MTN jurnalisti ölümlə təhdid edib: «Səni o həddə çatdırarıq ki, özünü asarsan»
“Pərvizin başından qara torbanı çıxarandan sonra bir generalın otağına gətiriblər. General ona deyib ki, sənin azadlığın öz əlindədir. Pərviz də soruşub ki, azadlığım öz əlimdədirsə, bəs məni niyə bura gətirmisiniz? Deyib ki, sən Əli Kərimliyə pul aparmısan, ona görə bura gətirilmisən. Biz dediyimiz adamlar vasitəsilə ona pul çatdırdığını yaz. Bu, mətbuata çıxmayacaq, prezidentin stolunun üstünə gedəcək və sən azad olunacaqsan.
O da deyib ki, mən Əli Kərimliyə pul göndərməmişəm. Deyib, and içərsən? ”Quran”ı gətiriblər və o and içib ki, Əli Kərimliyə pul aparmayıb”. Bu sözləri jurnalist, siyasi məhbus Pərviz Həşimlinin həbsinin bir ayının tamam olması ilə əlaqədar RATI-də keçirilən mətbuat konfransında jurnalistin atası Kamran Həşimov deyib.
O, əlavə edib ki, P.Həşimli həbsdə deyil, MTN-də girovluqdadır: “Pərvizin evində axtarış aparılanda onun evindən bir həftəlik yeməyini qarşılayacaq pul çıxmayıb. Bu adam silah alveri ilə məşğul olsaydı, onun evindən milyonlar çıxardı”.
Jurnalistin atası deyib ki, oğlu MTN-də psixoloji təzyiqlərə məruz qalır. P.Həşimliyə deyilib ki, səni o həddə çatdırarıq ki, özünü asarsan.
Valideyn bildirib ki, P.Həşimli həbs olunandan sonra ailəsi maddi çətinliklər yaşayır. O, xarici təşkilatlardan xahiş etdi ki, oğlu həbsdən çıxana qədər ailəsinə kömək etsinlər.
Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, qara bazarda “Makarov” tipli tapança 200-300 manata olsa da, Pərvizin işində bu 2000 dollar göstərilib: “Bu da qiymətin şişirdilməsidir. Silahların rəqəmləri də ardıcıllıqla gəlir ki, bu da şübhələr yaradır. Qaçaqmalçılıqla gətirilən silahlar zavodla razılaşdırılmır ki, rəqəmləri ardıcıl gəlsin. Bu zavoddan rəsmi şəkildə alınan silahlardır”.
Vəkil deyib ki, jurnalistin evində axtarış aparılarkən bu barədə məhkəmə qərarı olmayıb. O, P.Həşimlinin evində və iş yerində qanunsuz axtarış aparılması ilə bağlı məhkəməyə müraciət edib: “Evdən hansı əşyalar götürülüb, bu siyahı bizə verilməyib. Pərvizin kompyüteri götürülüb ki, bu da jurnalistlərin informasiya sirrinin pozulmasıdır və konvensiyanın 10-cu maddəsəsinə ziddir”. Elçin Sadıqov jurnalistlə bağlı qeyri-rəsmi istintaq hərəkətinin aparıldığını, amma bu işin rəsmiləşdirilmədiyini bildirib: “Pərviz Həşimlinin oradan göndərdiyi məktubların heç biri ünvanına çatmır. O Ombudsman Aparatına, hüquq müdafiəçisi Elçin Behbudova məktub yazsa da heç biri bu məktubu almayıb. Ötən dəfə Ombudsman Aparatı Pərviz Həşimlinin xanımının məktubuna görə ona baş çəkdi. Halbuki ondan əvvəl jurnalist ombudsmana müraciət etmişdi. Pərviz ailəsi ilə görüşə bilmir. Qəzetlər ona çatdırılmır. Onun kamerasına yalnız ”Lider” radiosunu qoşublar. Pərviz deyir ki, bu da baş ağrısından başqa bir şey deyil”.
Vəkil əlavə edib ki, jurnalistin saxlandığı kamera və gəzinti üçün nəzərdə tutulan yer standartlara cavab vermir. Jurnalist günəşi görə bilmir.
Jurnalistin həyat yoldaşı Ilahə Rüstəmova bildirib ki, qızı hələ də evlərinə basqından sonra müalicə alır. O istəyir ki, qızının atası ilə danışığına icazə verilsin.
Jurnalist Şahvələd Çobanoğlu Azərbaycanda heç kimin can güvənliyinin olmadığını və hər an istənilən jurnalistin şərlənərək həbs oluna biləcəyini deyib. O, bütün jurnalistləri P.Həşimlinin həbsini gündəmdə saxlamağa çağırıb. Bildirib ki, təkcə məhbus ailələri yox, hər bir vətəndaş mübarizəyə qoşulmalıdır.
Pərviz Həşimli 17 sentyabrda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. 18 sentyabrda jurnalist barəsində Səbail rayon Məhkəməsi 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Sevinc Vaqifqızı