Hakimiyyət mandraja düşüb; Qərbi fakt qarşısında qoymaq istəyi vəziyyəti daha da ağırlaşdırır
Mərkəzi Seçki Komissiyasi (MSK) oktyabrın 9-da keçirilən prezident seçkisinin nəticələrini təsdiqlədikdən 2 gün sonra, yəni dünən Konstitusiya Məhkəməsi Ilham Əliyevi prezident elan etdi. Nə MSK, nə də Konstitusiya Məhkəməsi saxtakarlıq faktlarını araşdırmağa həvəs göstərmədi. Hər iki qurum tələsik qərar verdi.
Halbuki qanunvericiliyə görə Konstitusiya Məhkəməsi məsələyə 14 gün müddətində baxa bilərdi. Konstitusiya Məhkəməsi hətta Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin israrlı tələblərinə baxmayaraq ona çıxış imkanı yaratmadı. Məhkəmənin çıxardığı qərarın mürəkkəbi qurumamış, Ilham Əliyevin Milli Məclisdə andiçmə mərasiminin keçirildiyi bəlli oldu. Mərasimin qəfil, sönük, heç bir xarici ölkənin səfir və diplomatlarının iştirakı olmadan keçirilməsi diqqət çəkməyə bilməz. Yeri gəlmişkən, heç Milli Məclisin üzvləri bu barədə məlumatlı olmayıb. Onlar yalnız parlamentdə Ilham Əliyevi gördükdən sonra məsələnin nə yerdə olduğunu anlayıblar. Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Azər Qasımov andiçmə mərasiminin təntənəli keçirilməməsini Ilham Əliyevin təvazökarlığı ilə izah edib. Lakin bu ciddi arqument sayıla bilməz. Ən azı ona görə ki, Ilham Əliyev bundan əvvəl iki dəfə prezident olub. Hər iki andiçmə mərasimi təntənəli keçirilib. Belə çıxır ki, Ilham Əliyev 2003 və 2008-ci illərdə təvazökar deyildi. Amma 2013-cü ildə birdən-birə dəyişərək təvazökar oldu. Əslində Ilham Əliyevə indi təmtəraqlı andiçmə mərasimi lazım idi. O, çox istəyərdi ki, andiçmə mərasimində xarici ölkələrin dövlət başçıları, ikinci şəxsləri, səfirlər iştirak etsin. Lakin Ilham Əliyev yaxşı başa düşür ki, bu baş tutmayacaq. Çünki dünya total şəkildə saxtalaşdırılan seçkinin nəticələrini tanımır. Bu baxımdan hakimiyyət pərt vəziyyətdədir.
Eyni gündə Konstitusiya Məhkəməsinin Ilham Əliyevi prezident elan etməsi və onun andiçmə mərasiminin keçirilməsi seçki ilə bağlı mübahisələrin dərinləşməsinin qarşısını almaq məqsədi daşıyır. Yəni, hakimiyyət indi iddia edəcək ki, artıq seçki arxada qalıb, Konstitusiya Məhkəməsi qərar verib, Ilham Əliyev də prezident kimi and içib.
Yeri gəlmişkən, elə dünən Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun dililə Avropa Ittifaqına inteqrasiyadan imtinaya işarə vurulub. Bu da hakimiyyətin növbəti şantajıdır. Iqtidar bununla Qərbə mesaj verir ki, əgər Ilham Əliyevin prezidentliyi qəbul edilməzsə, o zaman Azərbaycan Avropaya inteqrasiya kursundan imtina yolunu tutacaq. Lakin ekspertlər hesab edir ki, bütün bunlarla hakimiyyət özünü daha da pis vəziyyətə salır. Təhlilçilərin fikrincə, nəticələrin şikayətlər nəzərə alınmadan sürətlə rəsmiləşdirilməsi və İlham Əliyevin tələsik andiçmə mərasimi keçirməsi hakimiyyətin mənimsənilməsinin etirafıdır. Hakimiyyət bununla özünü daha da çətin vəziyyətə saldı.
Azad