Ramil Usubov tərifləyir, faktlar isə bunun əksini göstərir
Bəlli olduğu kimi, yanvarın 28-də Daxili Işlər Nazirliyində geniş kollegiya iclası keçirilib. Iclas 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, bütün dövlət orqanları üzrə 22.891 cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Usubovun sözlərinə görə, polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmayıb. Insan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib.
Hüquq müdafiəçisi Leyla Yunus polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə və qanunsuz axtarış aparmaq kimi faktların olmaması barədə Usubovun dediklərini reallıqdan uzaq adlandırır. Leyla xanım uzağa getməyərək bunu son dövrün həbsləriylə diqqətə çatdırır: “Prezident də Brüsseldə deyirdi ki, bizdə siyasi məhbus yoxdur. Çünki başqa əlacı yoxdur. Bu baxımdan Ramil Usubov da bu cür çıxış etməyə məcburdur. Amma onun dedikləri reallığı əks etdirmir. Misal üçün, Hilal Məmmədovu həbs edəndə onu döyüblər. Dekabrın 31-də ”Fəvvarələr meydanı”ndakı mitinqdə polis bir gənci çox amansızcasına döymüşdü. Həmçinin Ilkin Rüstəmzadəni saxlandığı Kürdəxanı təcridxanasında döymək faktı var. Insanları saxlayanda polis ilk növbədə onlarla kobud rəftar və işgəncə verir. Axtarış aparanda da heç bir kağız, order göstərmirlər. Bunu NIDA-çıların evində axtarış aparanda, “molotov kokteyli” ittihamı qoyanda da görmüşük”.
Leyla Yunus vurğulayır ki, polisin fəaliyyətində çoxsaylı qanunsuzluqlar mövcuddur və onlar insanlarla rəftarda saysız-hesabsız kobudluqlara yol verirlər. Bu baxımdan DIN rəhbərinin sözügedən davranış formalarını təqdir etməyə əsası yoxdur.