Rəhbərlik bunu təkzib edir və ağacların başqa yerə köçürülüb əkildiyini deyir
Bakının qiymətli ağaclarla zəngin olan Nəbatat bağının bir hissəsində ağaclar kəsilərək yük maşınlarına yığılır və ərazidən daşınır. Ağacların kötüklərinin izini itirmək üçün isə əzilib torpağa basdırılır. Aprelin 2-dən başlayaraq gündüz və axşam saatlarında Bakıdakı Milli Elmlər Akademiyasının nəzdindəki Botanika (Nəbatat) bağında ağacların qırılmasına başlanılıb. Meydan TV-nin məlumatına görə, izi itirmək üçün ağac kötükləri torpağa basdırılır.
Nəbatat bağında ağacların kəsilməsi haqda ilk məlumat sosial şəbəkələrdə yayılıb və bu işlərin gecə saatlarında da davam etdiyi ilə bağlı foto yayılıb. Yayılan məlumata görə, ağaclar ərazidə bina tikilmək məqsədi ilə kəsilir. Ilkin məlumatlara görə, onlarla ağacın kəsildiyi bildirilir. Botanika bağının rəhbərliyi isə ağacların kəsilməsini təkzib edir. Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılacağı barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Nəbatat Bağından verilən məlumata görə, ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur. Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb. Həmin ağaclar artıq köçürülən ərazilərdə əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil. Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqurma işlərinin aparılması gözlənilir.
Ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi isə həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb. Botanika bağı 1934-cü ildə Bakının dağlıq hissəsində salınıb. Vaxtilə milyonçu Murtuza Muxtarovun şəxsi bağı olan bu yaşıllıq guşə dünyanın müxtəlif yerlərindən gətirilən bitkilərlə zəngindir.
Nəbatat bağı haqda yaradılan saytda qeyd edilir ki, Abşeron yarımadasının cənubi-şərq hissəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda onun yaşıl mədəni-mərkəzlərindən biri sayılır.