Dövlət orqanlarında rus dili niyə hökmranlıq edir?
Azərbaycanda rusiyameyilli qüvvələrin olması heç kimə sirr deyil və bu adamlar dövlətin müxtəlif strukturlarında təmsil olunurlar. Rusiyanın Krımı ilhaqından sonra 100-dən çox ölkə buna etirazın bildirdi və Ukraynanın ərazi bütövlüyünə səs verdi. Azərbaycan da BMT-də eyni mövqeni sərgilədi. Ancaq daxildə olan 5-ci kalonun fəallığı da müşahidə olundu. Bəzi deputatlar Putinə müraciət etdi, sovet ittifaqının bərpasını arzuladı. Bəziləri Krımın ilhaqına haqq qazandırdı. Yəni zərurət yaranan kimi rus sevgisini açıq ifadə etdilər.
Təəssüf olsun ki, bu proses insanların bir-biri ilə ünsiyyətində də müşahidə olunur və doğma dilimizi bilməyən xeyli adam var ki, yüksək vəzifələr tutur. Bu reallığı faktlarla da sübut etmək olar və konkret adlar çəkmək də mümkündür.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da mətbuata açıqlamasında bunu etiraf edib: “Müstəqilliyin ilk illərində bu problemin həlli ilə bağlı həddindən artıq irəliləyiş əldə olunmuşdu, hətta orta məktəblərin Azərbaycan bölmələrində rus dilinin tədrisi çıxarılmışdı. Insan əgər öz dilini bilmirsə, istənilən sayda xarici dildə danışması, dövlət orqanında çalışmasıÿona üstünlük gətirməz. Dövlət qurumlarının əksəriyyətində dəhlizdə işçilər bir-biri ilə rus dilində ünsiyyət qurur. Bu, keçmişdən gələn bir təcrübədir”- deyə millət vəkili bildirib.
Mehriban Vəzir: «Elçibəyin hakimiyyəti dövründə hətta ruslar da Azərbaycan dilində danışmağa cəhd edirdilər»
Milli Şura üzvü, publisist Mehriban Vəzir bildirdi ki, ictimai şüurun bu qədər zədə alması hazırki iqtidarın ayağına yazılmalıdır: “Azərbaycan üçün 5-ci kalon həmişə təhlükədir və imperiya dağılandan bir gün də olsun bu kalon fəaliyyətini dayandırmayıb. Təbii ki, imperiya öz ambisiyalarını yerinə yetirmək üçün hər vasitəyə əl atacaq. Bunun qarşısında milli dövlətin görəcəyi işlər var ki, dövlət bunu etmir. Məsələn, Elçibəyin hakimiyyəti dövründə hətta ruslar da Azərbaycan dilində danışmağa cəhd edirdilər. Rus təhsilli insanlar da latın qrafikasını öyərnirdilər və bu proses bizim gözlərimiz önündə baş verib. Indiki rejim hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişdi. Yəni rus dili itirdiyi hakimiyyəti yenidən bərpa etməyə başladı. Digər tərəfdən, ölkədə baş verən repressiyalar, insan hüquqlarının tapdanması, korrupsiya, sürətli təbəqələşmə, orta təbəqənin sıradan çıxarılması, mətbuatın boğulması, demokratik dəyərlərin məhv edilməsi, yeni düşüncə insanlarının yox edilməsi, müstəqilliyin dadını duymağa imkan vermədi. Hətta bəzi informasiya qıtlığı olan adamlar bütün bəlaları müstəqilliklə bağlayırlar. Vəziyyətin bu qədər ağırlaşması, ictimai şüurun bu qədər zərbə alması, hazırkı idarəetmənin ayağına yazılmalıdır. Çünki müstəqilliyin, milli dövlətçiliyin təbliğatı aparılmadı. Müstəqillik, ölkənin sərvətini talamaq deyil. Müstəqillik ruhi və mənəvi məsələdir. Çox təəssüf ki, bu ölkəni idarə edənlər talançılıqla qidalandılar və bu yolla hakimiyyətdə qalmağa üstünlük verdilər. Dövlətin mənəvi məsələsi diqqətə alınmadı. Ona görə də müstəqilliyimiz təhlükə altındadır”.
Vidadi Mirkamal: «Azərbaycanda milli hakimiyyət olmayana qədər bu tendensiyanın qarşısı alınmayacaq»
Milli Şura üzvü, hüquqşünas Vidadi Mirkamal hesab edir ki, rus dilinin hegemonluğu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yenidən başlayıb: “Azərbaycan uzun illər rus imperiyasının təsiri altında olub. Sovet dövründə rus dilini bilməyən ziyalı müdafiə edə bilməzdi. Müstəqillik dövründə isə Heydər Əliyev hakimiyyətə gələndən sonra bu proses yenidən start götürdü. Digər tərəfdən, Ilham Əliyev də rusdillidi və hakimiyyətə yeni gələndə Azərbaycan dilində səlis danışa bilmirdi. Onun ailəsi də rusdillidi. Bu mənada Ilham Əliyevin kadrları da rusdillilərdən ibarətdi. Azərbaycanda nə qədər ki milli hakimiyyət yoxdur, bu tendensiyanın qarşısı alınmayacaq. Indiki halda Rusiyanın işğalçı siyasətinin davam etməsi, Qərbin qətiyyətsiz mövqeyi, bəzi marığa yatmış adamları ümidləndirib. Bəzi marginal qüvvələr var ki, Rusiyaya sevgilərini ifadə etmək üçün fürsət gözləyirlər. Hesab edirəm ki, bu qrupların hegemonluğunun qarşısı alınmalıdır”.
Akif