Putin Rusiyası özünün çoxyüzillik yırtıcı xarakterinə uyğun olaraq Krımı işğal edib. Yaxın-uzaq dövlətlər yer-yerdən başını qaldırıb bu işğala qarşı olduğunu bildirir. Sözsüz, getdikcə antiişğal sıraları genişlənəcək, güclənəcək, Rusiya Krımdan quyruğunu qısaraq gedəsi olacaq. Bu, yaxın gələcəyin işidir, indinin işi, özü də başlıca işi, bəri başdan antiişğal dövlətlərinin sırasında yer almaqdır – sözdə olsa belə. Başqa dövlətlər bir yana, Rusiya işğalına uğramış Gürcüstanla Moldova çoxdan Ukraynanın yanında olduğunu sərgiləməkdədir. Bu gün Ukrayna ilə birgəlik Avropa, Amerika ilə birgəlik demək, bu isə çağdaş dünyanın başlıca, aparıcı gücləri ilə birgəlik deməkdir. Başqa bir yandan bu yalnız Ukraynanın deyil, eləcə də özünün torpaq bütünlüyü ilə bağlı arxadaşlar qazanmaq deməkdir.
Biz nə görürük? 2008-ci ilin Gürcüstan olaylarında olduğu kimi, “Azərbaycan prezidenti” adlanan Ilham Əliyev yenə də gözəgörünməz olub. Bugünlər gözlərimiz Ukrayna olayları ilə bağlı dövlət başçısını axtarırkən onu ailəsiylə… karuseldə əylənən gördük. Azərbaycan uzaq Qrenadanın yerində olsaydı, dövlət başçısının indiki ailə-karusel əyləncəsini anlayışla qarşılamaq olardı. Azərbaycan Çin kimi böyük, güclü dövlət olaraq torpaq bütünlüyündən arın-arxayın olsaydı, ailə-karusel əyləncəsini yenə anlayışla qarşılamaq olardı. Ancaq 19-cu yüzildən – Qafqaza soxulandan – Rusiya Dərbənddən, Borçalıdan, Göyçə-Zəngəzurdan, Qarabağadək Azərbaycan torpaqlarını, demək olar, ardıcıllıqla işğal etməkdə, bölüb parçalamaqdadır. Bu gün Krımda baş verən Rusiya işğalı ən sərt biçimdə olsa belə, yuxarıda sadalanan işğallardan deyil, daha doğrusu, çağ o çağlar deyil. biz istəsək də, istəməsək də ABŞ – NATO gücləri Rusiyanın başlıca dəniz qapılarında – Baltik dənizi ilə Qara dənizdədir: Rusiyanın yüz illər boyunca uğrunda qanlı çarpışma aparıb yiyələndiyi dənizlərdə!
Müxalifətdən söz düşəndə ağzından od püskürən, bütün damğaları bir yana, müxalifətin yaratdığı birliyi “Rusiya proyekti” adlandıraraq aləmi bir-birinə qatan rejim, rejim sözçüləri indi qurbağa gölünə daş atılmış kimidir. Gözlərinə nə Qarabağ görünür, nə Azərbaycan. Bu çətin, bu gərgin günlərdə Rusiyanın yanında olduqları, Matvienkolar, Züqanovlar Dumada, televiziyalarda Krımın işğalına sevindikləri kimi sevindikləri, ancaq hələlik ürəklərində sevindikləri bəllidir. Rusiyanın uğuru bunların uğurudur – buna görə! Gözəl bilirlər: Rusiya Krımı tutub qalacaqsa, bunlar da Putin Rusiyasına sığınmaqla hakimiyəti tutub qalacaqlar – işğal etdikləri hakimiyəti!
Birdən prezidentlik adına debat dublyoru olaraq ortaya çıxan, çətin çağlarda rejimin sözçüsü funksiyasını yerinə yetirən Z.O. danışdı: “Ən azı, qardaş Türkiyənin II Dünya müharibəsində tutduğu mövqeyə bənzər bir mövqe sərgilənməlidir”. Görün hardan hara gedib çıxdılar, Türkiyə ilə qardaşılığı harda buldular. Bu, son 20 illik praktikadan gördüyümüz kimi, gerçək qardaşlıq deyil, ölkənin, dövlətin gərəyinə deyil, özlərinin korrupsioner rejim gərəklərinə uyğun “qardaşlıqdır”! Türkiyə bu gün çağdaş geopolitik gərəklərdən çıxış edərək Krımın yanında olduğunu bildirirkən, bunlar utanmadan, azacıq da olsa mənlik duyğusu sərgiləmədən bugünkü Türkiyənin deyil, 70 il qabaqkı Türkiyənin yanında olduqlarını, daha doğrusu, ola biləcəklərini bildirirlər.
Göründüyü kimi, bunlar hələ 70 il qabaqkı Türkiyənin yanında yer tutmaq qərarı da verməyiblər, belə bir qərarın ola biləcəyini bildirirlər. Niyəsi bəllidir: Türkiyənin 70 illik keçmişinə bağlı simvolik “qardaşlıq” qərarı vermək belə, bunları qorxudur – “Putinin buna da acığı tutar” deyə! Hanı o Milli Şuranı az qala bir il boyunca “Rusiya projesi” adlandıran dəstə, bəlli qəzet redaktoru? Susurlar…