Polis olduğu deyilən 10-15 nəfər Hüseynovlar ailəsinə hücum çəkdi
Badamdar qəsəbəsində polislər və mülki geyimli şəxslər Zakir Hüseynov adlı vətəndaşa və ailəsinə qarşı zorakılıq edib. Bu barədə məlumatı “Azadlıq”a tanınmış vəkil Aslan Ismayılov verib. Aslan Ismayılov məsələnin təfərrüatlarını da danışıb: “Zakir Hüseynovun qızı 2 ay gəlin olduqdan sonra dözülməz şəraitdən ata evinə qayıdıb. Bundan sonra kürəkəni Tural Əhmədov daim qayınatasına zəng edib, təhdid edib, onu deşik-deşik edəcəyi barədə SMS-lər yazıb ki, qızını qaytarsın. 17 fevral 2014-cü il tarixdə kürəkəni 4 nəfərlə onun evinə gəlib. Həmin şəxslərdən biri polis əməkdaşı olub. Onlar Zakir Hüseynovun qızını zorla geri qaytarmaq istəyib. Zakir Hüseynov buna razılıq vermədikdə onu öz evində ölümcül döyüblər”.
Vəkilin sözlərinə görə, bundan sonra Zakir Hüseynov təcili yardım xəstəxanasına aparılıb. Ona çoxlu sayda xəsarət yetirildiyi, burun sümüyünün sındırıldığı müəyyən edilib. Dərhal hadisə yerinə gələn polislər izahat alıb. Heç bir tədbir görülmədiyindən Zakir Hüseynov dəfələrlə daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova şikayət ərizələri yazıb. Ərizələrin də müsbət nəticəsi olmayıb. Əksinə, Səbail Rayon Polis Idarəsi Zakir Hüseynovun özünə xuliqanlıq ittihamı irəli sürüb: “Iş materialları tam saxtalaşdırılıb. Bunun səbəbi odur ki, Zakir Hüseynovun yeznəsinin valideynləri vəzifəli şəxslərdir. Onun anası Nazirlər Kabinetində, atası isə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tuturlar. Zakir Hüseynovu həbs etmək istəsələr də, vəkilin müdaxiləsindən sonra sərbəst buraxıblar. Amma itiiham qüvvəsində qalır”, – deyə Aslan Ismayılov bildirib.
Vəkil deyib ki, dünən səhər saatlarında Badamdarın sahə müvəkkili və mülki geyimli şəxslər yenidən Zakir Hüseynovun evinə gəlib: “Zakir Hüseynovun anası, yaxından tanıdığım Lalə xanım və atası, professor, elmlər doktoru Əli müəllim mənimlə əlaqə saxlayıb. Mən onların evinə getmişəm. Burda iki maşın keşik çəkir. Onlardan biri 90 FC 404 nömrə nişanlı ”Mercedes”, digəri isə 10 XC 999 nömrə nişanlı “Lexus”dur. Hər ikisində mülki geyimli şəxlər var. Sahə müvəkkili Cavad Cavadov da onlarladır. Mülki geyimlilərdən biri özünü əməliyyatçı kimi təqdim edib. Onlar iddia edirlər ki, baş verənlərin onlara dəxli yoxdur”.
Vəkilin sözlərinə görə, polis və mülki geyimlilər Aslan Ismayılovun getməsini gözləyiblər: “Mən evi tərk etdikdən sonra basqın ediblər. Zakir Hüseynovu amansızlıqla döyərək 8-ci polis bölməsinə aparıblar. Evə basqın zamanı Zakir Hüseynovun ailə üzvlərinə – qızına, yaşlı anasına qarşı da zorakılıq edilib”.
Aslan Ismayılov bu məlumatı bizə verən zaman 8-ci polis bölməsinin qarşısında olduğunu bildirib. Əməkdaşımız dərhal bölmənin qarşısına yollanıb. Zakir Hüseynovun anası Lalə xanım və qızı da orda olub. Onlar polis tərəfindən amansızlıqla döyüldüklərini təsdiqləyiblər. Lalə xanım qollarındakı xəsarət izlərini əməkdaşımıza göstərərək deyib: “10-15 nəfər polis evimizə girib oğlumu, məni və nəvəmi döydü. Bizi sürüdülər. Oğlumu qan içində bölməyə apardılar”. Bütün bunlar əməkdaşımız tərəfindən videolentə də alınıb. Çəkiliş zamanı Lalə xanım üzünün çəkilməməsini xahiş edib.
Aslan Ismayılov baş verənləri aydınlaşdırmaq üçün 8-ci bölməyə daxil olub. Lakin ona bildirilib ki, Zakir Hüseynov bölməyə gətirilməyib. “Zakir Hüseynov Bakı Şəhər Baş Polis Idarəsinə oradan isə Xətai Rayon Məhkəməsinə aparılıb. Zakir Hüseynovun barəsində həbs-qətimkan tədbiri seçilməsi gözlənilir”, – deyə Aslan Ismayılov bildirib.
Azad