İranla Azərbaycan arasında yaşanan gərginlik nədən qaynaqlanır?
Vəfa Quluzadə: «Iran Azərbaycanın xarici siyasətlə bağlı atdığı addımlarda onunla hesablaşmasını istəyir»
Azərbaycanla Iran arasında sərhəddə baş verən insident hələ gündəmin əsas məsələlərindən biri olaraq qalmaqdadır. Amma görünən odur ki, tərəflər arasında baş verən yalnız iqtisadi məsələlərlə bağlı deyil. Siyavuş Novruzov Milli Məclisin son iclasında Azərbaycan Xarici Işlər Nazirliyini Iran səfirliyi qarşısında iki ölkə sərhədindəki problemlərlə bağlı məsələni qaldırmağa çağırıb.
S.Novruzov bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikası (NMR) blokada vəziyyətindədir və respublikaya kömək etmək əvəzinə sərhəddə yanacaq, məhsul və digər malların keçirilməsi ilə bağlı əlavə problemlər yaradılır: “Azərbaycan-Iran parlamentlərarası əlaqələr üzrə işçi qrupun iclasında qrup iştirakçılarını bu məsələyə ciddi yanaşmağa çağırıram”.
Xatırladaq ki, Iran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən etibarən bağlamışdı. Iki gün əvvəl isə sərhəd-keçid məntəqəsində piyadaların gediş-gəlişinə icazə verilib. Iran tərəfi bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığını bildirirdi.
Baş verənlərə Iran tərəfindən də reaksiya gəlib.
“Hazırda Iranla Azərbaycan arasında sərhəd açıqdır və heç bir problem yoxdur. Yalnız Culfada yerləşən sərhəd-körpüdə məhdudiyyətlər var, bu da istifadə olunan körpünün köhnə olması ilə əlaqədardır. Məhdudiyyətin bu yaxınlarda baş verən hadisələrlə bağlılığı yoxdur. Sərhədlərin bağlanılması ilə bağlı məsələ ortaya çıxmasaydı belə, biz bu məhdudiyyətləri tətbiq edəcəkdik”.
Bunu APA-ya açıqlamasında Iranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Səfir bildirib ki, Culfa sərhədində iki körpü var, onlardan biri artıq köhnəlib: “Bu körpünün qorunması və Naxçıvan sakinlərinin xeyri üçün biz 30 tondan ağır olan yük maşınlarının körpüdən keçməsini məhdudlaşdırdıq. Biz bu yük maşınlarının körpüdən keçməsinə icazə versək, körpü tez bir zamanda zədələnəcək. Biz məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı əvvəlcədən Azərbaycan tərəfinə nota təqdim etmişdik”.
Culfa sərhəd-keçid məntəqəsində inşa olunan yeni körpü barədə danışan səfir deyib ki, körpü açılış üçün hazırdır, sadəcə iki tərəf arasında körpünün istifadəsi ilə bağlı razılaşma imzalanmalıdır.
Ekspertlərin əksəriyyəti Iranın Azərbaycana qarşı sərgilədiyi mövqeyi təsadüfi saymır. Hesab olunur ki, Iranın Azərbaycanda olan gözləntiləri özünü doğrultmadığından rəsmi Tehran Azərbaycanla hədə dilində danışmağa başlayıb. Gözləntilərdən biri isə Iranın uzun müddət Azərbaycanla viza sadələşdirilməsini gözləməsinə baxmayaraq bu istiqamətdə konkret cavab almamasıdır.
Politoloq Vəfa Quluzadənin fikrincə, Iran Azərbaycanın xarici siyasətlə bağlı atdığı addımlarda onunla hesablaşmasını istəyir. Bu üzdən də vaxtaşırı Iran Azərbaycana qarşı təzyiq rıçaqlarını işə salmağa başlayır. Azərbaycanın son zamanlar xüsusilə Israillə münasibətləri dərinləşdirməsinin Iranı narahat etdiyini deyən V.Quluzadə vurğuladı ki, Tehran narahatçılığını bu formada ifadə edir: “Bir müddət Azərbaycandan Israilə dövlət məmurları səfər etmirdi. Bu, Iranla hesablaşmağın bir forması idi. Amma artıq xeyli vaxtdır ki, Isaril ilə Azərbaycan əlaqələrində inkişaf müşahidə olunur və Azərbaycanın dövlət rəsmiləri Israilə səfərlər edirlər. Israil ilə viza rejiminin sadələşdirilməsi də Iranın ciddi narahatlığına səbəb olub”.
Bu baxımdan Azərbaycanın Avropa Birliyi ilə viza sadələşdirməsinə gedəcəyini bəyan etməsi də Iranın diqqətindən yayınmayıb. V.Quluzadə hesab edir ki, Iran Azərbaycanla sərhəddə təzyiq rıçaqlarını işə salmaqla Bakını cəzalandırdığını düşünür: “Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycanın strateji məsələsidir və Iran bilir ki, o bu münasibətlərə təsir edə bilməz. Amma hər bir halda Iran Azərbaycana nümayiş etdirməyə çalışır ki, Avropa uzaqda olsa da, o yaxındadır və əlində konkret təyziq vasitələri var”.
Xəyal