PA rəsmisi bunun anonsunu verdi: “Düşünürük, ora nə üçün getməliyik?”
«İlham Əliyev və komandası dünyanın onlarla əməkdaşlıq etməyəcəyini anlayır»
Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Bakının Avropa Ittifaqı ilə inteqrasiyadan imtina etdiyinə işarə vurub. AI-nin “Şərq Tərəfdaşlığı” ölkələri ilə bu yaxınlarda Vilnüsdə keçiriləcək sammiti barədə danışan Məmmədov deyib:
“Avropa Ittifaqı ilə əməkdaşlığımızın mühüm mərhələlərindən biri – Vilnüs sammiti keçirilməlidir. Indi biz düşünürük, ora nə üçün getməliyik? Bu günə qədər Avropa Azərbaycan üçün nə edib? Bu günə qədər Qərb Azərbaycan üçün nə edib?”.
Xatırladaq ki, bugünlərdə hakimiyyətə yaxın bir neçə KIV rəhbərləri və ictimaiyyət nümayəndəsi də Ilham Əliyevə müraciət edərək “Şərq Tərəfdaşlığı” proqramından imtinaya, Vilnüs sammitində iştirak etməməyə çağırmışdılar. Siyasi təhlilçilər bu çağırışın Prezident Administrasiyasından təşkil olunduğuna şübhə etmirlər. Görünür, hakimiyyət Avropa ilə əməkdaşlıqdan imtinasını ictimaiyyətin mövqeyi ilə əsaslandırmağa çalışır.
N.Məmmədovun son açıqlamasını isə artıq bu imtinanın anonsu kimi qəbul etmək olar.
AXCP Rəyasət Heyətinin üzvü, siyasi şərhçi Seymur Həzi hesab edir ki, Novruz Məmmədovun Avropa Ittifaqını ittiham edərək qurumun Vilnüsdə keçirilən samitinə Azərbaycanın qoşulmayacağını bəyan etməsi müəyyən qədər gözlənilən idi. Çünki Azərbaycan hökuməti başa düşür ki, artıq sivil dünyada heç kimlə ciddi tərəfdaşlıq etmək imkanı qalmayıb. Iqtisadi, siyasi və təhlükəsizlik istiqamətləri üzrə bütün tərəfdaşları ilə şantaj dilində danışan rəsmi Bakının siyasi dramatizmi elə bir həddə çatıb ki, Ilham Əliyev prezident elan olunandan sonra onu cəmi 21 dövlət və hökumət rəhbəri təbrik edib. Nəzərə almaq lazımdır ki, təkcə Islam Konfransı Təşkilatının 57 üzvü var. Bu, Azərbaycan hökumətinin təkcə Qərblə deyil, həm də Islam dünyası ilə ciddi problemlər içərisində olduğunun göstəricisidir.
Ekspertin sözlərinə görə, bu cür məsələlərdə guya cəmiyyətin siyasi hakimiyyəti dəstəklədiyini göstərmək üçün iqtidara yaxınlığı ilə seçilən, ictimai rəyə heç bir təsiri və aidiyyəti olmayan şəxslərin Ilham Əliyevə Avropa Ittifaqı ilə münasibətlərə dair müraciəti hakimiyyətin geniş mənada özünə qapıldığını və böhrandan çıxış yolları tapa bilmədiyini göstərir. Əgər belə olmasaydı, Avropa Birliyi kimi ciddi beynəlxalq təşkilatla münasibətləri heç kimin tanımadığı şəxslərin “mövqeyinə” uyğunlaşdırmazdı. Bütün bunlar bir daha təsdiq edir ki, Ilham Əliyev və komandası dünyanın onlarla əməkdaşlıq etməyəcəyini anlayır.
Fizzə