Hökumətin qərarı ilə əlaqədar etiraz aksiyası keçirildi; narazı sakinlərdən iki nəfər tutuldu
Sakinlər: “Qol gücünüzü göstərirsiniz bizə? Qəddafini gözünüzün qabağına gətirin”
“Sovetski” sakinləri dünən yenidən aksiya keçirdilər. Səbəb isə Maliyyə Nazirliyinin bir neçə gün öncə yaydığı məlumatdır. Nazirlik bəyan etdiyin məlumatında qeyd edilib ki, vətəndaşların mülkiyyətinə kvadratı 1500 manatdan kompensasiya veriləcək. Bu vəsaitin son hədd olduğu və real bazar qiymətlərini əks etdirdiyi bildirilib. Bundan narazı olan sakinlər dünən yenidən 173 saylı məktəbin qarşısına toplaşmağa cəhd ediblər.
“Prezident belə yaxşılıq etdi bizə?”
“Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin qiyməti günü-gündən bahalaşır. Bizə ya bazar qiymətlərinə uyğun kompensasiya versinlər, ya da evlə təmin etsinlər. ”Sovetski”də yeni tikilən binalarda mənzillərin kvadrat metri 5 min manatdan aşağı deyil”, – deyə sakinlər etiraz ediblər.
Vətəndaşlar aksiya keçirmək üçün məktəbin qarşısına toplaşmaq istəyəndə onlarla Post-Patrul maşınları əraziyə gəldi. Polislər onların qarşısını alıb, məktəbin qarşısına getməyə imkan vermədi. Bu üzdən də sakinlər ara küçələrdə toplaşmağa başladılar.
Etiraz edən sakinlərdən biri Əflatun Mehdiyev hökumətin təklif etdiyi 1500 manatla mənzil ala bilməyəcəyini deyib: “40 kvadrat metrə 60 min manat pul verirlər. Buna mən nə ala bilərəm?”
Başqa bir “Sovetski” sakini “Azadlıq” radiosuna “Prezident dedi məni seçin yaxşı olacaq, biz də seçdik. Belə yaxşı oldu, belə yaxşılıq etdi bizə? Qoyun sürüsü kimi tökürlər bizi küçələrə. Fikir azadlığı varsa, niyə bizə azad söz deməyə imkan vermirlər?” deyib.
173 saylı məktəbin qarşısına toplaşan vətəndaşlar siyasətə qarışmadıqlarını söyləyiblər: “Bizim siyasətlə işimiz yoxdur, ancaq ev istəyirik. Bura bu qədər polisin gətirilməsi düz deyil. Səsimizə prezident səs versin. Biz prezidenti seçmişik ki, dərdimizə yansın. Qiymət bizi razı salmır. Bizə deyirlər ki, evləri siçan yuvasına, quşxanaya oxşayır. Öz evimizdir, bizə xoşdur”.
“Dağılışmayacağıq. Qoy ”Sovetski”dəki 55 min adamı öldürsünlər, sonra söksünlər”..
“Haqqını tələb edəni tutmalıdırlar?”
Polislər bütün ara küçələrdə qol-qola girərək canlı sədd çəkdilər. Yola çıxmaq istəyən heç kəsə imkan vermədilər. Hətta dükana çörək almağa gedənlərə də fürsət tanınmadı. Onlara “o biri küçədən gedin” dedilər. Yolunu dəyişən sakinlərə az sonra məlum oldu ki, polislər eyni addımı bütün küçələrdə atıblar – qol-qola girərək yola çıxan bütün küçələri bağlayıblar.
Vətəndaşlar mənzillərindən çıxmaq istəmədiklərini bildiriblər. Onların təkliflərindən biri də evlərinin bərpa olunmasıdır: “Demirlər ki, bu evlərin görünüşü yaxşı deyil, onda bərpa edib, yaxşı görünüşə salsınlar”.
Polislər 173 saylı məktəbin qarşısına toplaşmaq istəyən “Sovetski” sakinlərindən ikisini həbs etdi. Bu da vətəndaşların narazılığına səbəb oldu.
Hətta sakinlər gəncləri həbs edən polis maşının qarşısını kəsməyə cəhd etdilər. Ancaq ətrafdakı polislər buna imkan vermədi.
“Sovetski” sakinləri həbs edilənlər sərbəst buraxılmayana qədər dağılışmayacaqlarını bildirdilər: “Biz onların buraxılmasını tələb edirik. Haqqını tələb edəni tutmalıdılar? Tutulan məhəllə uşaqlarını verin. Tutulanlar buraxılarsa, dağılışırıq, buraxmırlarsa, dağılışmayacağıq”.
Polis isə onlara cavabında dağılışacaqları təqdirdə iki nəfərin buraxılacağını vəd etdi.
Az sonra məlumat yayıldı ki, saxlanılan “Sovetski” sakinləri buraxılıblar. Ancaq bunun nə qədər doğru olub-olmadığı müəyyənləşmədi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlara dağılışmağı əmr edib.
Jurnalistlər getdi, vətəndaşlara hücum edildi
Aşağı məhəllələrə istiqamət alan vətəndaşlar Yasamal rayon icra hakimiyyətində keçirilən görüşdən cavab gözlədiklərini bəyan etdilər. Vətəndaşların dağılışdığını görən jurnalistlər də ərazini tərk etdilər. Yayılan məlumatlara görə, media təmsilçilərinin əksəriyyəti “Sovetski”ni tərk edəndən sonra polislər sakinlərə hücum edib. Bir neçə nəfərin həbs olunduğu, bir jurnalistin videokamerasının sındırıldığı deyildi.
Hətta gecə saatlarına qədər ətraf küçələr tam şəkildə polis nəzarati altında saxlanılıb
Yasamal rayon Icra Hakimiyyətində rəsmilərlə dünən “Sovetski” sakinlərinin görüşü olub. Yasamal rayon icra başçısının birinci müavini Səməd Islamov Təşkilat Komitəsinin suallarına hökumətin cavablarını səsləndirib. Bildirilib ki, bu ərazidəki torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, çünki dövlət əhəmiyyətli yol çəkilmir, müdafiə və təhlükəsizlik baxımından önəm daşıyan obyekt tikilmir.
“Azadlıq” radiosunun məlumatına görə, Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsini hədəfləyən tikinti üçün Mülki Məcəllənin 565-ci maddəsinə uyğun alqı-satqı aparılacaq. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub.
“Mənzillərin hər kvadratmetrinin dəyəri 1500 manatdan azdır”
Mənzillərin bir kvadratmetrinə 3500-4000 manat təklifinə gəlincə, hökumətin cavabında bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”sı olmasa da, sakinlərin uzun müddət yaşaması və ərazinin mərkəzə yaxınlığı diqqətə alınaraq Bakı Şəhər Icra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.
O da diqqətə yetirilib ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti və yaşayış normalarına uyğun gəlmir, kommunikasiya sistemləri də yaxşı vəziyyətdə deyil. Son dövrlərdə müəyyənləşdirilib ki, daşınmaz əmlakın hər kvadratmetrinin dəyəri 1500 manatdan azdır. Buna baxmayaraq, sakinlərə bazar qiymətlərinə uyğun gələn 1500 manat təklif olunur. Yüz sakinin həmin vəsaiti bankdan götürdüyü, xeyli müraciətçinin obyektlərini həmin qiymətə satmağa razılaşdığı, sakinlərin təklif etdiyi 3500-4000 manatın reallığa uyğun olmadığı bildirilib.
Söküntü zamanı divarların, soba yerlərinin və s. sahələrin də nəzərə alınması ilə bağlı bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə görə tənzimlənir və sözügedən yerlər mənzil sahəsinə aid edilmir.
Satın alınarkən mənzillərin yerinə və təmirə fərdi yanaşmaqla bağlı təklifə də cavab verilib. Cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat müəyyənləşdirilərkən təmir də nəzərə alınıb.
Söküntü zamanı əhalinin məişətinə hər hansı təsir göstərilməməsi barədə təklifə cavab olaraq bildirilib ki, mülkiyyətçilərlə razılaşma əldə edilməli və kompensasiya ödənilməlidir. Söküntü işləri yalnız bundan sonra başlana bilər.
Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Bildirilib ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığından mənzil sahibləri ilə münasibətləri Mülki Məcəllə tənzimləyir.
Mülki Məcəllənin 405-ci maddəsinə görə, tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Razılıq verməyən sakinlər əvvəlki qaydada yaşamağa davam edə bilərlər.
Ramin DEKO