Müsavat icra aparatının rəhbəri başqan olmaq istəyir?
Müsavat icra aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, partiyanın qurultayının keçirilməməsi partiyaya ziyan vurur: “Təsadüfi deyil ki, təşkilatların qurultayarası dövrü bir qayda olaraq, 4-5 ildən artıq olmur. Ancaq 8 ilə yaxındır ki, Müsavat partiyasının qurultayı keçirilmir. Bu da partiyanın çevik, dinamik fəaliyyəti üçün müəyyən nüanslar yaradır. Partiyanın müxtəlif strukturlarına seçkilər keçirilməlidir və yeni adamlar gəlməlidir. Buna görə də çalışacağıq ki, ya Bakıda, ya da Sumqayıtda 800 nəfərdən çox insanın iştirak etdiyi bir zalda qurultayımızı keçirək”- deyə Arif Hacılı bildirib.
Xatırladaq ki, Müsavat başqanı Isa Qəmbər qurultaydan sonra sədrlikdən gedəcəyinin anonsunu vermişdi və indiyə qədər də bu mövqeyində dəyişiklik olmayıb. Müsavatın qurultayı uzun müddətdir ki, yer məsələsinə görə təxirə salınırdı. Hətta qurultayın Gürcüstanda keçiriləcəyi də gündəmə gəlmişdi. Indi isə Arif Hacılı Sumqayıtda da olsa qurultayın keçirilməsində israrlı görünür. Baş verənlər belə izah edilir ki, Arif Hacılı təşkilatın rəhbərliyinə gəlmək istəyir.
Müsavatdakı mənbənin dediyinə görə, partiyanın Milli Şuradan çıxmasının əsas ideoloqlarından biri də Arif Hacılıdır. Hələ Milli Şura yaranan ərəfədə bu proses gedirmiş, sadəcə olaraq ictimai rəyin təzyiqləri qarşısında Müsavat quruma daxil olmaq qərarı verib. Indiki məqam isə növbəti fürsət kimi dəyərləndirilib və Müsavat partiyası bu “səssizlik”dən istifadə edib qurumdan ayrılıb. Çünki Əli Kərimlinin, Cəmil Həsənlinin hakimiyyətə qarşı mövqeyi sərtdir və onlarla birlikdə addımlayıb növbəti seçkidə mandat almaq mümkün olmayacaq. Mənbənin verdiyi məlumata görə, Milli Şura ilə bağlı məsələdə Arif Hacılıya yaxın olan qrup irəliyə keçib və fürsəti əldən vermək istəmirlər. Ona görə də qurultayın keçirilməsi sürətləndirilib. Əks halda müddət uzandığı təqdirdə yeni əngəllər ortaya çıxa bilər.
Səslənən fikirlərə ADP sədri Sərdar Cəlaloğlu da oxşar münasibət sərgiləyib. Sərdar Cəlaloğlu öncə bildirdi ki, Isa Qəmbərin başqanlıqdan getməsi Müsavat partiyasını zəiflədəcək. Çünki partiyalar ideologiyalara deyil, şəxsiyyətlərə bağlıdır: “Müsavatda Isa Qəmbərə alternativ ola bilən, partiyanı idarə edəcək adam görmürəm. Isa Qəmbərin başqanlıqdan getməsi üçün ciddi səbəb yoxdur. Bu sadəcə süni demokratiya görüntüsü yaratmaqdır. Təcrübə göstərir ki, partiya rəhbərliyindən gedənlər sonrakı mərhələdə heç bir uğur əldə edə bilmir, fəaliyyətləri zəifləyir”.
Ancaq Sərdar Cəlaloğlu həm də onu bildirib ki, Əli Kərimlinin hökumətə qarşı mövqeyi sərtdir və Müsavat onunla addımlayıb parlamentə düşə bilməz: “Müsavat partiyası praqmatikdir. Hakimiyyəti ələ keçirmək üçün qarşısına müəyyən vəzifələr qoyur. Ələ ala bilməsə də, əlinə keçənlə də razılaşır, bunu konstruktivlik də adlandırmaq olar. Mənə elə gəlir ki, Milli Məclisə düşmək üçün Müsavatın parlament seçkilərində siyasi mövqeyi yumşaq olacaq. Buna görə də Əli Kərimli ilə yollarını ayırırlar. Çünki onun seçki platformasında 2010-cı ildə hansı nəticələr olubsa, həmin nəticə təkrarlanacaq”.
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Milli Şuradan çıxmaq və qurultayı tezləşdirmək arasında dərin bağlılıq var.
Hikmət