Akademiya metrosunda illərdən bəri qəzet aldığım köşkə yaxınlaşdım. Köşkün qapısından qıfıl asılmışdı. Beş-altı gün qabaq burdan qəzet alanda tanış satıcıdan metroda qəzet-kitab satışına yasaq qoyulmasına necə baxdığnı soruşmuşdum. Başını bulayıb: “Çörəyimizi kəsdilər”, – demişdi. Beləcə, satıcıların da, oxucuların da ÇÖRƏYI kəsilir: birinin fiziki, birinin mənəvi çörəyi. “Ümummilli lider” Heydər Əliyev bu deməkdir. Rejim olaraq heydərizm bu deməkdir!
Kimlərsə düşük düşüncəylə “atası oğlundan yaxşı idi” deyirlər. Yalandır! Bu gün bu ölkədə baş alıb gedən antixalq siyasətlərinin başlıca ideoloq – yolgöstərəni odur. Oğlu başqa yolla deyil, onun öyrətdiyi, onun aşıladığı, onun göstərdiyi yolla gedir. Bugünkü antixalq komandası da onun özünün öz ideologiyasına uyğun olaraq formalşadırdığı komandadır. Sosial-siyasi, mənəvi-psixoloji, eləcə də fiziki TERROR yolu ilə qurulan, bu yolla ayaqda duran REJIM bu yolla da gələcəyinə qarantiya yaratmaqdadır.
Təkcə son 20 ildə görün bu ölkədə nə böyük qırğınlar olub. Qabaqca bu qırğınlar kütləvi xarakter daşıyırdı (o faktlardan biri: “OMON”çuların darmadağın edilməsi) sonra “snayper” dənləmələri gəlir: akademik Ziya Bünyadovdan ekstrasens Etibar Erkinə, jurnalist Elmar Hüseynova, general Rail Rzayevədək… uzun bir sıralama. Hamısı da açılmamış cinayətlər. Uzun illər fiziki terrorla siyasi-ideoloji, sosial-ekonomik, mənəvi-psixoloji terror yanaşı aparılıb. Təhsil, sağlamlıq sistemlərinin rüşvət-korrupsiya içində darmadağın edilməsi də, gömrük sistemində xalqı boğaza yığan özbaşınalıq fakları da, aqrar sektorun bilərəkdən gəlirsizləşdirilməsi də, dövlət hakimiyətinin rüşvət-korrupsiya axarında bütünlüklə antixalq xarakteri alması da – bunlar hamısı bacarıqsızlıqdan, gücsüzlükdən irəli gələn görsənişlər deyil, tərsinə, kökdən-başlanğıcdan gələn ANTIMILLI, ANTIXALQ ideologiyasına bağlı ayrıca bacarıq, ayrıca güc görsənişlərdir. Başlıca dayaqları, başlıca söykənəcək yerləri Azərbaycana yaxın-uzaq düşmən güclərdir.
ATƏT-in Demokratik Quruluşlar, Insan Hüquqları Bürosunun seçkidəki 58 faizlik saxtaşadırma faktı ilə bağlı açıqlamasından sonra bir sıra bəlli güclərdən yeni seçki keçirməyə çağırış yerinə… başlarına gizli-açıq qutlamalar yağmağa başladı. Beləliklə, rejim yeni – beşinci beşillik üçün istədiyi kart-blanşı aldı. 9 oktyabr seçki sürəci ilə bağlı Cəmil Həsənli başçılığında ortaya çıxan qorxusuzluq görsənişi yalnız rejimi deyil, uzun illərdən bəri rejimə arxa duran bir sıra gücləri də qorxutdu: xalq arasında geniş yayıla biləcək qorxusuzluq Azərbaycanı əldən vermək, itirmək baxımından onların hər ikisi üçün – rejim üçün də, yaxın-uzaq, böyüklü-balacalı rejim arxadaşları üçün də çox qorxuludur. Bu baxımdan xalq arasında yayılan qorxusuzluq istər-istəməz xalqa yad-yağı güclərdə qorxu doğurur. Totalitarizmə çalışmanın, rejim repressiyalarının kökündə genəl gözətim, geniş qorxu yaratma yoluyla hamını, bütün ölkəni əldə saxlama istəyi dayanır. Belə yerdə xalqın bilgisizliyi olduqca effektli rol oynaya bilir. Bu baxımdan Ilham Əliyev-Ramiz Mehdiyev-Əli Həsənov komandasının yalnız metroda deyil, bütün ölkədə qəzet-kitab yayım-satışını yasaq etməsi daha düzgün olardı.
Bəlli olduğu kimi, siyasətdə yarımçıq addımlar çox keçmədən uğursuzluq doğurur. Buna gərə də yalnız metroda deyil, bütün ölkədə qəzet-kitab yayımını yasaq etmək, hər cür qorxunun anası sayılan biliksizliyi, qaçılmaz olaraq sosial-siyasi passivliyə gətirən narkomaniyanı, fahişəliyi, seçkilərdə olduğu sayaq, bütün administrativ resursları işə salmaqla daha geniş yayamaq gərəkdir. Məncə, indiki sosial-siyasi durumda rejimin xalqı bütünlüklə, biryolluq yenməyinin ən uğurlu, ən əlverişli yolu budur. Yalnız ölkəni IŞĞAL etməklə qalmamalı, beyinləri-düşüncələri də IŞĞAL etməli!