Jurnalist məhkəmədə yenə məruz qaldığı işgəncələrdən danışdı: onun heç bir vəsatəti təmin olunmadı
Beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” kimi tanınan həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Dünənki məhkəmə iclasında Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən məruz qaldığı zorakılıqlardan danışıb.
Dünənki məhkəmə iclasına çağırılan şahidlərin heç biri gəlməyib. Vəkil Elçin Sadıqov şahidlərin məhkəməyə məcburi şəkildə gətirilməsinə dair vəsatət qaldırsa da, hakim Novruz Kərimov onu təmin etmədi: “Zaur Abdullayev artıq prosesdə dindirilib. Siz deyirsiniz ki, o, prosesə içkili gəlmişdi. Amma mən bunu hiss etmədim. Sevda Aslanovanın xəstəliyi barədə məhkəməyə sənəd daxil olmayıb. Ancaq biz məcburi gətirilmə haqqında qərar çıxaranda, müvafiq orqanın üstünə vəzifə qoymuş oluruq. Indi gedib görsələr ki, o, xəstəxanada müalicə alır, bu halda onu necə gətirə bilərlər?”
Daha sonra Pərviz Həşimli məhkəməyə ərizələ müraciət etdi. O, səkkiz aydan çoxdur ki, MTN təcridxanasında təkadamlıq kamerada, işgəncə altında saxlanıldığını bildirərək, məhkəmə prosesinin sürətləndirilməsini istədi: “Mənə valideynlərimlə görüş verilmir. Həftədə iki dəfə telefon danışığı hüququm olsa da, buna imkan verilmir, mənə mətbuat verilmir. Gətirib yalnız ”Xalq qəzeti”ni verirlər. Bu qəzeti oxumağın özü də bir işgəncədir”.
Hakim:
– Niyə sizə görüş vermirlər?
Pərviz Həşimli:
– Ona görə ki, mən onların dediklərini eləməmişəm.
Hakim:
– Burada nə problem var ki? Məhkəməyə ərizə ilə müraciət edin, valideynlərinizlə görüşə şərait yaradaq.
Pərviz Həşimli:
– Ən yaxşısı, prosesin bir az sürətləndirilməsi və hökmümün elan edilməsidir ki, oradan tez çıxım. Istintaq bitəndən sonra mənim MTN-də saxlanmağıma nə əsas var?
Hakim:
– MTN-nin təcridxanası tam qanuni fəaliyyət göstərir və istintaqı da özləri apardığı üçün sənin orada saxlanmağın qanunidir.
Pərviz Həşimli:
– Avropada belə bir təcrübə yoxdur ki, istintaq aparan orqanın öz təcridxanası olsun.
Hakim:
– Axı nədən narazılıq edirsiniz? Sizə gündə neçə dəfə yemək verirlər?
Pərviz Həşimli:
– Elçin Behbudov da gəlib mənə verilən yeməyin isti və ya soyuq olmasını soruşur. Mən isə başqa şey deyirəm. Ailə üzvlərimlə görüş verilmir, telefonla zəng edə bilmirəm, kamerada tək saxlanılıram. Mən işgəncəyə məruz qalıram.
Hakim:
– Siz nə danışırsız? MTN-də kimsəyə, xüsusilə də sizin kimi adama işgəncə verilməsi mümkün deyil.
Pərviz Həşimli:
– Necə mümkün deyil? Məni prokurorun yanında MTN əməkdaşları döyüblər, başıma torba keçirib saatlarla saxlayıblar. Bunlar işgəncə deyilmi?
Daha sonra vəkil Bəhruz Bayramovun Pərvizin evində axtarış aparılarkən MTN əməkdaşları tərəfindən təhlükəsizlik kamerasının yaddaş kartının götürülməsinə dair vəsatəti müzakirə edilib. Vəkil bildirib ki, MTN əməkdaşları Pərviz Həşimlinin evindən təhlükəsizlik kamerasının yaddaş aparatını götürüb, sonradan aparat geri qaytarılsa da, yaddaş kartı içində olmayıb: “Məhkəmənin həmin yaddaş kartını istintaqdan alıb işə əlavə etməsini xahiş edirik”.
Hakim vəsatəti təmin etməyib.
Vəkil Bəhruz Bayramovun digər vəsatəti Pərviz Həşimlinin guya, onunla birlikdə mühakimə olunan Təvəkkül Qurbanova verdiyi 2800 dollar pulun üzərində əl-barmaq izlərinin olub-olmadığının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsi haqda olub. Hakim Novruz Kərimov bu vəsatəti də təmin etməyib.
Pərvizin özü isə onun, eləcə də Təvəkkülün evindən, avtomobilindən tapıldığı iddia olunan silahların istehsal zavoduna sorğu verilməsi haqda vəsatət verib: “Biz bu silahların Rusiya istehsalı olduğunu bilirik və zavod da Sankt-Peterburq şəhərində yerləşir. Həmin zavoda sorğu verib, silahların nə zaman, hansı ölkənin sifarişi ilə istehsal olunması və hansı quruma verilməsi barədə məlumat alınmasını məhkəmədən xahiş edirik”.
Hakim bildirib ki, bu məlumatlar dövət sirridir və Rusiya bu məlumatları Azərbaycana verməyəcək.
Vəkil Bəhruz Bayramov isə bildirib ki, dövlətlərarası razılaşmaya görə, cinayət işinin təqibilə əlaqədar məlumatlar verilir: “Mərhum Elmar Hüseynovun qətlində istifadə olunan silahla bağlı sorğu verilmişdi. Bu silahın Bolqarıstanda istehsal olunması və sonrakı taleyi barədə bütün məlumatlar Azərbaycan tərəfə təqdim olundu. Müdafiə tərəfi hesab edir ki, ümumiyyətlə, bu silahlar Irandan Azərbaycana keçirilməyib”.
Hakim vəkildən bu iddianın sübuta yetirilməsini istəyib. Hakimin bu tələbinə Pərviz belə cavab verib: “Sözügedən silahlar Azərbaycanın sifarişilə istehsal olunub. Həmin silahları MTN-nin anbarından götürüb və ”agent”ləri Təvəkkülə veriblər. Indi siz də istəyirsiniz ki, biz Bakının Xəzərin qoynunda olduğunu burada sübut edək?”
Gözlənildiyi kimi, bu vəsatət də təmin olunmayıb.
Pərvizin qaldırdığı növbəti vəsatət Təvəkkül Qurbanovun oğlu Yəhya Qurbanovun şahid qismində dindirilməsi haqda olub: “Yəhya Qurbanov istintaqa ifadəsində əlaçı olduğunu deyib. Amma atası onun kəsiri olduğunu bildirərək, mənimlə tanışlığa can atıb. Bu adam MTN-nin sifarişi ilə bu bəhanədən mənimlə tanışlıq üçün istifadə edib. Əslində isə oğlunun təhsillə bağlı heç bir problemi yox imiş. Hətta ibtidai istintaqa da ifadəsində deyib ki, mənimlə tanışlığı uşağının təhsililə bağlı yaranıb. Bu adam ”agent”dir və məni şərləmək üçün istifadə edilib”.
Bu yerdə Təvəkkül Qurbanov ayağa qalxaraq Pərvizə cavab verib: “Agent sənsən, Əli Nağıyevlə Vəli Nağıyevin dostu sənsən, mən deyiləm”.
Bu zaman hakim Novruz Kərimov prosesdə ilk dəfə Təvəkkül Qurbanova irad bildirib: “Əyləşin, MTN əməkdaşları barədə belə şeyləri danışmağı sizə qadağan edirəm. Bu adamlar ölkəmizin, bizim təhlükəsizliyimiz uçün canlarından keçməyə hazırdırlar. Onlar düşmənin içində olurlar, həyatları ilə təmənnasız risk edirlər. Siz isə burada ağzınıza gələni danışırsınız. Belə olmaz”.
Pərviz isə heç də bütün MTN əməkdaşlarının bu cür olmadığını deyib: “Orada anti-milli adamlar da çoxdur. Elələri var ki, 40 yaşları var, amma kasıbçılıqdan evlənə bilmirlər. Elələri də var ki, Bakıda 3-4 evi var”.
Sözsüz ki, hakim Pərvizin sözünü kəsərək, MTN əməkdaşları barədə danışmağı qadağan etdiyini bir daha təkrarlayıb.
Daha sonra müdafiə tərəfin guya, Pərviz Həşimlinin sifarişilə Təvəkkül Qurbanova silah verdiyi iddia olunan Hüseyn adlı iranlının dövlət sərhədindən keçdiyini göstərən fotonun müvafiq orqanlardan alınaraq məhkəməyə təqdim edilməsi barədə vəsatət müzakirə olunub.
Novruz Kərimov bu vəsatəti də təmin etməyib.
Məhkəmə prosesi aprelin 17-də davam edəcək.
***
Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçisi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.