Boris Nemtsov: “Rusiyanın ətrafında indi yalnız düşmənlərdir, hətta Belarus, Qazaxıstan və Azərbaycan da Putinə inamsızlıqla baxırlar”
Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov “Amerikanın səsi” radiosunun rus xidmətinə açıqlamasında deyib ki, Putinin siyasəti Rusiyanı təklənməyə və parçalanmaya aparır.
“Vladimir Putin Rusiyanı faktiki olaraq sonuncu müttəfiqlərindən də məhrum etdi. İndi hətta Belarus, Qazaxıstan və Azərbaycan da Putin Rusiyasına həddən artıq ehtiyatla və inamsızlıqla baxırlar. Aydın məsələdir ki, Rusiyanın ətrafında indi yalnız düşmənlərdir. Hətta dinc, sülhsevər çinlilər də hazırda Uzaq Şərqə ərazi iddiaları irəli sürürlər. Putinin yürütdüyü siyasət prinsip etibarilə Rusiyanın parçalanmasına aparır” – deyə müxalifət lideri bildirib.
Nemtsovun fikrincə, Putinin “Qafqazın korrupsiyalaşmış klanları ilə gizli sövdələşməsinə” əsaslanan sistem bir gün qəfildən çökəcək. Çünki bu sövdələşmə “mən sizə qan qoxulu pullar verirəm, siz isə mənə loyal olursunuz” formulu əsasında qurulub. “Rusiya Putinin indi Ukraynada separatçıları dəstəkləməsinin də çox ağır zərbələrini alacaq. Çünki Rusiyanın özünün də xeyli separatçısı var – Qafqazda da, Tatarıstanda da, hətta Sibirdə də”, – deyə Nemtsov qeyd edib.