«Daha çox onlar məni təhqir edib»
Vətəndaş və Inkişaf Partiyası (VIP) “EL” Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. VIP iddia edir ki, Eldəniz Quliyevin müxtəlif media orqanlarında partiya, Əli Əliyev və təşkilatın üzvlərinə qarşı işlətdiyi ifadələr cinayət məsuliyyəti yaradır.
Partiya Eldəniz Quliyevlə bağlı şikayət ərizəsini dünən Xətai Rayon Məhkəməsinə təqdim edib.
Eldəniz Quliyev isə “Azadlıq”a bildirib ki, VIP-in məhkəməyə müraciət etməsi onu narahat etmir: “Məhkəməyə verirlər versinlər. Amma daha çox onlar məni təhqir edib. Özü də bu partiya ilə mənim aramda yaranan konfliktin kökündə onların Milli Şuraya münasibəti dayanır. Bu partiya Milli Şuranın, əvvəlcə onun sədri, daha sonra fəxri sədri olan Rüstəm Ibrahimbəyovun, qurumun indiki sədri Cəmil Həsənlinin ünvanına hədyanlar yağdırırdılar. Mən də bunlara cavab verirdim. Daha sonra məsələ şəxsi müstəviyə keçdi və məni təhqir etməyə başladılar. Indi də məni məhkəməyə verirlər. Yəni, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Eldəniz Quliyev bildirib ki, o da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edə bilər: “Düzdür, mən belə məsələlərin məhkəmə yolu ilə həllinin əleyhinəyəm. Çünki Azərbaycan məhəkəmələri sifarişlə işləyir. Lakin ehtiyac yaranacağı təqdirdə məhkəməyə müraciət edəcəyəm. Və əgər ədalətli məhkəmə olarsa, qarşı tərəf layiqli cəzasını alacaq”.