Ölkə prezidenti – dövlət başçısı! Bu, kimliyindən asılı olmayaraq bir xalqın başçısı deməkdir. Xalq isə kişili-qadınlı olur. Bunlardan biri olmasa xalq olmaz. Xalq olmasa prezident də olmaz. Prezidentin olması üçün qabaqca xalq olmalıdır: nə xalqı olur olsun. Xalq isə bir daha demək gərəkir: kişili-qadınlı olur.
Uzun illərdən bəri yersiz yerə Bakı şəhər icra hakimiyətinin başçısı adını daşıyan birisi kütlə qarşısında belə çıxışda bulundu: “Bu ölkədə bir kişi var, o da prezident Ilham Əliyevdir”. Kütlə… susdu. Kütlə kimi bütün ölkə susdu. Eləcə də üstündə “xalq” damğası gəzdirən tanınmışlar susdu. Eləcə də parlament susdu. Böyük görəv daşıyan yolsuzun birisi bütün xalqı alçaldacaq çıxışda bulunduğu üçün parlament o kimsənin işdən çıxarılıb cəzalandırılmasına çalışmalı idi. Ancaq… hansı parlament? Biri “nurçu”, o biri oğurçu, bir başqası naxırçı parlamentmi?
On ildən bəri pis-yaxşı bu xalqın prezident-başçısı olaraq tanınan kimsə də susdu. Susmaq isə… deyiləni doğrulamaq deməkdir – susmaqla doğrulamaq. O da cinayətdir, bu da: birincidə görəvli xalqı alçaltmağa yönəlik çıxışla, ikincidə görəvli (prezident) dönə-dönə içdiyi prezident andını pozmaqla cinayətə yol vermiş olur. Ötən seçki ilə bağlı yanvar (2014) çıxışında “Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirirərək mənə yenidən yüksək etimad göstərib”, deyən adam bəlli reaksiyasından göründüyü kimi, “doğma xalqının” alçaldılmasından çox böyük sevinc duyana oxşayır. Belə olmasaydı, çoxdan o yolsuzla bağlı kəskin sözünü deyər, gərəkən qərarını verərdi. Nə üçün bunlar olmadı? Bunu 93-dən bu yana yürüdülən siyasətdən bilmək olar.
1993-dən bu yana ölkədə yürüdülən siyasət “qanunauyğun” olaraq bəlli bir ailənin, bəlli bir ailə başçısının diktaturasına gətirib çıxarıb. Ölkənin bütün televiziyaları bir AzTV, AzTV isə bir ailənin televiziyası deməkdir. Burada xalq adına nə varsa örtü, pərdə rolunu oynayır. Ortada gerçək xalq yox, onun adı var. Daha doğrusu, xalqın adından yararlanma faktı var. Burada xalq fakt deyil, faktordur – işini aşırma faktoru! Baxın, prezident, dövlət başçısı adlanan adam böyük, gurultulu açılışlar bir yana, 21 km-lik kənd yolunun 11-ci kilometrinin açılışına gedib xalqa səslənir: “Bu yola mənim göstərişim əsasında asfalt döşənib”. Bu nə deməkdir? Bu ölkədə tək söz yiyəsi mənəm, mən deməsəm, mən göstəriş verməsəm ən ucqar kənd yoluna belə, kimsə əl gəzdirə bilməz.
Yenicə yola saldığımız Novruz bayramında AzTV-lər illərin informasiyalarını bir günə doldurmuşdular: ölkədə az-çox yaxşı nə varsa hamısı bir ailənin adına bağlanır: qadınlı-kişili. Sən demə, onlar Azərbaycanı çiçəkləndiriblər, sən demə, onlar Azərbaycanı bütün dünyada tanıdıblar. Ancaq elə bu günlərdə Rusiya televiziyası Azərbaycanı, azərbaycanlıları dünyanın ən yaramaz ölkəsi, ən yaramaz xalqı olaraq yerdən yerə vurdu. Rusiya isə hər baxımdan onların ən çox bağlandıqları ölkədir. Rusiya mass-mediasında illərlə antiAzərbaycan propaqandası aparılır. Daha çox ermənilərdən, ermənilikdən qaynaqlanan o propaqandanın qarşısını almaq üçün Azərbaycanı, Azərbaycan xalqını azacıqsa da sevmək, belə bir sevgiylə də bir az puldan keçmək gərəkir. Onlar isə, bəlli olduğu kimi, Azərbaycan xalqını bu xalqın yolunda hansısa pullardan keçmək üçün soymurlar.
Ölkənin yeraltı, yerüstü var-yatırına təkbaşına yiyələnən, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirən, doğru söz istəyilə baş qaldıranın başından basan istənilən prezident üçün kişisiz xalq, daha doğrusu, çoxillik repressiya axarında KIŞIsizləşdirilən xalq yalnız diktatura qaçılmazlığı deyil, bundan qat-qat artıq… könül istəyidir. Fakt: sözügedən çıxışla bağlı sərgilənən susqunluq!