Rusiyanın 2015-ci ildə Avrasiya İqtisadi İttifaqının yaratmaq niyyəti qətidir
Ekspertlər Azərbaycanın Rusiya ilə Avropa arasında manevr edəcəyini deyirlər
“Şərq Tərəfdaşlığı” sammiti ilə eyni gündə Rusiya “Avrasiya iqtisadi inteqrasiyası: nailiyyətlər və problemlər” mövzusunda forum keçirilib. “Kommersant” qəzetinin yaydığı məlumata görə, Azərbaycanı parlamentin regional siyasət komitəsinin rəhbəri Arif Rəhimzadənin təmsil etdiyi tədbirdə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Avropa Ittifaqının Ukrayna və digər keçmiş sovet respublikaları ilə bağlı siyasətini tənqid edib.
O, deyib ki, gələn il Avrasiya Ittifaqı üçün həlledici olacaq. Belə ki, bu ittifaqın təsisçiləri kimi çıxış edən Rusiya, Belarus və Qazaxıstan 2015-ci il yanvarın 1-nə qədər Avrasiya Iqtisadi Ittifaqının yaradılması haqda müqaviləni imzalayıb ratifikasiya etməyə hazırlaşır. Narışkin gələn ilin Avrasiya Ittifaqı üçün həlledici olacağını və qurumun yaradılması haqda müqavilə imzalandan sonra beynəlxalq hüququn subyektinə çevriləcəyini bildirib.
Tədbirdə çıxış edən A.Rəhimzadə isə Bakının Avrasiya Ittifaqına inteqrasiyası ilə bağlı iki problem olduğunu bildirib. Onun sözlərinə görə, birinci problem həll edilməmiş Dağlıq Qarabağ münaqişəsidir. Ikincisi isə, Avrasiya Ittifaqının sanki Avropa Ittifaqına qarşı yaradılmasıdır.
Avropa Birliyinə inteqrasiyaya can atmayan Azərbaycanın Avrasiya Ittifaqı ilə bağlı bu mövqeyi nədən xəbər verir?
«Hakimiyyət həm Avropa Birliyi və Avrasiya İttifaqı ilə eyni məsafədə dayanmaq niyyətindədir»
Siyasi ekspert Sülhəddin Əkbər hesab edir ki, Arif Rəhimzadənin açıqlaması Azərbaycanın mövcud hakimiyyəti həm Avropa Birliyi, həm də Avrasiya Ittifaqı ilə eyni məsafədə dayanmaq, geopolitik seçim etməmək, əvvəlki kimi manevr imkanlarını saxlamaq niyyətində olduğunu göstərir.
«Azərbaycan bu qurumlardan heç birinə üzv olmadan məsafəni qoruyub saxlaya biləcək»
Konfliktoloq Elxan Mehdiyev də Azərbaycanın Avropa Birliyi ilə Avrasiya Ittifaqı arasında manevr edəcəyini deyir. Buna səbəb Rusiyadan fərqli olaraq Avropa Birliyinin Azərbaycana ciddi təzyiq etməməsidir.
Ekspert hesab edir ki, Azərbaycan bu qurumlardan heç birinə üzv olmadan məsafəni qoruyub saxlaya biləcək. Çünki bu məsələdə çox şey Ukraynadan asılı olacaq. Ukraynanın isə Avrasiya Ittifaqına üzv olacağı gözlənilmir.
Fizzə