Bizim indiyədək pullu quldurların əlindən güclə qoruyub saxladığımız geniş həyətimizdə (Yeni Yasamal) hər gün üç-dörd saatlığa bazar açılırdı. Salyan-Sabirabad, Quba-Xaçmaz bölgəsindən illərdən bəri tanıdığımız, bir az da tanışlaşıb dostlaşdığımız adamlar gəlib həyətimizdə, dediyim kimi, bir neçə saatlığa göy-göyərti, meyvə-tərəvəz satıb gedirdilər.
Mənim özümün onlara bir tapşırığım olmuşdu: həyəti zibilləməyin, tökdüyünüz zibili yığışdırın. Onlar da bunu can-başla edirdilər. Mallarını satır, tökülən zir-zibili yığışdırıb gedirdilər. Qonşu həyətlərdə yaşayanlar da hər gün bizim həyətə bazarlığa gəlirdilər. Alan üçün də, satan üçün də əlverişli durum idi. Bu həyət bazarından hamımız qazanırdıq: alan da, satan da, hələ üstəlik, rejimin dilənçi polisləri də.
Hə, hər gün belə olurdu: alış-veriş başlayandan azacıq sonra “folksfagen”, “mersedes” maşınında hansısa bir dilənçi polis gəlib 2 manatdan pul yığır, üstəlik, ürəyi istəyəndən, arvadının tapşırığına uyğun gələndən torbasına yığıb gedirdi. Burada baş verən polis soyğunçuluğu ilkin deyil, sonuncuydu. Həyətə satmağa mal gətirənlərdən elələrini 20 ildi tanıyırdıq. Onların biri də sınıb-dağılan, “Nuh əyyamındanqalma” maşınını 20 ildə dəyişə bilməmişdi. Jurnalist marağı ilə onlardan bunun niyəsini soruşmuşdum. “Evimizdən çıxandan bura çatanadək yol uzunu polislər bizi soyur, qazandığımız ailəmizi dolandırmağa güclə çatır”, deyirdilər. Onlardan biri, səlyanlı Yaqut yalnız öz ailəsinin deyil, qonşularının da “qənd-çay pulunu” çıxarırdı. Onların süd-qatığını, göy-göyərtisini, toyuq-cücəsini də o gətirib satırdı. Beləcə, Yaqut “xala”, “bacı”, “bibi” pis-yaxşı təkcə özünü yox, qonşularını da dolandırırdı. Daha dolandıra bilməyəcək. Biz də daha həyətimizdə ASAN xidmət bazarı görməyəcəyik! Ölkədəki ASAN xidmət bazarının başında dövlət başçısı Ilham Əliyev, Əliyevlər durduğuna görə!
Bircə mənim yox, dünyadakı Azərbaycan-Türk dilini bilənlərin hamısının zəhləsi getdiyindən baxılmayan AzTV-lər, sən demə, bir gün qabaq hökumətin yeni “sərəncamını” oxuyublar: “Bakıda küçə ticarətinə son qoyulur!”. Buna görə də dünən (yanvarın 16-da) polislər gəlib həyətimizdəki Xalq bazarını… qanacaqlarına uyğun dağıdıblar. Son çağlar I.Əliyevin sevə-sevə danışdığı bir qonu var: ASAN xidmət. Adamlarda az da olsa yüngüllük yaratdığından ASAN xidməti alqışlayırıq. Ancaq jurnalist olaraq bizim borcumuz bu ASAN xidmətin arxasında dayanan kriminal xarakterli siyasəti açıb göstərməkdir. ASAN xidmət nədir, nə üçündür? ASAN xidmət ortadakı dövlər strukturlarına paralel olaraq yaradılan… dövlət strukturudur. Amac, I.Əliyevin dediyinə görə, rüşvətxorluqla, korrupsiya ilə “mübarizə” aparmaq, bu yolla xalqın işini yüngülləşdirməkdir. Bəlli olduğu kimi, ölkədə qanunçuluğu qorumalı olan ordu, polis, məhkəmə ASAN xidmət sferasına girmir. Burası da bəlli olduğu kimi, rüşvətxorluğun, korrupsiyanın ölkəni bütünlüklə bürüməsi faktının arxasında ordunun, polisin, məhkəmənin bütünlüklə rüşvətə, korrupsiyaya bürünməsi faktı dayanır. Nə etməli? 21 ilin dövlət başçısı (atası ilə birgə) I.Əliyevə görə çxış yolu bütün rayonlarda ASAN xidmət yaratmaqdır. Bu isə gerçək-köklü çıxış yolu deyil, yalançı-yarımçıq çıxış yoludur: yalnızca özünün korrupsioner-kriminal hakimiyətini qoruyub saxlamağa yönəlmiş yalançı-yarımçıq çıxış yolu!
Baxın: I.Əliyev bir yandan ölkədəki bircə müxalifət qəzetini – “Azadlıq”ı yıxmaq, yox etmək üçün siyasi sifarişə bağlı məhkəmələrdən tutmuş, metroda qəzet satmaq yasağınadək min bir oyuna əl atır, o biri yandan “rüşvətxorluqla, korrupsiya ilə mübarizə” şousu yaradır. Eləcə də gerçək müxalifətin varlığına son qoymaq üçün bir yandan əlaltı-“konstruktiv” müxalifət yaradır, o biri yandan müxalifətdəki agent-əlaltıları administrativ resursların gücünə gerçək müxalifətlə salışdırır. Beləcə, “ASAN xidmət”, “bir-birini qıran mmüxalifət” dekorasiyası arxasında korrupsioner – kriminal rejimi qoruyub saxlamaq siyasətləri yürüdülür! Adamdan soruşmaq gərəkir: sən rüşvətxorluq, korrupsiya ilə gerçəkdən, doğru-düzgün “müvarizə” aparırsansa, ölkədəki bircə gerçəkçi, doğru-düzgün qəzeti min bir oyundan çıxmaqla qapatmağa çalışmaq nə deməkdir? Eləcə də sən düzgün yollusansa, gerçək müxalifətdən bir belə qorxmağın, qorxu üzündən də onu sıradan çıxarma çabaların nə üçündür? Bunlar elə-belə sorular deyil, birbaşa dövlət hakimiyət sisteminə, bu sistemin işləkliyinə-funksionallığına bağlı sorulardır. Ortadakı ASAN xidmət faktı xalq üçün bütün yararlılığı ilə yanaşı Əliyevlər dönəmindəki, Ilham Əliyev başçılığındakı DÖVLƏT HAKIMIYƏT SISTEMININ çürüklüyü, yararsızlığı, işləklikdən-funksionallıqdan uzaq olması fakt-görsənişidir. Bu fakt-görsənişə I.Əliyev çox öyündüyü ASAN xidmət faktoru ilə danılmazlıq qazandırır! 21 illik Əliyevlər hakimiyətinin Azərbaycana qazandırdığı budur: Demokratiyadan diktaturaya keçid axarında QANUNUN ÜSTÜNLÜYÜ prinsipi diktator başçılığında QANUNSUZLUĞUN ÜSTÜNLÜYÜ prinsipinə çevrilməklə hakimiyət strukturlarının artırması olaraq dövlət arabasının beşinci təkəri – ASAN xidmət yaradılır. Beşinci təkər – ASAN xidmət – geniş qanunsuzluq içində daha çox dekorasiya xarakteri daşıdığından Qarabağ qazisi Zaur Həsənov, eləcə də bir çox başqalrı özünü öldürmək yolsuzluğu ilə üzləşməli olur!
Rüşvəti, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirmək yoluyla xalqı yoxsuzluğa, yolsuzluğa sürükləmiş I.Əliyev son seçki ilə bağlı “on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərdiniz” deyə, xalqı kövrəldəcək bir söz işlətdi: “doğma xalqım”. Bunun üstündən o, xalqın ağır dolanışığını yüngülləşdirəcək addım atmaq yerinə, onsuz da oliqarx yaşayışı yaşayan MSK başçısı Məzahir Pənahovun, eləcə də başqa MSK görəvlilərinin yüksək aylığını daha da yüksəltdi. Beləliklə də o, onu saxta yolla prezident seçdirənlərin borcundan bir daha çıxdı. Bütün seçkiləri saxtalaşdıran Məzahir Pənahov başçılığındakı MSK I.Əliyev üçün ən effektli ASAN xidmət institutudur – xalqı yarıtmadan, xalqa qulluq yolu tutmadan o, Məzahir Pənahov – MSK adlı ASAN xidmətdən çox asanlıqla yararlanmaqla üç yol özünü prezident “seçdirə” bilib. Bu, “doğma xalqa” düşmən institut – MSK olduğu kimi qaldıqca əliyevçi korrupsioner-dağıdıcı siyasi sistem də qalacaq. Siyasi sistem qaldıqca ölkəni dağıdan, milli-mənəvi dəyərləri aşındıran korrupsiya da qalacaq!
Hamının bildiyini, ölkədəki monopoliya sisteminin başında I.Əliyevin durduğunu, Milli Şura lideri Cəmil Həsənli televiziya ekranından dedi. Hamının bilməyi ayrı, faktın televiziya ekranından səsləndirilməyi ayrı. Indi Bakıdan Sumqayıtadək geniş yayılmış “Bizim market”lər də I.Əliyevin kommersiya-biznes monopoliyasındandır. Tək Yeni Yasamalda iki “Bizim market” var. Bu marketlər açılandan Yeni Yasamaldakı ətdən ərzağadək bir çox satış obyektləri bir-birinin ardınca bankrot olub bağlanmaqdadır. Bəlli olduğu kimi, “Bizim market”lərdə göy-göyərti, meyvə-tərəvəz də satılır. Adamlar indi hamılıqla hara üz tutmalıdırlar? Nə bildiz? Hə, doğrudur, yerli-dibli bizim olmayan, ancaq adı bizə sırınan “Bizim market”lərə! Xoş gəlmisiz, bütün günü – tezdəndən gecə keçənədək qapılarımız üzünüzə açıqdır! Yazıq Yaqut “xala”, “bibi”, “bacı”, sən bundan belə neynəyəcəksən? Hələ mən Bakının Məmmədli köyündən olan, düzgünlüyü ilə tanınan, qonşuların dediyi kimi, halalına haram qatmayan, qatıqsatan Ədaləti demirəm. Siz hamınız gündəlik gərgin çalışmalarınızla dolanışıq dözülməzliyini yenən güclü kimsələrsiz, ancaq heydərizm polislərindən güclü deyilsiz…