Ali Məhkəmənin Plenumu keçmiş nazir barəsində elə qərar verdi ki…
Toğrul Babayev: «Avropa Məhkəməsinin qərarı tam icra olunmadığından Avropa Şurası Nazirlər Komitəsinə şikayət edəcəyik»
Dünən Ali Məhkəmənin Plenumunda bu ilin martında Avropa Məhkəməsinin keçmiş səhiyyə naziri Əli Insanov haqda çıxardığı qərara baxılıb. Bu barədə “Azadlıq”a Əli Insanovun vəkili Toğrul Babayev məlumat verib.
Plenumun iclasında Ali Məhkəmənin hakimi Vəfaddin Ibayev Avropa Məhkəməsinin Əli Insanov haqda qərarını məruzə edib. Ardınca Əli Insanovun vəkili Ağaveyis Şahverdi çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin çıxartdığı hökmün, həmçinin həmin hökmün qüvvədə saxlanılmasına dair Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarının ləğvini tələb edib. Vəkil tələbini əsaslandırarkən bildirib ki, Avropa Məhkəməsinin aşkarladığı pozuntulara birinci instansiya məhkəməsi zamanı yol verilib, yuxarı instansiyalar da onu aradan qaldırmayıb.
Plenumun qərarı isə fərqli olub. Əli Insanovun barəsindəki hökmün qüvvədə saxlanılmasıyla bağlı Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarları ləğv olunub. Iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin çıxartdığı hökmə isə toxunulmayıb.
Xatırladaq ki, Əli Insanov 2005-ci ilin oktyabrından həbsdədir. Sabiq nazir əvvəlcə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, sonradan bu cinayət işinə xitam verildi. Əli Insanova qarşı vəzifə cinayətləri irəli sürüldü və həmin ittihamlarla da o, Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edildi.
Toğrul Babayev hesab edir ki, Əli Insanovun həbsdən buraxılmasının qarşısını almaq üçün belə bir qərar verilib. Çünki Ali Məhkəmənin Plenumu birinci instansiya məhkəməsinin hökmünü də ləğv etsəydi, o zaman gərək Əli Insanov dərhal azadlığa buraxılaydı.
Vəkil deyir ki, Plenumun bu qərarı qanunsuzdur: “Avropa Məhkəməsi Əli Insanovun Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib. Konkret olaraq, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə işə baxılarkən baş verib. Deməli, bu məhkəmənin çıxartdığı hökm ləğv olunmalıydı.
Toğrul Babayev onu da əlavə edib ki, Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə şikayət olunacaq: “Çünki Avropa Məhkəməsinin qərarı yenə də tam icra olunmadı”.
Aytən Məmmədova