O, yenə dara düşüb və torpaq alverinə girişib
2012 ci ildə axırıncı dəfə at yarışdırdılar və sonra bir daha görüşmədilər. Söhbət Azərbaycan rəhbəri Ilham Əliyevlə Ermənistanlı həmkarı Serj Sərkisyandan gedir. Həmin ilin noyabrında Sərkisyanla Əliyevin arası dəydi və birinci dedi ki, Əliyevlə görüşməyin heç bir mənası yoxdur. Beləliklə, Qarabağın sülh yolu ilə qaytarılması məsələsi düşdü çətin sual altına. Ilham Əliyev isə bütün 2013-cü il ərzində Qarabağı geri almağın hansısa yolu barədə danışmadı. Ilin sonuna bir ay yarım qalmış Ilham Əliyev beynəlxalq missiyanın Sərkisyanla görüş təklifini qəbul etdi. Burdan isə bir neçə mühüm sual yarandı.
1.Ilham Əliyev üçün nə dəyişdi?
2.Sərkisyan üçün nə dəyişdi?
3.Belə diplomatik fəaliyyətlərdən nə gözləmək olar?
Bu suallara cavab axtarmaqla yanaşı biz həm də hər iki ölkənin beynəlxalq birliklə münasibətlərini araşdırmış və mövcud konyunkturanın əsas köklərini tapmış olacağıq. Mühüm məsələ isə odur ki, biz özünə vətənpərvər imici qazanmaq istəyən Ilham Əliyevin bir illik susqunluğunun səbəbini araşdıracağıq.
Əliyevə ciddi kruq lazımdır
Ilham Əliyevin hazırki durumu, demək olar, siyasi baxımdan koma vəziyyətidir. Onu dünyanın heç bir ciddi nüfuzlu siyasətçisi açıq təbrik etmədi. Hami Ilham Əliyevi seçim etməyə çağırdı. Bu bir qədər qüsurlu olsa da, həyatı təhlükədə olan rəqibə can sağlığı arzulamaq kimi mətnlər idi. Ilham Əliyev bu vəziyyətdən çıxmaq üçün kimlərləsə danışmalıdır, ünsiyyətdə olmalıdır. Bu ona siyasi vəziyyəti düzəltmək, komanda içindəki gərginliyi azaltmaq, ətrafındakılara “arxada qaldı” demək üçün lazımdır. Buna görə də Ilham Əliyev ən azı ABŞ, Rusiya və Fransa diplomatları ilə tez-tez görüşməlidir. Ola bilsin ki, onların hər biri ilə ayrıca görüş də olsun və hansısa birbaşa xahişi çatdırmaq imkanı əldə etsin. Bu mənada Ilham Əliyevin “Qarabağ” məsəsələsini bir daha öz maraqları naminə istifadəsi ortaya çıxır.
Sərkisyan Qərbin ətəyini buraxmır
Ermənistan prezidenri Serj Sərkisyan “Əliyevlə danışmağın mənası yoxdur” bəyanatından sonra bu görüşə niyə razılıq verdi? Sərkisyan üçün nə dəyişdi? Ötən dövrə nəzər salsaq görərik ki, Ermənistan üçün ən mühüm hadisə Rusiyanın təsir dairəsində olan Gömrük Ittifaqına üzv olmağa razılıq verməsidir. Bu qərar Cənubi Qafqaz üçün yeni bir reallıq yaratdı. Bu, Azərbaycanın AB üçün əhəmiyyətini nə qədər artırdısa, Ermənistanı da Rusiyaya o qədər yaxınlaşdırdı. Rusiyanı bürümüş faşizm dalğası isə Sərkisyanı daha pis vəziyyətə qoydu. Ermənilərlə bir yerdə yaşamaq istəməyən Kremllə necə ittifaqa girmək olar. Tarixi səhv ortaya çıxdı. Indi Sərkisyan Rusiyanın qorxusundan açıq şəkildə səhvini etiraf edə bilməsə də, bu danışıqlardan Qərblə əlaqə üçün istifadə edir. Aydın görünür ki, o yenidən geri dönüş üçün bir yol axtarır. Bu da “Qarabağ” danışıqlarının yenidən hərəkətverici amilə çevrilməsidir.
Kim nə istəmir?
Birmənalı olaraq deyə bilərik ki, Ermənistan və Azərbaycan rəhbərliyi bu görüşlərdən heç nə gözləmirlər. Yəni münaqişənin həllinə dair heç nə gözləmirlər. Sadəcə olaraq yuxarıda deiyimiz kimi hər iki rəhbərin öz siyasi taleleri ilə bağlı qorxulu vəziyyət yaranıb. Qarabağ münaqişəsi isə bu mənada yaxşı alver predmetidir. O, torpaqlar ermənilərin deyil, Azərbaycan da almaq istəmir. Ona görə də bu cür ucuz siyasi oyunlara alət olur. Diqqətli müşahidəçilərin yadındadırsa, Ilham Əliyev bir neçə dəfə çətin siyasi vəziyyətə düşəndə bu addımı atmağa cəhd etmişdi. Hələ bir dəfə işğal edilmiş rayonlarda referendum keçirilməsinə razılıq ifadə olunmuş sənədi də imzalamaq istəyirdi. Bu dəfə də Qarabağ yenidən siyasi alver predmetidir və Əliyevlə Sərkisyan öz xalqlarının qanı və çiyni üstündə alverdədirlər.
Seymur Həzi