Səfər Əbiyevlə Füzuli Ələkbərov təzə təyinatlardan kənarda qaldı
Ordunun başına Ramiz Mehdiyevin adamı gətirildi; Əli Əhmədov baş nazirin müavini oldu; baş nazir isə yenə dəyişməz qaldı
İlham Əliyev dünən Artur Rəsizadənin baş nazir təyin olunması ilə bağlı Milli Məclisə təqdimat göndərib. Milli Məclis Artur Rəsizadəni bu posta təsdiqləyib. Ilham Əliyev dünən həmçinin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncam imzalayıb. Nazirlər Kabinetində xırda dəyişikliklər istisna olunmaqla köhnə komanda yerində qalıb. Dəyişikliklər isə bundan ibarətdir ki, müdafiə naziri Səfər Əbiyev postundan uzaqlaşdırılıb.
Onun yerinə daxili işlər naziri Ramil Usubovun müavini, Daxili Qoşunların komandanı Zakir Həsənov təyin edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov isə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovla əvəzlənib. Kənd təsərrüfatı naziri Ismət Abbasov baş nazirin müavini vəzifəsinə təyin edilib. Onun yerinə isə Hesablama Palatasının sədri Heydər Əsədov gətirilib. Yeni hökumətdə YAP-ın icra katibi Əli Əhmədova da yer ayrılıb. O, baş nazirin müavini vəzifəsinə təyinat alıb.
Hələ seçkidən əvvəl Artur Rəsizadənin əvəzlənəcəyi barədə məlumatlar dolaşırdı. Həmin məlumatlarda bildirilirdi ki, baş nazir postuna vergilər naziri Fazil Məmmədov təyin edilə bilər. Həmçinin bu post uğrunda fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, nəqliyyat naziri Ziya Məmmədovun mübarizə apardığı deyilirdi. Lakin görünür, Ilham Əliyev indiki həssas məqamda Artur Rəsizadənin əvəzlənməsinin qruplararası ziddiyyətlərin kəskinləşməsinə səbəb olacağını düşünüb. Ona görə də Artur Rəsizadə 78 yaşında növöbəti dəfə bu posta təyin edilib.
Dəyişikliklərə gəlincə, hakimiyyətdaxili qrupların maraqlarının nəzərə alındığı açıq-aydın sezilir. Paşayevlər komandasının iki üzvünü baş nazirin müavini təyin etdirə bilib. İsmət Abbasovu və Əli Əhmədovu.
Nəqliyyat naziri Ziya Məmmədov isə qudası Heydər Əsədovu nazir təyin etdirə bilib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yaxın adamı olan Səlim Müslümovu nazir postuna yüksəldib.
Yeni müdafiə naziri Zakir Həsənova gəlincə, o, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandasına daxildir.
Füzuli Ələkbərovun “vurulması” güman ki, Ismayıllı hadisələri ilə bağlıdır. Ismayıllı hadisələrindən sonra oranın icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra məlumat yayıldı ki, seçkidən sonra da Füzuli Ələkbərova “əlvida” deyiləcək.
Səfər Əbiyevin “vurulması” daha çox siyasi mahiyyət daşıyır. Onun Qərblə yaxınlığı barədə məlumatlar çoxdan var idi. Seçkidən sonra Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşməsi əslində hakimiyyətin Qərblə münasibətlərinin yaxşılaşdırılmasına xidmət edirdi. Lakin müdafiə naziri bu işin öhdəsindən gələ bilmədi. Qərblə münasibətləri qarşıdurma səviyyəsində olan Ilham Əliyev isə təbii olaraq Səfər Əbiyevin orduya rəhbərlik etməsini özü üçün təhlükə saymalı idi.
Onun yerinə Ramiz Mehdiyevin komandasına daxil olan şəxsin gətirilməsi isə (Zakir Həsənovun daxili işlər naziri Ramil Usubova yaxın şəxs olduğu barədə məlumatlar var. Ramil Usubovun isə adı uzun müddətdir ki, Ramiz Mehdiyevlə birgə çəkilir) seçkidən sonra PA rəhbərinin mövqelərinin güclənməsi barədə deyilənlərin əsassız olmadığını göstərir. Digər tərəfdən ABŞ-a qarşı radikal mövqedə olanların başında məhz Ramiz Mehdiyev dayanır. Onun ABŞ-la bağlı sensasiya sayıla biləcək açıqlamasının üzərindən çox müddət keçməyib.
Beləliklə, Ilham Əliyev növbəti 5 ilə də köhnə komanda ilə getməyə üstünlük verdi. Bununla da hər hansı ciddi islahatlar aparmaq niyyətində olmadığını göstərdi.
Vidadi