ilki fəaliyyəti haqında hesabatını özümüz tapmalı olduq.
Hesabatda audit tədbiri zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməməsi nəticəsində yol verilən nöqsanlara düz iki vərəq yer verilib. Burada Gənclər və İdman Nazirliyi tərəfindən aparatın saxlanmasından tutmuş ta müxtəlif tədbirlərdə iştirakçılara hədiyyələrin verilməsinə qədər proqnoz rəqəmlərin şişirdildiyi, beynəlxalq idman yarşlarına cəlb edilmiş mütəxəssislərə normadan bir neçə dəfə artıq əmək haqqı ödənildiyi, xatirə prizləri əvəzinə nağd ödənişlər aparıldığı, yemək və yaşayış xərcinə görə artıq büdcə vəsaiti sərf edildiyi və çoxlu sayda faktlardan danışılır.
Maraqlıdır, nazirliyin fəaliyyətində korrupsyia hallarına yol verilidiyini etiraf edən də Hesablama Palatasıdır, sonradan təkzib verən də. Hərçənd, burda təkzibdən yox, cinayət məsuliyyətindən danışmaq lazımdır ki, biz bunu görmürük. Baxmayraq ki, ortada çox ciddi rəqəmlərdən söhbət gedir.
Tutaq ki, biz Gənclər və İdman Nazirliyini əsəbiləşdirməmək və ya qıcıqlandırmamaq məqsədilə bütün bu halları korrupsiya ehtimalının hər hansı fraqmenti adlandırmayaq, sadəcə maliyyə pozuntusu adlandıraq. Hətta belədirsə belə, kimsə cavab verməlidir axı. Cavab verənlər də olub, cəmi 5 nəfər barədə intizam tənbehi tətbiq edilib, 2 şöbə müdirinə, bir sektor müdirinə töhmət verilib, iki şöbə müdirinə isə xəbərdarlıq edilib, vəssəlam, şüttamam.
“Unikal.orq” qəzetinin yazdığı rəqəmlərin yanında bu, heç nədir. Qəzet olimpiya idman komplekslərinin tikintisi zamanı nazirliyin ciddi korrupsiya faktlarına yol verdiyini konkret rəqəmlər arasındakı kəskin fərqlərlə göstərib. Bu rəqəmlərə baxanda kompleks inşa edənlərin iştahlarının ildən-ilə necə artdığını görməmək olmur.
Məsələn, Sabirabaddakı OİK-ə 837 min, Ağdamdakına 3,6 milyon, Biləsuvar və Kürdəmirdəkilərə 9,2 milyon AZN xərcləndiyi halda, İsmayıllıda 11,5 milyon, Tovuzda, Göyçayda, Qəbələdə 12 milyon, Sumqayıtda OİK-in tikintisinə isə 16 milyon AZN vəsait xərclənib. Bəli, dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsaitlər arasındakı bu qədər fərq təkcə maraq doğurmur, həm də bir məntiqi izah tələb edir. Xüsusilə bu faktın timsalında: Sabirabadın Qalaqayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında çox cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var.
Biz həmin məlumatları korrupsyia elementi adlandırmasaq, bu, nəyi dəyişir? Azad Rəhimov ötən gün bu mövzuda ANS-in sualına belə cavab verdi: “O tikən şirkət özü-özündən pul oğurlayır? Biz gecə-gündüz komplekslərdə çalışırıq ki, artıq pullar xərclənməsin. Ən balaca məsələyə qədər… Gedirik ki, kompleksdə böyük bir holldur. Mən sual verirəm ki, o holl kimə lazımdır, o böyüklükdə? Konsert keçirəcəksiz gecə-gündüz? Əgər o korrupsiyadırsa, biz onunla məşğuluq gecə-gündüz”.
İkibaşlı bəyanatdır. Nazirin ANS-i məhkəməyə vermək barədə anonsu isə bir çox məsələlərə işıq salınmasına kömək edərdi. Ən azı belə bir məhkəmə baş tutsa, yəqin ki, sadaladığımız qaranlıq məsələlərə aydınlıq gələr və nazirlik də özünün şəffaf çalışdığını sübut etməklə vicdanı rahatlıq tapar.
Amma biz işıqdan danışırıq ha, nurdan yox, ona görə də qarışdırmayın…