Vətəndaşlarına puldan çox xoşbəxtlik verməkdə iddialı olan ölkədən reportaj
Türkiyənin ən məşhur yazarlarından sayılan Ərtoğrul Özkök (“Hürriyət” qəzeti) dünyanın ən xoşbəxt ölkəsi olan Butana səfər edib. Bu ölkə barədə bizim mətbuatda çox az məqalələr dərc olunub. Bunun təbii səbəbləri də var. ”Euronews”un məlumatına görə, ilk dəfə beynəlxalq mətbuat Butana 1974-də daxil olub. 1960-ci illərin sonuna qədər bu dövlət, ümumiyyətlə, dünyaya qapalı olub. Ə.Özkökün 6 gün boyunca müşahidə edib, qələmə aldığı maraqlı qeydləri oxucularımızla ixtisarla bölüşməyi faydalı bilirik.
***
Türkcə adı “Barışcıl Əjdahanın Ölkəsi” (Druk Yul). Mən bu ölkəyə bir həftəliyə sığındım. Hər şey bir qəzetdə oxuduğum xəbərlə başladı. Yazılmışdı ki, bir yerdə elə bir ölkə varmış ki… Orda başqa ölkələrin inkişaf göstəricisi deyə bildiyi “adambaşına düşən milli gəlir” anlayışı rədd edilirmiş.
Onun yerinə “adambaşına milli xoşbəxtlik” deyilən bir anlayış tapmışlar. Sonra “xoşbəxtliyin” nə olduğunu araşdırmağa, onun meyarların müəyyənləşdirməyə çalışmışlar.
Mən də, iqtisadiyyatı böyüdükcə insanlarının xoşbəxtliyi kiçilən bir ölkədə yaşadığım üçün maraqlandım.
Böyük bir kralın kiçik bir ölkəsi
Butan Çinlə Hindistan arasında kiçik bir ölkədir. Sahəsi 38.394 kvadrat km-dir. Hər yeri dağlarla qaplıdır. Ölkənin 66 faizi meşədir. Əhalisi 700 min civarındadır. Krallıqla idarə olunur. Xalqın 75 faizi “Lama Buddisti”, 25 faizi isə Hindistan və Nepal hindusu. Rəsmi adı “Butan Krallığı”dır. Krala hakimiyyəti atası 60 yaşı tamamlanmadan verib. Xalq atanı da, oğulu da çox sevir. Ölkənin baş naziri isə seçkiylə iqtidara gələn partiyanın sədridir.
Uca məqamda sən dik dayanmamalısan
Müəllif yazır ki, onu aeroportda əllərində lövhə tutan iki gənc qızla oğlan qarşılayır. Onlar gülümsəyərək bu qarşılamanın Kral qarşılaması olduğunu bildirirlər. Iki gün sonra müəllif bu gənc qızın kimliyini bilincə xeyli təəccüblənir. Yəqin siz də təəccüblənəcəksiniz. Qonaq 3070 metr yüksəklikdə dağın başında monasrtrda yerləşdirilir. Bu, Butanın paytaxtı Thimphu yaxınlığındakı “Talokha” monastrıdır. Burda o, buddizmə xas xüsusi qırmızı paltar geyir. Sonra içəridəkiləri incələyir. “Burda qapılar alçaqdır. Yəni başınızı və bədəniniz əyərək içəri girə-çıxa bilərsiniz. Bunun məntiqi bu olmalı: Buddanın hüzuruna gəlmisinizsə, əyilməlisiniz”.
2400 yaşlı yazılar
Monastrda ayinlərdən biri dördkünc iki taxta ayarına qoyulan müqəddəs mətnləri oxumaqdır. Onların üzəri 3 qat xüsusi örtüklə ötürlür. Mətnlər kitab kimi deyil, ayrı-ayrı vərəqlər halındaıdr. Onlar papirusa oxşar kağızlar üzərinə əllə yazılıb və 2400 ildir heç dəyişməyib.
Sadəlik, yoxsa ibtidailik?
Sonra Ə.Özkök yemək səhnəsindən yazır. Onun sözlərinə görə, mətbəxt və yeməkxana orta əsrlər səviyyəsində sadə və ibtidaidir. Yeməklər hamısı ocaqda bişirilir. Yemək süfrəsi yerdə açılır və əllə yeyilir. Bəziləri televiziyalardan gördüyümüz qaşıq əvəzi çöplərdən də istifadə edir.
Bayraqlar və rənglər
Butana ilk dəfə gələn adamın ilk diqqətini çəkən şey ağac budaqlarına, iki qaya arasında asılan rəngbərəng bayraqları olur, yazır müəllif. Bəs onların mənası nədir? Bizim pirlərlə bir oxşarlıq var bu mənzərədə. “Buddizm bağışlama və istək dinidir” yazan müəllif bildirir ki burda hər kəs bir arzu tutub hara gəldi bir əski bağlayır. Ancaq Butanda əskilərin rəngi xüsusi məna daşıyır. Məsələn, bir evdə ölü olanda onun qarşısına bir ağac basdırıb ağ əski bağlayırlar. O, küləklə yırtılıb gedənə qədər orda qalır. Beləliklə, ölümün simvolu Butanda ağ rəngdir. Kiçik rəngli bayraqlara gəlincə,
Tək və kiçik ağ bayraq: sülh və ahəngdarlığı
Mavi: uzun və sağlam həyatı
Qırmızı: Tanrı və yaradanları həyatınıza gətirir…
Şahzadənin qonaqlığında
Səfərin ikinci günü müxbirə “bu axşam şahzadə sizi çaya dəvət edir” deyəndə o çaşır. Axı biz belə bir xahiş etməmişdik. O kim?
Bəlli olur ki, qarşılamada “gənc qız deyə” təsvir edilən şəxs 52 yaşlı şahzadədir. O, hazırkı kralın bibisidir. Ə.Özkök çay süfrəsi kənarındakı söhbətlərindən bir kəlmə də yazmır. Amma şahzadə barədə verdiyi informasiyaları maraqlıdır. Kesang Wangmo adlı bu xanım mütəvazi bir evdə yaşayır. Evin soyuqluğu müxbirin diqqətindən yayınmır. O, şahzadəni Butanın ən sevilən şəxslərindən biri kimi xarakterizə edir. Bu qadının həyatı bütünlüklə xeyriyyəyə həsr edilib. Britaniya və ABŞ-da təhsil görən şahzadəyə el arasında “Cüzamlılara toxunan qadın” deyirlər. Butanda lepra xəstəliyi (cüzam) əvvəllər çox yayğın imiş, indi də var və xalq bu xəstəliyi uğursuzluq olaraq qəbul edirmiş. Kesang Wangmo isə 9 yaşından onlarla maraqlanıb və bu gün də onların qayğısındadır. Ayrıca olaraq bu şahzadə Hindistan və Myanmada QIÇS-li xəstələr üçün könüllü olaraq çalışıb, Butanda evsizlərin məskunlaşması üçün işlər görüb.
Qadınlar
Buddizm fərqli bir din olsa da onu təktanrılı dinlərə bir şey yaxınlaşdırır. Burda da dini iyerarxiyanın yüksək mərtəbəsinə qadınların çıxmaq hüququ yoxdur, yazır müəllif. Qadın monastırını görən Ə.Özkök bildirir ki, burdakı qadınların saçı oğlanlardan fəqrlənməyəcək qədər az olub. Ruhani statusları yüksəldikcə isə onlara saç uzatma haqqı verilir.
Buddanın saqqalı
Ölkənin böyük ikinci məbədgahında Buddanın əzəmətli bir heykəli ilə yanaşı onun saqqalı da saxlanılır. Ancaq Ə.Özkök bildirir ki, bu saqqalı görmək hər adama müyəssər olmur. Ancaq üç şəxs – kral, baş rahib və ora qulluq edən ruhani saqqala baxmaq imkanındadır.
Paytaxtın ölü yandırma mərkəzi
Belə bir mərkəz ölkənin parlamentinin yanındadır. O, üç bölmədən ibarətdir. Biri açıq məkandır, yəni xüsusi dəzgahın üzərində meyidlər yandırılır, ikinci bölmə modern yolla – krematorda meyit yandırılır. Üçüncü bölüm ruhanilərə aiddir. Burda foto çəkmək qadağandır. Müxbir həmin mərkəzdə onu anlayıb ki, niyə butanlılarda ölüm qorxusu yoxdur: çünki hər nə qədər olsa, yanıb kül olma torpağın altına gömülmə deyil, formasına orijinal bir qeyd edir Özkök.
“Adam başına düşən xoşbəxtlik”
Bu anlayışı indiki kral meydana gətirib. “Pulla səadət olmaz” fikirini ciddiyə alan kral və baş nazir öncə Dövlət Planlaşdırma təşkilatının adını dəyişib “Adambaşına düşən xoşbəxtlik komissiyası” edirlər, sonra isə xoşbəxtliyin kriteriyaların müəyyənləşdirilər. Bunlar aşağıdakılardır: “Ətrafın mühafizəsi, mədəniyyət, sağlamlıq, həyat standartı, psixoloji rifah, yaxşı idarəetmə”.
“Ən çox diqqətimi çəkən ”yaxşı idarəetmə” oldu. Müxbir bunun nələri əhatə elədiyini soruşanda bu cavabı alır: “Oğurluğun qarşısının alınması, cinsi ayrı-seçkiliyin önlənməsi, ədalətli və tərəfsiz məhkəmə, şəffaflıq və xalqın qərarların qəbulunda iştirakı”.
Nəqliyyat Buddaya əmanətdir
“Butanda 6 gün ərzində bunlar da diqqətimi çəkdi. Yol polisi və svetafor yoxdur. Müşahidə kameraları, təhlükəsizlik xidməti anlayışı da yoxdur. Bu boyda ölkədə cəmi bir yol polisi var, o da paytaxtda kiçik bir meydanda dayanır. ”Bəs yol hərəkəti necə tənzimlənir” heyrətinə müxbir belə soyuqqanlı cavabı alır: nəqliyyat Buddaya əmanətdir!