Səfər Əbiyevin ətrafının hədəfə alınması nəyə hesablanıb?
Sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın ətrafı hazırda hədəfə alınıb. S.Əbiyev vəzifəsindən uzaqlaşdırılandan sonra əksər sabiqlər kimi onun da «qara siyahıya» salınacağı düşünülürdü. Amma S.Əbiyevin oğlunun toy mərasimində əksər oliqarx məmurların iştirakı və onun yeni vəzifəyə təyin olunacağı ilə bağlı açıqlamalar ənənəvi planın bu dəfə işə düşməyəcəyi fikrini yaratdı. Çünki bir qayda olaraq yüksək çinli məmurlar icazə olmadan «vurulmuşların» məclislərinə qatılmırlar. Amma bir müddət sonra orduda baş verən həbslər S.Əbiyevin yaxın ətrafının hədəf seçilməsi fərqli mənzərə yaratdı. Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbsi bunu sübut edir. Vitse-admirala qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bundan başqa general Məmməd Beydullayev də istintaqa cəlb olunub.
Beləliklə Səfər Əbiyev ətrafında halqa daralır. Xatırladaq ki, AAHM-in sabiq rəisi Mirzəli Yusifov da bir neçə gün əvvəl həbs edilib. O, da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Bundan başqa, Ali Hərbi Məktəbin tədris şöbəsinin keçmiş rəisi mayor Ramiz Fərəməzov da həbs edilib. Prokurorluq orqanları onun barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır.
Hazırda ordudakı həbslər belə bir sualı aktual edir. Nə baş verir? Ordudakı həbslər nəyin təzahürüdür? Ordudakı yoxlamaların artıq S.Əbiyevin çevrəsinə sıçraması nəyin görsənişidir? Bir sıra ekspertlərin fikrinə, müşahidə olunan proseslər korrupsiyaya qarşı aparılan «mübarizə» kampaniyasının tərkib hissəsidir. Eyni zamanda belə bir fərziyyə də irəli sürülür ki, bu həbslər hakimiyyətin bir qayda olaraq sabiqlərə münasibətdə yürütdüyü ənənəvi siyasətin tərkib hissəsidir.
Rəhim Qazıyev: «Nə qədər bu rejimə xidmət edirsən, hansı qanunu pozsan ona göz yumacaqlar»
Sabiq müdafiə naziri Rəhim Qazıyev hesab edir ki, baş verənlər sadəcə olaraq hazırkı rejimin xislətini göstərir. Yəni Azərbaycan kimi qurluşlarda hakimiyyətdən uzaqlaşmaq səni özünümüdafiədən də məhrum edir: «Nə qədər bu rejimə xidmət edirsən, onun daxilindəsənsə nə etsən, hansı qanunu pozsan ona göz yumacaqlar. Rejimin himayəsindən məhrum olan kimi yerdə qalanlar özlərinə haqq qazandırmaqdan ötrü səni hədəf seçəcəklər. Necə ola bilər ki, Müdafiə Nazirliyində 18 il işləyən bir şəxsin cinayəti bilinməyib? Bu olduqca eybəcər tendensiyadır və sistemin çürüklüyün göstərir».
Üzeyir Cəfərov: «Ordudakı həbsləri beynəlxalq qurumların Azərbaycandakı korrupsiya və rüşvətlə bağlı narahatçılığı ilə da izah etmək olar»
S.Əbiyev vəzifəsindən çıxarılandan sonra onun yeni vəzifəyə təyin olunacağı ilə bağlı həqiqətən də məlumatların dolaşdığını deyən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu fikri səsləndirənlərdən biri də elə o özü olub. S.Əbiyevin oğlunun toy mərasimində dövlət başçısının salamlar və təbrikinin çatdırılmasının təsadüfi olmadığını düşünən Ü.Cəfərov qeyd etdi ki, bu S.Əbiyevə vəzifə veriləcəyi görüntüsünü yaratmışdı. Amma sonrakı proseslərdə ortaya son dərəcə dəhşətli faktların çıxması bu planın təxirə salınmasına səbəb oldu: «Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılmasından sonra bir sıra yeyinti və korrupsiya faktları meydana çıxdı. Bu faktlar təhfil-təslim zamanı müəyyən olunmuş faktlar idi. Məhz bu hadisələrdən sonra Səfər Əbiyevin vəzifəyə təqdimatı məsələsi bir qədər yubandı. Amma son vaxtlar Hərbi Dəniz Qüvvələrində baş ıermiş hadisələr, mətbuata açıqlanması mümkün olmayan məxfi xəritələrlə, bəzi xarici şirkətlərlə iş birliyi ilə bağlı bir sıra dövləti cinayətlər Səfər Əbiyevin vəzifəyə təyinatını arxa plana keçirdi».
Ş.Sultanovun həbsi, general Beydulayevin istintaq tərəfindən dindirilməsinin təsadüfi olmadığını düşünən Ü.Cəfərov vurğuladı ki, digər bir neçə vəzifəli şəxsin də yaxın günlərdə məsuliyyətə cəlb edilməsi baş verə bilər: «Sabiqlərin bir-bir hədəf seçilməsi təkcə Müdafiə Nazirliyində baş vermir. İlk dəfədir ki, vitse-admiral ranqında bir hərbçi məsuliyyətə cəlb olunub və məhkəmənin qərarından sonra onun əlindən rütbəsi alına bilər. Bü da həmin şəxs üçün böyük faciədir».
Beynəlxalq qurumların Azərbaycandakı korrupsiya və rüşvətlə bağlı böyük narahatçılıqlarının olduğunu deyən Ü.Cəfərov bildirdi ki, artıq bu həddə çatıb ki, dövlət rəhbərliyi hesabat xatirinə olsa belə müəyyən işlər görsün. Məhz bu məqsədlə bu həbslər həyata keçirilir. «Dövlət büdcəsindən müdafiə sektoruna ayrılan pullar kiminsə şəxsi vəsiti deyil. Yaxın bir neçə gündə daha bir neçə hərbçinin həbsi reallaşa bilər. Sabiq müdafiə naziri barəsində isə hər hansı ağır qərarın verilə biləcəyi az inandırıcıdır. Amma baş verənlərin fonunda Səfər Əbiyevin vəzifə alması real da deyil».
Hikmət