Qanunsuzluqlarla üzləşən nəşrlər evindən reportaj FOTO
«Ya nəşriyyatı satmalıyam, ya əlli-əlliyə, şərikə işləməliyəm, ya da onlar fil, mən qarışqa olmalıyam»
Hər kəs əvvəlki qaydada iş başındadır, sanki heç nə olmayıb. Kimi redaktəylə məşğuldur, kimi sifarişləri qəbul edir, kimi də anbara gedib qalaqlanmış kitablara nəzər salır. Otağın dörd bir yanı içi ağzınacan kitablarla doldurulmuş rəflərdir. Söhbət Corc Oruelin “1984″, ”Heyvanıstan”, Qabriel Qarsiya Markesin “Patriarxın payızı”, “100 ilin tənhalığı” və bu kimi yüzlərlə dünya ədəbiyyatından kitabları çap edən “Qanun” nəşriyyatından gedir.
Hər kəsi istintaqa çağırırlar
Mətləbə keçməzdən öncə bildirək ki, Vergilər Nazirliyi nəşriyyatı 150 min manat cərimə edib, bank hesabına həbs qoyulub.
“Qanun”un rəhbəri Şahbaz Xuduoğlu deyir ki, bundan öncəki vergi yoxlamasından iki il ötüb: “Yoxlama uzun çəkdiyindən ”Çap evi” mətbəsi iflasa uğradı. Işçilər bizi tərk etdi, qəzetləri çap etmək mümkün olmadı. Nəticədə müflis olduq. Indi isə növbəti yoxlamanın altında fəaliyyət göstəririk. Dörd ay əvvəl 20 nəfər gəlib binanı mühasirəyə aldı. Burada olan bütün sənədləri götürdülər. Biz həmin sənədlərin zorakı üsullarla götürülməsindən dərhal məhkəməyə müraciət etdik. Məhkəmə əleyhimizə hazır bir qərar oxudu. Qanunsuz götürdükləri sənədlərin əsasında nazirliyin audit xidmətində akt tərtib olunub. Bu akta əsasən 150 min manat cərimə olunmuşuq. O qərardan da məhkəməyə müraciət etmişik”.
Naşir hazırda “Qanun”la əməkdaşlıq edən 100-ə qədər insanın istintaqa cəlb olunduğunu bildirir: “Tərcüməçiləri, redaktorları, korrektorları, yazarları istintaqa cəlb edirlər. Artıq 30 nəfərdən çoxu dindirilib. Bəzilərinə çağırılanda səbəbini bildirirlər, bəzilərinə isə ”Vergilər Nazirliyinə gəlin” deyirlər və orada nəyə görə çağırıldıqlarını söyləyirlər. “Sən niyə bu kitabı tərcümə etmisən?”, “Bu kitabı tərcümə etməkdə məqsədin nə idi?” tipli suallar verirlər. Sonuncu dəfə kitab kəsən əməkdaşımızı istintaqa çağırıblar və 5 saat dindiriblər”.
“Biz burada mafiya qurmamışıq”
“Qanun”a olan təzyiqlərlə bağlı bir neçə versiya irəli sürülür. Kimi nəşriyyata olan hücumu 2013-cü il prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin plakatlarını çap etdiyi, kimisi isə kitab bazarını ələ keçirmək üçün təzyiqlərin olduğunu deyir. Sonuncu versiyanı irəli sürənlər Vergilər Nazirliyinin “Qanun”a 150 min manat cərimə kəsilməsini məhz oliqarxlardan birinin nəşriyyatı bu məbləğə naşirdən almaq istəyi ilə izah edirlər.
Şahbaz Xuduoğlu ona olan hücumların arxasında konkret nələrin dayandığını bilmir. O, irəli sürülən versiyalardan birinin həqiqət olduğunu da inkar etmir: “Hər hansı bir istintaqla bağlı min cür versiyalar irəli sürülür və bunlardan biri düz olur. Yəqin bu fikirlərdən hansısa biri həqiqətdir. Ancaq bunun hansı olduğunu dəqiq deyə bilmərəm”.
“Qanun”un rəhbəri Cəmil Həsənlinin seçki plakatlarını çap etdiyini heç kimdən gizlətmədiyini deyir: “Qanunsuz iş görməmişik. Mərkəzi Seçki Komissiyası Cəmil Həsənlini qeydə alandan sonra onun plakatlarını çap etmişik. Bizim irəli sürdüyümüz şərtlər Cəmil Həsənlinin nümayəndəsinin ürəyincə olub, daha sürətlə işi görə bilmişik deyə razılaşıblar. Onun təbliğat kampaniyasını aparmamışıq”.
“Vergilər Nazirliyi burada yoxlama aparmazdan öncə bir sıra hökumətyönlü qəzetlərdə ”Qanun”la, bizim ailəylə bağlı böhtan xarakterli yazılar çap olundu. Guya mənim böyük bir biznes şəbəkəm, Bakıda brend dükanlarım var. Bir sözlə, bizim ailənin böyük maliyyə qaynaqlarının olduğu yazıldı. Düşünürəm ki, bu məlumatlar ona görə mətbuata ötürüldü ki, vergi hücumu təşkil edilsin. Ancaq nazirliyin əməkdaşları burada gəlib nə gördülər? Onlarla tərcüməçiyə borclu olan bir nəşriyyat. 8 ildir bu binada fəaliyyət göstəririk. Hələ də normal hala gətirə bilməmişik. Hansı biznesdən söhbət gedə bilər? Bəli, böyük ailəyik. 14 uşaq olmuşuq, 9 qardaş, 5 bacı. Hamımız ali təhsil almışıq. Uzaq dağ kəndində yaşamağımıza baxmayaraq hər kəs ali təhsil ala bilib. Hərəmizin bir çevrəsi var. Hamımız öz zəhmətimizlə yaşayırıq. Kimsə ailədə təkdirsə, o hesab etməməlidir ki, çoxlar mafiya halında yaşayır. Biz də elə bu cəmiyyətin bir üzvüyük. Mafiya halında yaşamırıq. Ancaq bizim ailənin üzvləri təhsilinə, ixtisasına görə iş tapa bilmir. Çünki hər yerdə bizə mane olublar. Bu vaxta qədər hər hansı bir dövlət qurumunda işləməmişəm, əməkdaşlıq belə etməmişəm. “Qanun”da da məndən başqa kimsə işləmir. Düzü burada çalışanların siyasi, dini, coğrafi mənsubiyyətinə baxmıram. Bu mənə yad xüsusiyyətdir”, – deyə Şahbaz Xuduoğlu bildirir.
“Öz zövqümə uyğun kitablar nəşr edirik”
Naşir bizimlə söhbətində nəşriyyatı almaq üçün onunla görüşdüklərini də bildirdi: “Vergilər Nazirliyi cinayət işi qaldıranda, paralel şəkildə mənimlə söhbət də edilib. Öncə məni holdinqlərdən birinin ofisinə dəvət etdilər. Dedilər ki, kitab şəbəkəsi yaratmaq istəyirik. Əməkdaşlıq təklif etdilər. Mən də razı oldum. Növbəti dəfə işimlə tanış oldular. Sonra dedilər ki, ”Qanun”u almaq istəyirik. Üç şərt irəli sürdülər. Ya nəşriyyatı satmalıyam, ya əlli-əlliyə, şərikə işləməliyəm, ya da onlar fil, mən qarışqa olmalıyam. Onlara dedim ki, əslində heç birindən olmaq istəmirəm. Düzdür, hər bir şey satılandır, hər birinin dəyəri var. Xüsusən də bu biznesdirsə. Mən deyə bilmərəm ki almayın. Desəm də alacaqsınız, deməsəm də. Satmıram desəm uçuracaqsınız. Baxın, mütəxəssis dəvət edin, qiymət versinlər, dəyərləndirsinlər. Onlarla belə bir söhbətimiz oldu”.
Şahbaz Xuduoğlu deyir ki, onunla söhbəti qarşı tərəfdən iranlı aparırdı: “Daha onlardan səs çıxmadı. Ancaq Vergilər Nazirliyinin işi davam edir. ”Qanun” kitaba olan münasibəti dəyişən bir nəşriyyatdır. Il boyu yeni kitablar tərcümə edirik, yarmarkalar keçirmişik, indi də keçiririk. Bu bizim üçün nə qədər biznesdirsə, bir o qədər də mədəniyyətdədir. Nə qədər mədəniyyətdirsə, bir o qədər də biznesdir. Yaşayışımızı təmin edir, ancaq həm də bundan zövq alırıq. Öz zövqümə uyğun kitablar nəşr edirik. Bu mənim zövqümün nümayişidir. Bu qədər insan burada çalışırsa, gərək onların da pulu olsun. Kitab çap edirik, həm cəmiyyət faydalansın, başqa tərəfdən, həm də bunu satmağı düşünürük. Heç zaman nə öz, nə də oxucumun zövqünü aldatmağa çalışmışam. Bu işdən aralanmaq, son qoymaq, başqa bir işlə məşğul olmaq istəmirəm. Ancaq yenə də deyirəm, biz Azərbaycanda yaşayırıq. Burada elə qüvvələr var ki, əlini bir işə qoydusa, ya onunla razılaşmalısan, ya da uçurub-dağıdacaq. Bunu gözəl başa düşürəm. Hər hansı bir konfiliktə getmək fikrim yoxdur. Bu iş zehni əməyin nəticəsidir. Intellektual əməklə istənilən bir işdən başlamaq olar. Həyatımı hər yerdə hər zaman sıfırdan başlayan bir adamam, bu məni əsla qorxutmur. Ancaq hər şey qanunla, el adət-ənəsiylə tənzimlənməlidir. Normalda belə olmalıdır”.
“Dalğanın genişləndiyini görəndə bunun bir sifarişin tərkib hissəsi olduğunu anladım”
Ancaq “Qanun”a normadan kənar münasibət qurulur. Sanki bütün hakimiyyət qurumları nəşriyyatı bu vəziyyətdə həmin holdinqə təslim etmək istəyir.
“Mən şikayət edirəm Baş Prokurorluğa, onlar mənim yazdıqlarımı Vergilər Nazirliyinə təkrar göndərir. Şikayətim Vergilər Nazirliyindəndir, sən onu niyə təkrar göndərirsən? Qanunda yazılıb ki, sənədlərin üzünün çıxarılaraq götürülməsi məhkəmə qərarıyla olmalıdır. Məhkəmənin qərarı isə yoxdur. Bu olmaya-olmaya sənədlərin əsli götürülür. Məhkəmə yoluyla bunu geri qaytara bilmirəm. Vergilər Nazirliyi də bu işdə istifadəçidir. Öncə elə bilirdim ki, cinayət işi və nəşriyyatı almaq istəmələri ayrı-ayrı şeylərdir. Ancaq sonradan ”Əli və Nino”ya və başqa kitab dükanlarına qarşı dalğanın genişləndiyini görəndə bunun bir sifarişin tərkib hissəsi olduğunu anladım”,- deyir Şahbaz Xuduoğlu.
“Qanun”a qarşı hücumların sayı bir, yaxud iki deyil. Naşir bildirir ki, onların çap etdiyi kitabların bazarda pirat nüsxələri satılır: “Işçilərin bir qismi bizi tərk edib. Davamlı təzyiqlərin altında işləmək bəzilərini qane etmədi, ona görə getdilər. Bəzi tərcüməçilərin kənarlaşdığını müşahidə edirəm. Bazarda bizim tərcümə edib nəşr etdiyimiz kitabların pirat nüsxələrinin satışını görürük. Eyni zamanda onlarla da vuruşuruq. Yaxın bir həftə ərzində bir dəyişiklik olmasa, məhkəmələr yenə sifarişli qərarlar çıxartsalar yazarlarla birlikdə mətbuat konfransı keçirib, hər şeyə aydınlıq gətirəcəyik”.
***
“Qanun” çətinliklə də olsa fəaliyyətini davam etdirir. Şahbaz Xuduoğlundan onu da öyrəndik ki, nəşriyyat Den Braunun “Cəhənnəm” kitabını çapa hazırlayır.
Tar-mar edilən bir nəşriyyatın bu – “Cəhənnəm” sonuncu kitabı da ola bilər.
Cəhənnəmə xoş gəlmisiniz…
Ramin DEKO