İlham Əliyev Lukaşenko ilə müqayisə olundu; “Onun legitimliyi üzrəində ciddi sual işarəsi var”
Cümə axşamı Böyük Britaniya parlamentinin binasında keçirilən “Fırıldaqçılıq, Azadlıq və qalıq yanacaqlar: Azərbaycan seçkilərdən sonra” adlı tədbirdə Azərbaycanda keçirilən prezident seçkiləri, insan haqları və enerji siyasəti müzakirə olunub.
Platform adlı QHT-nin təşkil etdiyi iclasa Britaniya millət vəkili Helen Goodman sədrlik edib, spikerlər isə İnsan Haqları Klubu təşkilatının təbliğat üzrə direktoru Rebecca Vincent, Milli Şuranın Britaniyadakı təmsilçisi Murad Həsənli və Platform-dan Emma Hughes olub.
Emma Hughes-un çıxışı layihələşdirilmiş qaz boru kəmərləri barədə olub. Onun sözlərinə görə, hakimiyyət “vətəndaşların vergilərindən asılı deyil deyə, onların bəyənməsinə ehtiyac duymur”.
Murad Həsənli MŞ namizədi Cəmil Həsənlinin seçki kampaniyasını “müsbət” kimi dəyərləndirib, amma seçki prosesində nöqsanların çox olduğunu deyib. “İlham Əliyevin legitimliyi üzərində ciddi sual işarəsi var”, o deyib.
Rebecca Vincent-in Azərbaycanda hazırda 140 siyasi məhbus olması barədə iddiasına cavab verən səfirlik nümayəndəsi deyib ki, Azərbaycanda bəzi adamların siyasi səbəblərə görə həbsdə ola bildiyini inkar etmir, amma bu adamların sayı yüzdən çox ola bilməz.
“İkili standartlar”
Spikerlərin çıxışlarından sonrakı diskussiyada bəzi iştirakçılar Britaniyanın Azərbaycanla əlaqələrindən danışıb. Global Witness təşkilatının nümayəndəsi Londonda keçirilən Olimpiya oyunlarını xatırlayaraq İlham Əliyevi Belarus prezidenti Aleksandr Lukaşenko ilə müqayisə edib.
“Səyahət qadağasına görə, Lukaşenko Olimpiya oyunlarına gələ bilməyib. İlham Əliyev isə Baş nazir David Cameron ilə çay içib, şəkil çəkdirib”, təşkilatın nümayəndəsi deyib. “Bu, Britaniyanın ikili standartlarından xəbər verir”.
Emma Hughes isə deyib ki, Azərbaycanda Britaniyanın ölkədə baş verənlər barədə “çox səssiz” olduğunu düşünürlər.
“Mən Britaniya və Azərbaycanın yaxın əlaqələrdə olduğuna məmnunam, amma biz bu əlaqələrin güclü, uzunmüddətli olmasını istəyirik. Maraqlar uzaqgörənliklə tarazlaşdırılmalıdır”, – deyə Murad Həsənli bildirib.
ARDNŞ, enerji və “çətin həqiqətlər”
Diskussiya zamanı Avropanın Azərbaycandakı enerji maraqları da müzakirə olunub. Müxalifətin enerji siyasəti barədə sualını cavablayan Murad Həsənli deyib ki, BP-ni Azərbaycana dəvət edən Əbülfəz Elçibəy olub.
Hakimiyyətə gəldiyi halda isə cənab Həsənli Milli Şuranın ARDNŞ-ni “yenidən dövlət şirkətinə çevirməyi” planlaşdırdığını deyib. Səfirlik nümayəndəsi isə ARDNŞ-nin hazırda da özəl deyil, dövlət şirkəti olduğunu vurğulayıb.
Platform-da xarici enerji siyasəti üzrə çalışan Sarah Hughes isə Qərbin enerji maraqlarına görə “bəzi çətin həqiqətlərdən üz döndərdiyini” deyib.
“Layihələşdirilmiş Avro-Xəzər Boru Kəməri kompleksi həyata keçirilsə, Avropa qaz təchizatı üçün Azərbaycan və Türkmənistan kimi qeyri-demokratik rejimlərdən asılı olacaq. Bu sazişlər həmçinin Əliyevi qeyri-demokratik hakimiyyətini möhkəmləndirmək üçün zəruri olan pul və siyasi dəstəklə təmin edir”, Platform belə hesab edir (BBC Azərbaycanca).