Köhnə kabinetdə yeni mənzərə; Səfər Əbiyevin işdən çıxarılması ilə bağlı təfərrüat
İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı oktyabrın 22-də imzaladığı sərəncamla komandada ciddi dəyişiklik etmədi. Yalnız iki nazir komandadan kənarda saxlanıldı. Lakin bununla belə köhnə-yeni tərkiblə bağlı müxtəlif mülahizələr irəli sürülür.
Artur Rəsizadə niyə dəyişmədi?
Başlayaq Artur Rəsizadənin yenidən baş naziri postuna təyin edilməsindən. Hələ seçkidən əvvəl belə məlumatlar dolaşırdı ki, Artur Rəsizadə karyerasının son günlərini yaşayır. Hətta hakimiyyət dəhlizlərində belə seçkidən sonra baş nazirin dəyişəcəyi əsas müzakirə mövzusu idi. Iqtidardaxili qruplaşmaların bu post uğrunda mübarizəsi də alovlanmışdı. Baş nazir postuna fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovun iddialı olduğu bildirilirdi. Kəmaləddin Heydərov iddiasını açıq şəkildə ortaya qoymuşdu.
Lakin “fövqəlnazir”in baş nazir təyin ediləcəyi inandırıcı görünmürdü. Çünki hakimiyyət pilləsində ikinci post sayılan baş nazir vəzifəsinə Kəmaləddin Heydərov kimi iddialı bir şəxsin gətirilməsi Ilham Əliyev üçün başaağrısına çevrilə bilərdi. Digər tərəfdən “fövqəlnazir”in rəqibləri də bu təyinatla çətin ki, razılaşardılar. Ziya Məmmədovla Oqtay Əsədova gəlincə, onlar Kəmaləddin Heydərov kimi odioz fiqur deyillər. Lakin bu şəxslərin də baş nazir təyin edilməsi iqtidar daxilində dəngəni poza bilərdi.
Vergilər naziri Fazil Məmmədov Paşayevlərin çətiri altına keçdikdən sonra belə məlumatlar yayıldı ki, məhz o baş nazir postuna hazırlanır. Son günlərə qədər Artur Rəsizadənin Fazil Məmmədovla əvəzlənəcəyi gözlənilirdi. Lakin görünür, vergilər naziri ilə bağlı plan da baş tutmayıb. Ilham Əliyev indiki həssas məqamda Artur Rəsizadəni yerində saxlamağı daha məqsədəuyğun hesab edib.
İlham Əliyevin “balans siyasəti”
Ilham Əliyev yeni tərkibin formalaşdırılması zamanı xırda dəyişikliklərlə qruplararası balansı qoruyub. Məsələn, Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsində Kəmaləddin Heydərovun maraqları nəzərə alınıb. Bu şəxs məhz “fövqəlnazir”in kadrı hesab edilir. Bununla yanaşı Kəmaləddin Heydərovun konfliktdə olduğu Ismət Abbasov kənd təsərrüfatı naziri vəzifəsində baş nazirin müavini postuna göndərilib. Onun yerinə isə “fövqəlnazir”ə yaxın olan Heydər Əsədov gətirilib. Bu şəxs eyni zamanda nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Deməli, həm də Ziya Məmmədovun maraqları təmin edilib.
Hakimiyyətââdə əsas söz sahiblərindən olan Ramiz Mehdiyev isə müdafiə naziri postuna özünə yaxın adamı təyin etdirə bilib. Bu barədə bir qədər sonra geniş danışacağıq.
Yeni tərkibdə hələki boş qalan yerlər də var:
1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi – (Məleykə Abbaszadə icra edir);
2. Dövlət Sosial Müdafiə Fondu vəzifəsi – boşdur;
3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi – (Kamran Imanov icra edir);
4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi – (Bəhram Xəlilov icra edir);
5. Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi – (Inam Kərimov icra edir);
6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (Akim Bədəlov icra edir);
7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi – (Isgəndər Çəndirli icra edir).
Burada əsas diqqət çəkən Məleykə Abbaszadənin Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına təsdiq edilməməsidir. Məleykə Abbaszadə Ramiz Mehdiyevə yaxın şəxsdir. Görünür, bu məsələdə hələki razılığa gəlmək mümkün olmayıb. Yeri gəlmişkən, TQDK-nın sədri postuna Paşayevlərin də namizədi var. Bəzi məlumatlara görə, bu Nərgiz Paşayevadır.
Səfər Əbiyev müəmması
Təbii ki, yeni tərkibdə ən diqqət çəkən məsələ Səfər Əbiyevin “vurulması” oldu. Bu məsələ ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Səfər Əbiyevin vəzifəsindən uzaqlaşdırılmasını əsgər ölümləri ilə izah edənlər var. Lakin onun məhz buna görə işdən çıxarılması inandırıcı görünmür. Hər halda Ilham Əliyev bu addımı əsgər ölümləri ilə bağlı Bakını etiraz dalğaları bürüyəndə ata bilərdi. Digər tərəfdən səbəb əsgər ölümləri idisə o zaman ordu rəhbərliyindən Səfər Əbiyevlər yanaşı bir neçə general da uzaqlaşdırılmalı idi. Məsələn, bu gün Səfər Əbiyevi ittiham edən Şəmkir korpusunun komandanı Rövşən Əkbərov. Hay-küylü əsgər ölümləri onun rəhbərlik etdiyi korpusda daha çox qeyd alınıb.
Başqa bir versiya isə Səfər Əbiyevin ABŞ-ın güdazına getməsilə bağlıdır. Belə iddialar var ki, sabiq müdafiə naziri ilə ABŞ səfirliyində baş verən qalmaqal onun vəzifədən uzaqlaşdırılmasını şərtləndirib. Yəni, Ilham Əliyev ABŞ-a jest məqsədilə bu addımı atıb. Bu versiya da ağlabatan deyil. ABŞ-a qarşı ən sensasion açıqlamanı Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev vermişdi. PA rəhbəri rəsmən ABŞ hökumətini saxtakarlıqda ittiham etmişdi. Bu məntiqlə Ilham Əliyev Səfər Əbiyevdən əvvəl Ramiz Mehdiyevi postundan uzaqlaşdırmalı idi. Əgər yaxın günlərdə bu baş verəcəksə, o zaman Səfər Əbiyevin ABŞ-a qarşı açıqlamanın qurbanı olması barədə deyilənlərlə razılaşmaq olar. Biz hələ onu demirik ki, Səfər Əbiyev Azərbaycan hakimiyyətində daha çox Qərbin adamı kimi tanınırdı.
Səfər Əbiyevin “vurulması” ilə bağlı ən inandırıcı versiya hakimiyyətin sadəcə ordunu da polisləşdirməyə cəhd etməsi barədədir. Azərbaycanda vəziyyət xeyli mürəkkəbdir. Dünya seçkinin nəticələrini qəbul etmir. Ölkədə hər an partlayış baş verə bilər. Və görünür, Ilham Əliyev bu cür həssas vaxtda Səfər Əbiyevə güvənməyib. Onun yerinə məhz Zakir Həsənovun gətirilməsi də belə deməyə əsas verir. Axı o, mitinqləri dağıtmaq təcrübəsi olan Daxili Qoşunların komandanı olub. Onun “kəşfi” Ramiz Mehdiyevin xidməti hesab edilə bilər. Seçkidən sonra mövqeləri güclənən və Qərbə hücum etməklə Ilham Əliyev üçün yenə də vacib fiqura çevrilən Ramiz Mehdiyevə ordunu nəzarətə götürmək çox lazım idi.
Vidadi